Efiopiya 4G şəbəkəsini istifadəyə verməyə hazırlaşır
Efiopiyanın “Ethio Telecom” dövlət şirkəti paytaxt Əddis-Əbəbədə və ölkənin digər rayonlarında 4G şəbəkəsini işə salmağı və digər şəbəkə xidmətlərini modernləşdirməyi planlaşdırır.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, Efiopiya hökuməti telekommunikasiya sektorunu özəl xarici sərmayələr üçün açacağını bəyan edib. 2019-cu ilin iyulunda Efiopiyada iki beynəlxalq mobil şirkətə lisenziya veriləcək və bu da ölkənin ən iri və qapalı telekommunikasiya bazarını açması istiqamətində addımı olacaq. “Ethio Telecom” şirkətinin məlumatında bildirilir ki, bu sahənin liberallaşması ilə bağlı şirkətin müasir tələblərə uyğun istiqamətdə inkişafı məqsədilə üç illik strateji plan hazırlanır.
Qeyd olunur ki, telekommunikasiya şirkəti 2020-ci ilin iyul ayına kimi istifadəçilərin ümumi sayının 50,46 milyonadək artacağını nəzərdə tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət