Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/İnsanlar qorxaq doğulmazlar

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/İnsanlar qorxaq doğulmazlar
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/İnsanlar qorxaq doğulmazlar

Üç gün sonra pirlər yenə gəldilər. Onlardan birinə üz tutub soruşdum:
- Ustad, qanunun bir maddəsində deyilir ki: "Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığa bilməz". Düzünə qalsa, mən bunu da anlamadım.
Qorxaqlıq insanın əlində olan və iradəsinə bağlı bir şey deyil ki! Qorxaqdan qorxaq da doğular! Bu bir qəbahət deyil ki, qanun ondan ötrü adamı vətəndaşlıqdan məhrum etsin!
- Qəbahətdir! İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökumətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən. Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumunu əkmiş olacaqsınız!
Bu uşaq böyüyüb həyata qarışdığı zaman atasının yumruğundan və polisin dəyənəyindən başqa özünə ağıl öyrədəcək vasitə tapmayacaqsa, doğulduğundan bu yana şəxsiyyəti qırılar, ruhu əzilər, mənliyini itirər, şərəf və ləyaqət duyğusunu unudar və hər şeydən vahimələnər, təklənib heyvan kimi hər şeydən hürkməyə başlayar. İnsanların bu halı bir cəmiyyət üçün yalnız fəlakətdir. Belə cəmiyyətdə haqlı, həqiqəti qoruyacaq kimsə tapılmaz. Bax buna görə də ta əzəldən qorxu tərbiyəsi istibdad üçün bir dayaq olub. Məktəbdə falaqqa (şagirdi döymək üçün ayrıca 
qurğu - red.), ailədə yumruq, hökumətdə şillə bu tərbiyənin əsasıdır. Məqsəd - fərdin şərəf və ləyaqət duyğusunu öldürmək, gözünü qorxutmaq, hər cür cəsarət qabiliyyətini sındırmaqdır.
Sərbəst ölkədə isə vətəndaşın şərəf və ləyaqət duyğusu, cəsarət qabiliyyəti başda gəlir. Burada istər ailə və məktəb tərbiyəsi, istərsə hakimiyyət üsulu bambaşqadır. Ailədə yumruq yerinə yanımcıllıq və anlatma, məktəbdə falaqqa yerinə aşılama və düşünüb danışma, hökumətdə dəyənək yerinə qanun və ədalət keçərli olar. Beləcə, ta uşaqlıqdan öz-özünü idarə etməyə, düşünməyə və mühakiməyə alışdırılan vətəndaşlar həyatda heç kimdən və heç nədən qorxub hürkməzlər.İşdir, ölkədə hər hansı qorxaq tapılarsa, vətəndaşlıqdan çıxarılar. Axı qorxaqlıq həm də başqalarına keçən bir xəstəlikdir. Bəzən beş-on qorxaq adam bütöv bir ordunun dağılmasına səbəb olur.
- Anladım, ustad! Düzünə qalsa, o cür ölkədə qorxaqlıq üçün bir səbəb qalmır ki, insan qorxaq olsun! İndi, mümkünsə, qanunun çalışmaq vəzifəsinə aid maddəsini izah edin. Bu maddə sapsağlam olsalar da, çalışmadan yaşamaq və sərvət toplamaq istəyənləri ölkənin xeyrinə zor gücünə çalışmağa məhkum edir. Mən həmin maddəni azadlıq anlayışına uyğunlaşdıra bilmədim. Bir halda ki vətəndaş azaddır, istəsə çalışar, istəməsə yox. Başqası buna niyə qarışır?
- İlk baxışda haqlı görünürsünüz, ancaq həqiqətə qalınca, maddəni anlamamısınız. İmkanı var ikən çalışmadan yaşamaq və sərvətə yiyələnmək həvəsi fərdlər və cəmiyyətlər üçün eyni dərəcədə fəlakətdir. Axı başqalarının kölgəsində yaşayanlar, ya da başqalarının yaxşılığı hesabına sərvət toplayanlar yaxşılıq edənlərə möhtac olur, onların arzularına, istəklərinə boyun əymək, haqlı-haqsız fikirlərinin önündə əyilmək məcburiyyətində qalırlar.
İndi səndən soruşuram: Belə insanlar azad ola bilərmi? Bunlarda şərəf və ləyaqət varmı? Üstəlik, həmin adamlar bir şey yaratmadıqlarından başqalarının yaratdıqlarını dadır və zəhmət çəkmədiklərinə görə bu nemətlərin qədrini bilmirlər. Onlar ümumi sərvətin artmasına əngəl törədir və beləcə, cəmiyyəti mənəvi və maddi baxımdan zəiflədirlər.
Həqiqətdə belə insanlar bar verən ağacların gövdəsinə sarılmış alaq otuna bənzəyirlər, ağacın suyunu onlar sorub qurudurlar! Bağçasının qiymətini bilən, yetirdiyi meyvənin ləzzətini düşünən bir bağban, sözyox, belə alaq otlarının boy atmasına, yayılmasına meydan verməz, düşməni elə kökündən çıxarıb atar! Amma sərbəst ölkə daha insani davranır. Belələrini ölkənin xeyrinə çalışdırır və bu cür davranışla azadlığı danmır, onu daha da qüvvətləndirir. Axı bu 
davranış yolunu azmış insanları şərəf və ləyaqət yoluna qaytarır!..
Bu yerdə pirlər sözlərini bitirib ayağa qalxdılar. Başqa yerə dəvətli olduqlarından bir neçə gündən sonra yenə gələcəklərini söyləyib getdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR