Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Hürriyyət və fikir ayrılığı

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Hürriyyət və fikir ayrılığı
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Hürriyyət və fikir ayrılığı

- Ustad! Sizdə fikir ayrılığı yoxdur?
- Nə qədər desən var! Azadlıq olan yerdə fikir müxtəlifliyi çox təbiidir.
- Bəs bu, ölkənin idarə olunmasını çətinləşdirmir?- Heç də yox. İdarə etmək sənəti elə fikir müxtəlifliyi olan yerlərdə özünü göstərir. Əsl hünər - sərbəst insanları idarə etməkdir. Gözləri, əli, qolu, ağzı, beyni bağlı insanları hər bir adam idarə edə bilər.
- Ustad, söylədikləriniz məni lap heyrətləndirir.
- Bilirəm, buna alışmamısan! Axı istibdad hakimiyyəti altında böyümüş insanlardansan. Susdurmaq, donuq saxlamaq, vətəndaşların ağızlarını, gözlərini, qulaqlarını, beyinlərini bağlamaq istibdadın idarəçilik sistemidir. İstibdad üsulu öz qurtuluş və varlığını bu sistemdə tapar. Ancaq sonadək uğur qazanan istibdada rast gəldinizmi?
- Yox, bu üsul hər gün yıxılmaqdadır. Tarix və millətlər azadlıq yoluna qədəm qoyublar.
- Onun səbəbi budur ki, azadlıq sevgisi insanın ayrılmaz keyfiyyətidir. Həbsxanaya salınmış bir qatil, bir oğru dustaq həyatından qurtulmağı necə istərsə, zülm altında olan bir mühit də, nə qədər biliksiz, nə qədər pozulmuş olsa da, yenə qurtuluş axtarar. İstibdad məhz bu arzunu öldürmək üçün işgəncəyə əl atır, ancaq yenə istəyi doğrulmur. Axı insan mahiyyətcə düşünən bir varlıqdır. Onun görən gözləri var, eşidən qulaqları var, fikir yürüdən başı var, duyan qəlbi var. İstibdad hansı yola əl atır - atsın, yenə bu özəllikləri insandan ala bilməz. Görən, eşidən, duyan insan öz qərarını verər. Bu hökmün sözlə ifadəsinə, açıqca deyilməsinə istibdad əngəl törədə bilər. Ancaq o zaman dilin yerinə göz və qaş, əl və ayaq, sözün yerinə mənalı işarələr və eyhamlar, açıq fikir yerinə pıçhapıç, dedi-qodu yer tutub yayılar. Bütün bunlara yeri-yurdu bilinməyən, yarı-yalan şayiələr, söyləntilər, uydurmalar qarışar. Nəhayət, dəniz dalğaları kimi qarşısıalınmaz və bu başdan o başa axan çirkab dolu, murdar bir axın təmiz havanı korlayar və öz üfunətində həm cəmiyyəti, həm də hakimiyyəti boğar! Gerçəyə baxanda, düşüncə və duyğularını açıq səsləndirməyən bir cəmiyyət hər dəqiqə öz içində boğulmaqdadır və həmin cəmiyyət günlərin birində, əlbəttə ki, partlayacaq. İdarəçiliyin amacı heç də cəmiyyəti partlatmaq deyil! Əksinə, cəmiyyəti ruhlandıran, yaşamaq sevinci və həvəsi aşılayan bir mühit hazırlamaqdır. Filan adam idarəedənlərin işlərini tənqid edirsə, qoy etsin! Daha yaxşı! Bu tənqid köklü tənqiddirsə, idarəedənlər ondan faydalanıb səhvlərini düzəldərlər. Yox, əsassız tənqiddirsə, olsun, sadəcə işlərinə yaramaz! Ancaq doğru olsun, yanlış olsun, - vətəndaşa öz ürək sözünü söyləmək imkanı mütləq verilməlidir. Bu, istər vətəndaşlar, istərsə idarəçilərin özləri üçün bir təhlükəsizlik qalxanıdır.
- Ancaq, ustad, burada incə bir nöqtə var. Bəlkə indi söylədiyiniz özəlliyə vətəndaşlar hələ yiyələnməyib, onda necə? Yaxşı bilirsiniz ki, belə hallarda ara qarışır, dövlət və ölkə üçün fəlakət ola biləcək qarışıqlıqlar baş verir.
- Doğrudan da, incə nöqtəyə toxundunuz. Ancaq bir sualım var: suya girmədən üzməyi öyrənmək olarmı? Heç söz yox, üzməyi bilməyənlərin bəziləri boğulur. Amma sonda hamı üzməyi öyrənir!
- Ancaq suya ilk dəfə girən hər bir adam eyni təhlükə ilə üzləşmir?
- Bəli, üzləşir. Bax, məsələ də bundadır ki, idarəçilərin hünəri özünü göstərir. Adamları boğdurmamaq üçün çox üsullar var: kəndir sallayırsan, nərdivan qurursan, üzgü vasitələri verirsən və s.
- Ustad, xahiş edirəm, daha açıq anladın.
- Lap yaxşı!..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR