Slimfit
  1. AZƏRBAYCAN

“Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi” — Heydər Əliyevin xatirələrindən

“Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi” — Heydər Əliyevin xatirələrindən
Sakura

“Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi” — Heydər Əliyevin xatirələrindən

1941-ci ilin 22 iyun tarixində Böyük Vətən Müharibəsi başladı.

 “Ölkə.Az” xəbər verir ki, 1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 640 min nəfər səfərbər edilib cəbhəyə göndərilib. Onların 300 mindən çoxu qələbə uğrunda canından keçib. 130 nəfər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunub. 170 min nəfər Azərbaycan əsgər və zabiti orden və medallar alıb.

Xalqımızın müharibədə iştirakı təkcə igid oğullarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özü də bir cəbhəyə çevrilmişdi – arxa cəbhəyə. Bu cəbhə o zaman İttifaqda birləşən bütün xalqların vətən dediyi ölkəyə düşmənə qarşı mübarizəsində, döyüşündə, qələbə qazanmasında sözün əsl mənasında arxa-dayaq olmuşdu.

Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbələri qazanırdı. Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi.

Marşal Georgi Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, vətənimizin müdafiəsinə, düşmən üzərində qələbəyə kifayət qədər yüksək keyfiyyətli yanacaq veriblər. Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.

Faşistlərin bu məqsədə çatmaq üçün apardıqları gərgin mübarizədən bəhs edərək “Krasnaya zvezda” qəzeti 26 sentyabr 1942-ci il tarixli nömrəsində yazırdı:

 “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdi. Vətənin taleyi, milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır”.

Qafqazın işğalı üçün tərtib edilmiş planının (Edelveys planı) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib onun neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 1941-ci il iyulun 16-da Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.

40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq - neft bazası olan Bakının rolu xeyli artmışdı. Belə ki, müharibə illərində Bakı ölkə neftinin 70- 75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda “Katyuşa” raketi, “Şpakin” pulemyotu istehsal edilirdi. “Yak-3” qırıcı təyyarələri yığılırdı. Burada 130- dan çox silah və onların hissələri hazırlanırdı. 

Marşal Andrey Qreçko yazmışdı: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi”.

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Təsadüfi deyil ki, azərbaycanlı alim SSRİ Dövlət mükafatı aldı və onun adı döyüş maşınları və mühərrikləri icad edən İlyuşinlə, Yakovlevlə, Lavoçkinlə, Mikulinlə yanaşı çəkildi.

Marşal Konstantin Rokossovski demişdi: “Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan xalqının müharibə illərindəki fədakarlığından danışarkən ümummilli lider Heydər Əliyev demişdi: 

“Bugünkü və gələcək tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər”.
O illərdə Azərbaycan neftçiləri çətin şəraitdə işləyirdilər. Bununla belə, neft hasilatını əvvəlki illərə nisbətən qat-qat artırmağa nail olmuşdular. Müharibənin təkcə birinci ilində Bakı ölkəyə 23,5 milyon ton neft və 2,6 milyon kubmetr təbii qaz vermişdi. Bakı mədənlərində o vaxtadək belə göstəricilərə nail olunmamışdı.

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər.
Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdi və indi rəsmi bayramlar sırasında qeyd olunur. İstər bayram günündə, istərsə digər vaxtlarda faşizm üzərində qələbə üçün Azərbaycan neftçilərinin verdiyitöhfə daim yada salınır.
Bakı nefti olmadan 1941-1945-ci illər müharibəsində SSRİ faşizmə qalib gələ birlərdimi? Cavab bütün dünyaya aydındır. Bu sualı dünyanın görkəmli şəxsiyyətləri öz güclü məntiqlərinin süzgəcindən keçirərək, demək olar ki, eyni cür cavablandırıblar.

Məsələn, uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Ulu Öndər 2003-cü il fevralın 25-də “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda Vaşinqtonda keçirilən beynəlxalq konfransdakı nitqində demişdi: 
“Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə və Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Digər bir çıxışında isə Ulu Öndər deyib: “Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR