Duzdağda yeni şaxta istifadəyə veriləcək
Dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib ki, ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilib, laboratoriya analizləri aparılıb və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı vardır. Yeni açılan şaxtada texnoloji rejimə nəzarət ediləcək, havalandırma sistemi qurulacaq, müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkiləcəkdir.
Naxçıvan duzunun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulacaqdır. Müasir avadanlıqlarla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Yeni duz şaxtasının açılması muxtar respublikanın həyatında əlamətdar hadisədir. Çünki tarixən Naxçıvan duzuna böyük tələbat olmuş, dünyanın müxtəlif ölkələrinə göndərilmiş, tədavül vasitəsi kimi istifadə edilmişdir. Naxçıvan Xanlığı dövründə Duzdağda açıq üsulla duz çıxarılmışdır. Sənaye üsulu ilə duzun istehsalına XX əsrin əvvəllərində başlanılmışdır. Sovetlər Birliyi dövründə Duzdağda açılmış şaxtaların birinin istismar müddəti başa çatmış, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılmışdır. Tələbatın artması yeni duz şaxtasının açılmasını zərurətə çevirmişdir.
Ali Məclisin Sədri deyib: Duz Naxçıvanın brendidir. Yeni şaxtanın açılması bu baxımdan çox əhəmiyyətlidir. Şaxta ilə yanaşı, ərazidə yeni duz istehsalı müəssisəsi də qurulacaq, Naxçıvan duzu daha keyfiyyətli formada istehsal ediləcəkdir. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri çoxdur. Bu gün qarşıda duran əsas vəzifə bu sərvətlərdən səmərəli istifadə etməkdir. Hazırda Darıdağ arsenli su müalicə mərkəzi və yeni Badamlı Mineral Sular Zavodu tikilir. Bu gün isə duz şaxtasının təməli qoyulur. Bütün bunlar muxtar respublikanın inkişafına xidmət edir. Yeni şaxtada işlər yerli şirkət tərəfindən həyata keçiriləcək, yüzlərlə iş yeri açılacaq, süfrələrimizin bəzəyi olan Naxçıvan duzunun şöhrəti qorunub saxlanılacaqdır.
Ali Məclisin Sədri əlamətdar hadisə münasibətilə muxtar respublika əhalisini təbrik edib.
İqtisadiyyat naziri Tapdıq Əliyev yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri Duzdağ ərazisinin xəritələşdirilməsi, istismar olunmayan şaxtaların Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi, təhlükəsizlik tədbirlərinə diqqət yetirilməsi, yeni şaxtada aşkar olunacaq elmi və mədəni əhəmiyyətə malik süxurların Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə təqdim olunması, eləcə də ərazidə gil istehsalı müəssisəsinin də yaradılması barədə tapşırıqlar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət