Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Düz bağırsaq çatları: əlamətləri və müalicə yolları

Düz bağırsaq çatları: əlamətləri və müalicə yolları
Sakura

Düz bağırsaq çatları: əlamətləri və müalicə yolları

Gencaile..az ailə həkimi Əsəd Həsənovun məqaləsini təqdim edir. Yazı düz bağırsaq çatları, onların yaranma səbəbi, əlamətləri və müalicə üsulları haqqındadır.

Babasil və kolitdən sonra düz bağırsaq çatları bağırsaq xəstəlikləri arasında 3-cü yeri tutur.
Bağırsaq çatları anal dəliyin selikli qişasının yarıqlarıdır. Bu yarığın uzunluğu 1,5-2 sm ola bilər.
Bir çox hallarda çat daxili babasillə birlikdə meydana çıxır. Bağırsaq çatları qadınlarda kişilərlə müqayisədə daha tez-tez qeyd olunur.
Xəstəliyin əsas səbəbi xroniki qəbizlikdir. Bu zaman bərkimiş nəcis kütləsi düz bağırsağı zədələyir və çat əmələ gəlir. Lakin çat xroniki ishallar nəticəsində də yarana bilər. Məsələ burasındadır ki, təkrarlanan ishalın nəticəsində düz bağırsağın selikli qişası ödemləşir və iltihablaşır ki, bu da çatların əmələ gəlməsinə gətirib çıxarır.
Bundan əlavə mexaniki travmalar və həzm sisteminin istənilən hissəsində olan iltihab çatların əmələ gəlməsinə səbəb ola bilər.

Uşaqlarda çatlar bir çox hallarda helmintozun (qurdlar) nəticəsində əmələ gəlir. Bağırsaqlarda qurdların olması ödemə və iltihaba səbəb olur. Qurdların yumurtaları kəskin qaşınmaya səbəb olur və uşaq anal dəliyin sahəsini tez-tez qaşıyır. Bu isə selikli qişanın zədələnməsinə səbəb olur.

Digər səbəblər arasında:
– çanaq əzələlərinin zəifləməsi
– doğuş travmaları
– böyük fiziki yükləmələr
– mədə-bağırsaq sisteminin xroniki patologiyaları
– işlədici dərmanlardan tez-tez istifadə edilməsi.
Çatın əsas simptomu ağrılardır. Ağrılar defekasiya zamanı güclənir, babasil zamanı olan ağrılara bənzəyir, lakin daha güclü, kəskin və uzun müddətli olurlar. Digər simptom – qanaxmalardır. Babasil xəstəliyi ilə müqayisədə qanaxma daha az olur (nəcis kütləsinin və tualet kağızın üzərində qan ləkələri). Düz bağırsaqda qaşınmanın olması da çatın əlamətidir.
Düz bağırsaqda çatı olan uşaqlar defekasiya zamanı ağlayır, güvəcə getməkdən çəkinir, özlərini sıxırlar. Bu isə qəbizliyin daha da güclənməsinə səbəb olur. Bu, çox təhlükəlidir. Uşağınızda bağırsaq çatının ilk əlamətlərini müşahidə etdikdə, dərhal həkimə müraciət edin!
Xəstəliyin diaqnostikası və müalicəsi ilə proktoloq məşğul olur.
Müalicə zamanı qəbizliyi aradan qaldırmaq üçün xəstəyə xüsusi pəhriz təyin olunur (əsasən bitki mənşəli və süd məhsulları). Duzlu, istiotlu, qızarmış qidalar, un məmulatları rasiondan çıxarılır.
Kök, çuğundur, yaşıl almalar, qara qavalı və ərik quruları, balqabaq bağırsaqların fəaliyyətinə müsbət təsir edir. Hər axşam yatmazdan əvvəl 1 stəkan kefir için, səhər isə zeytun və ya digər bitki yağı əlavə olunmuş salat yeyin. Bu sadə vasitələr xroniki qəbizlikdən xilas olmağa kömək edəcək.
Xəstələrə laktuloza əsaslı (prelaksan, dufalak, laktusan) preparatlar və probiotiklər (lineks, laktobakterin) təyin olunur. Qəbizliklə mübarizədə balıq yağı da yaxşı kömək edir.
Lazım olduqda yüngül işlədici dərmanlar və zəif antiseptik məhlulla imalələr təyin oluna bilər.
Ağrıları aradan götürmək üçün ilıq vannalar və mikroimalələrdən istifadə olunur. İltihabı götürmək məqsədi ilə çaytikanı şamları, metilurasil və benzokain ilə olan şamlar istifadə olunur. Yaranı sağaltmaq və defekasiya aktını asanlaşdırmaq üçün qliserin şamları təyin edilir.
Bir çox hallarda çatın səbəbi mədə-bağırsaq sistemi orqanlarının xəstəlikləri olur. Bu səbəbdən çatın müalicəsi ilə yanaşı əsas patologiyanın müalicəsi də çox vacibdir. Əks halda müalicə nəticəsində bağlanmış çat təkrar əmələ gələ bilər.

Xalq təbabəti bağırsaq çatları zamanı bu kimi vasitələr təqdim edir (istifadədən əvvəl müalicə həkiminizlə məsləhətləşin!):
– Arı mumu (150 qr) əridilir, ora 1 xörək qaşığı çobanyastığı və 1 xörək qaşığı bağayarpağı əlavə olunur və yaxşı qarışdırılır. Sonra mum şam formalarına salınır və soyuducuda dondurulur. Hər axşam 1 şam arxa dəliyə qoyulur.
– Hər otdan 1 xörək qaşığı olmaqla çobanyastığı, dazı otu və kalendula götürülür və qarışdırılır. Üzərinə 1/2 stəkan qaynar zeytun yağı əlavə olunur, soyudulur və soyuducuya qoyulur. Bu məlhəmi anal dəliyə çəkmək lazımdır.
Adətən konservativ (dərmanların köməyi ilə aparılan) müalicə yaxşı təsir edir. Lakin bəzən müalicə effekt vermir və həkim cərrahi üsulları tətbiq etməli olur. Hazırda aztravmatik üsullardan istifadə edilir: kriodestruksiya (maye azotla müalicə) və lazer koaqulyasiyası. Bu üsullar ümumi anesteziya (narkoz) və xəstənin stasionar şəraitdə qalmasını tələb etmir. Bu gün üçün lazerlə fotokoaqulyasiya “Qızıl sdandart” sayılır.  Bu üsuı çapıqsız, izsiz, ertəsi gündən işə davam etmək imkanı verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR