Dərc edildi: Baxış sayı: 1498
Əhməd Cavad - Sən ağlama
Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!
Uğrunda olmuş ikən sərsəri,
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!
Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə,
Bulamayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!
Bir quş idim gecə-gündüz sizləre,
Yazıq, məni güldürmədin bir kəra...
Baxıb indi alnındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!
Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözelim!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət