Ədliyyə Nazirliyi: "Məhkum və həbs olunmuş şəxslərin hüquqlarının qorunması diqqət mərkəzindədir"
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhbusların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, islahatlar aparılır və geniş ictimai iştirakçılıq tətbiq olunur.
Qlobal COVİD-19 infeksiyasına qarşı dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirərək, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunmasına ciddi nəzarətdə saxlanılmaqla, onların gündəlik termometriyası həyata keçirilir.
Ens.az xəbər verir ki,Ədliyyə Nazirliyi Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub. Virusun göstəricilləri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar.
Qeyd olunmalıdır ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir.
Bu sahədə vəziyyət həmçinin, nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir və ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib.
Pandemiya ilə əlaqədar müvəqqəti dayandırılmış məhkumlara sovqat və banderolların ötürülməsi ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində bərpa olunub. Həmçinin respublikada infeksiyanın yayılmasının getdikcə azalması nəticəsində karantin qaydalarının növbəti dəfə yumşaldılması nəzərə alınaraq sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara qısa müddətli görüşlərin verilməsi qərara alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub. Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılmışdır.
Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib.
Eyni zamanda, məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayan cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda tətbiqi daha da intensivləşib, bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nazirliyin vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunduğu Komissiyası tərəfindən videokonfrans vasitəsilə virtual qaydada mütəmadi iclaslar keçirərək məhkumlarla söhbətlər aparılıb, şəxsi işləri öyrənilib və qanunvericiliyin tələblərinə cavab verən məhkumlar barədə materiallar məhkəmələrə təqdim olunub.
Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında Cinayət Prosessual Məcəlləsində edilmiş dəyişikiliklərlə artıq cinayət işlərində videokonfransın keçirilməsi bu humanist institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.
Belə ki, 15.07.2020-ci il tarixdən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Nazirlik tərəfindən dərhal zəruri tədbirlər görülərək cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.
Artıq bu günədək məhkəmələr tərəfindən videokonfrans vasitəsilə 400-ə yaxın, o cümlədən nazirliyin Komissiyasının rəyləri nəzərə alınmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı göndərdiyi təqdimatlara, habelə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqinə dair işlərə baxılıb.
Bu humanist institutların davamlı tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib ki, onların da 80%-ə yaxını, yəni 1.333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir. Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Bununla yanaşı, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib , 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.
COVİD-19 qlobal pandemiyası şəraitində məhkum və həbs olunmuş şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı görülən tədbirlər onların ailələri və yaxınları tərəfindən minnətdarlıqla qarşılanır.
Ədliyyə Nazirliyi tərəfindən məhkumlarının hüquqlarının qorunması üzrə, o cümlədən indki pandemiya şəraitində tədbirlər davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət