Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
Oxu.Az-ın məlumatına görə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.
2019-cu il üçün isə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.
2020-ci il üçün ehtiyac meyarının həddi də məlum olub.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub.
2019-cu ildə isə bu rəqəm 143 manat məbləğində idi.
Qeyd edək ki, sənədlərə Milli Məclisdə 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı baxılacaq.
“Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Ehtiyac meyarı isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət