Efirdə rus dilində verilişin yayımlanması qanuna zid deyilmi? – MTRŞ-dan AÇIQLAMA
İctimai Televiziyada efirə gedən “Что? Где? Когда?” adlı intellektual veriliş rus dilində yayımlanır. Verilişin Azərbaycan dilinə olan tərcüməsi isə tamaşaçılara subtitr vasitəsilə təqdim olunur. Bir neçə il öncə Azərbaycan teleməkanında tamaşaçılara subtitr vasitəsilə Türkiyə serialları da təqdim olunurdu. Sonra Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qərarı ilə həmin seriallar efirlərdən çıxarıldı. Bəs necə olur ki, İTV-nin efirində rus dilində olan bir veriliş subtitr vasitəsilə hələ də efirə gedir?
MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, sözügedən serialların efirdən qaldırılmasının səbəbi dil məsələsi deyildi: “Xarici serialların efirdən qaldırılmasının səbəbi dil məsələsi deyildi. Azərbaycanda serial təsərrüfatının inkişafının yolunu açmaq üçün ölkədə nəinki türk, rus dillərində, ümumiyyətlə xarici serialların yayımı dayandırılıb”.
O bildirdi ki, ölkədə dövlət dilinin istifadəsinin tam təmin olunması ilə bağlı bir neçə il öncə MTRŞ-nın qəbul etdiyi qanunun isə müəyyən istisnaları var: ““Что? Где? Когда?” adlı veriliş isə intellektual verilişdir. Ölkədə dövlət dilinin istifadəsinin tam təmin olunması ilə bağlı bir neçə il öncə verilən qərarda intellektual verilişlər üçün müəyyən istisnalar var idi. İctimai Televiziyada efirə gedən həmin veriliş də bu qaydaya əsasən yayımlanır. Amma yenə də bu qanunda subtitrla tərcümənin verilməsi qeyd olunub. Bu qanunla intellektual verilişlərə, bəzi xüsusi xəbər buraxılışlarına, müddəti 30 dəqiqədən artıq olmayan tədris proqramlarına istisnalar müəyyənləşdirilib. Yəni belə hallar qanun pozuntusu deyil və bizim nəzarətimizdədir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət