"Əgər İran İsraildə səfirlik açmağımızı qınayırsa, bəs özü niyə Ermənistanda səfirlik açıb?" - Deputat
"İran özü-özlüyündə Azərbaycanla qonşuluq ənənəsini bir çox məsələlərdə tapdalıyır".
Ens.Az-ın məlumatına əsasən,bunu Redaktor.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə İran parlamentinin aprelin 5-də qəbul etdiyi anti-Azərbaycan bəyanatına münasibət bildirərkən dedi.
"30 ildə torpaqlarımız erməni işğalçılarının tapdağında qalan dönəmdə bizə etdiyi təzyiqlər, 44 günlük müharibədə torpaqlarımızı azad edəndən sonra erməni təcavükarlarla birləşib Qafanda konsulluq açılması və orada geniş şəkildə tədbir keçirilməsi, Azərbaycanın torpaqlarının sərhədinin dəyişdirilməsini özünə qırmızı xətt kimi qəbul olunması özü-özlüyündə həm İslama, həm dövlətə, həm qonşuluğa yaraşmayan məsələdir.
Görəsən, İran İsraildə səfirlik açmağımızı niyə qınayır, niyə onun xoşuna gəlmir? 30 il müddətinə İsrail həmişə bizimlə dostluq edib, torpaqlarımız işğalda olan dönəmdə bizi dəstəkləyən olub. Bunların hər birinə baxmayaraq, istər ulu öndər Heydər Əliyevin dönəmində, istərsə də İlham Əliyev cənablarının dönəmində biz orada səfirlik açmamışdıq. Səfirliyin açılması onsuz da son zamanlar İsraillə həm ticari, həm sənaye, həm hərbi sahədə möhkənmlənən əlaqələrimizə böyük dəstək olacaq, həm də gediş-gəlişimiz asanlaşacaq. Əlbəttə, burada bir məsələ budur ki, İsrail İranın torpaqlarını 30 il işğalda saxlamayıb, İsrail İran xalqının bir milyonunu qaçqın eləməyib, İsrail Xocalı soyqırımı kimi cinayəti İranda etməyib, İsrail 30 il müddətinə bütün dünyaya Azərbaycan həqiqətlərini dəstəkləməməyə çağırmayıb. Yəni İranda bu şəraiti yaratmayıb. Əgər İran Azərbaycanın İsraildə səfirlik açmasını qınayırsa, bəs özü əhalisinin böyük əksəriyyəti müsəlman, şiə olan Azərbaycana qarşı təcavüz etmiş, soyqırım törətmiş bir ölkədə - Ermənistanda niyə səfirlik açıb, niyə onlarla dostluq edib? İranın bu hərəkətləri İslama zərbədir ki, bunu da İran etdi" - deyə deputat bildirdi.
C.Paşazadə qeyd etdi ki, Azərbaycanın dostları artıb:
"Onlardan biri də İsraildir və İsrail kimi dost ölkələr daha da genişlənir. Çünki Azərbaycan dünyəvi bir ölkədir. Bizim Ali Baş Komandanımız İlham Əliyevin dünyada apardığı geniş davamlı siyasəti dost ölkələr dəstəkləyir. Təbii ki, bu belə də davam edəcək".
Qeyd edək ki, aprelin 5-də İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət