Əbülfəs Qarayev Britaniyada sənəd imzaladı
Böyük Britaniyada səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev “British Council”ın rəhbəri Kristofer Rodriges ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.
Axar.az xəbər verir ki, görüş zamanı Azərbaycan və “British Council” arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Əbülfəs Qarayev “British Council”la uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əlaqələrin daha da dərinləşdiyini qeyd edib. Nazir xüsusilə 2018-ci ildən etibarən Mədəniyyət Nazirliyinin “British Council”la ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürdüyünü və “British Council” tərəfindən bu təkliflərin dəstəkləndiyini bildirib. Artıq Mədəniyyət Nazirliyinin “British Council”la əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkəmizdə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanıb və hazırda Yol Xəritəsi layihəsi üzərində iş aparılır.
Bununla yanaşı “British Council”la fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək edib.
“British Council”ın rəhbəri Kristofer Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd edib və bildirib ki, “British Council”ın bir çox ölkələrlə həyata keçirdiyi layihələr mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir.
Əbülfəs Qarayev öz növbəsində Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Həmçinin nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək Forumda “British Council”ın rəhbərliyini görməkdən məmnun olacağını qeyd edib.
Görüşün sonunda Mədəniyyət Nazirliyi ilə “British Council” arasında Niyyət Sazişi imzalanıb. Bu saziş Azərbaycanla “British Council” arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcək.
Görüşün sonunda Ə.Qarayev “British Council”ın rəhbərinə öz təşəkkürünü bildirərək onu may ayında Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət