Slimfit
  1. AZƏRBAYCANLI

Dünyanın ən gənc azərbaycanlı xanım dirijoru: “Gələcəkdə Azərbaycanda işləmək istəyərdim...”

Dünyanın ən gənc azərbaycanlı xanım dirijoru: “Gələcəkdə Azərbaycanda işləmək istəyərdim...”
Sakura

Dünyanın ən gənc azərbaycanlı xanım dirijoru: “Gələcəkdə Azərbaycanda işləmək istəyərdim...”

Turan Manafzadə: “İnsanın ruhu azaddırsa, hər peşədə uğurlu ola bilər"

Faktor.az-ın müsahibi pianoçu, bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti 27 yaşlı Turan Manafzadədir. O, 2000-ci ildən ailəsi ilə birgə İstanbulda yaşayır. Burada musiqi təhsilini davam etdirir.

 - Musiqiylə nə vaxtdan məşğul olmağa başlamısız?

- 6 yaşımda musiqi məktəbinə getməyə başladım. Evdəki hər kəs musiqiçi olduğu üçün musiqiyə öncədən alışqın idim. Hətta, başqa peşədən olmayan qohumlarım da musiqi alətində ifa edə bilir. Anam piano müəllimidir. Atam məşhur pianoçu İslam Manafov Azərbaycanın əməkdar artisti, dünyada Azərbaycanı tanıdan musiqiçilərdəndir.

- Pianoçu, dirijor, bəstəkar... Öz bəstələrinizi həm də ifa edirsiniz. Hansında özünüzü daha uğurlu sayırsız? Əsas istiqamətiniz hansıdır?

- Bu üç peşədə də özümü çox yaxşı hiss edirəm. Dirijorluq, piano, bəstəkarlıq mənim təhsilini aldığım peşələrdir. Bundan əlavə, vokal təhsilim olmasa da, öz bəstələrimi ifa edirəm. Bu sahədə də insanlar məni uğurlu görür, heyranlarım var. Məncə, insan ruhunu azad hiss etdiyi təqdirdə bütün işləri rahat görə bilər. Xüsusilə də, bəstəkarlıq mənim üçün önəmlidir. Öz bəstələrini yaratmaq,bunu dünyaya, sonrakı nəsillərə ötürmək, dünyadan gedəndə bəstələrinin dinlənilməsi çox dəyərli bir şeydir. Fikrimcə, yeni bəstəkarlara şans tanınmalı, dəstək olunmalıdır.

- Türk dünyasında azsaylı qadın dirijorlardansız. Nə kimi özəllikləri var bu peşənin? Nəyə görə daha çox kişi dirijorlara rast gəlinir?

- Azərbaycanı dünyada tanıdan bir qadın dirijor yoxdur. Dünyada isə 20-25 qadın dirijor ancaq olar. Bu peşənin özəlliyi odur ki, insan gərək dirijor xarakteriylə dünyaya gəlsin. Öncəliklə liderlik, idarəçilik qabiliyyəti olmalıdır. Bundan sonra təhsillə tamamlanmalıdır. Dirijorun öncədən pianoçu olması onun iki əlini də rahat idarə etməsinə kömək olur. Eyni zamanda, mən təhsil aldığım müddətdə 3 il simli, 3 il də nəfəsli alət çalmışam ki, digər alətləri də tanıyım. Dirijor orkestri hiss etməlidir.

Cəmiyyətdə belə stereotiplər var ki, bəzi peşələr ancaq kişilərə xasdır. Kişilər toplum içində daha rahat hərəkət edə bilər, xanımlar zərifdir, hər xırda şeydən inciyə bilərlər. Məncə, bunlar yanlış fikirlərdir. Bu elə bir şeydir ki, siz qarşınızdakı insanlara necə davransanız, insanlar da sizə o cür reaksiya verəcək.

- Bu günədək dünyanın bir çox ölkələrində beynəlxalq tədbirlərdə, konsertlərdə çıxış etmisiz. Bu səfərlərdən hansı sizin üçün daha yadda qalan olub?

- Doğrudur, dünyanın bir çox yerlərində çıxış etmişik, ailəvi konsertlər vermişik. Eyni pianoda da ifa etdiyimiz olub - atam,qardaşım, mən. Hər konsertdə çox maraqlı şeylər yaşanır. Hər millətin özünə xas davranışları, hər ölkənin öz xüsusiyyətləri... Yola çıxmaqdan başlamış, səfərlərin sonuna qədər bir çox gözəl hekayələr yaşamışam. Gələcəkdə günlük tutub səfər təəsüratlarımı, hekayələrimi yazmağı düşünürəm.

- Qardaşınız da musiqiçidir. Ortaq layihələriniz olurmu?

- Qardaşım Abuzərlə məktəbə, universitətə bərabər getmişik. İkinci universitetə, dirijorluq təhsilinə da birgə başladıq. Ancaq qardaşım iki ildən sonra Vyanaya köçdü. Dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluğu qazandı. O, bu universitetdə dirijorluğa qəbul olan ilk azərbaycanlıdır. Bundan əlavə, Lints şəhərinin Anton Brukner Universitetində piano ixtisası üzrə magistratura təhsili alır. Dünyada ilk dəfə onun tərəfindən Balaban və Simfonik Orkestr üçün hazırlanmış konsert 2018-ci ilin noyabrında ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində gerçəkləşib.

Bərabər bir çox layihələrimiz çox olur. Çünki musiqi duyumumuz oxşardır, bir-birimizə kömək edə, anlaya bilirik. Konsertlərdə solo ifayla yanaşı, dörd əllə- bərabər ifalar da edirik. Dekabr ayında Vyana şəhərində "Vyana Yeni İl Konserti” Beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin konsert proqramında da dirijorluq etmişik.

- Azərbaycan diasporunun inkişafında nə kimi rolunuz var?

- Bizim ailədə hər birimiz özümüzü fərd olaraq diaspora kimi düşünmüşük. Dünyanın hansı hissəsinə getsək də, musiqimizi, milli kimliyimizi, mədəniyyətimizi unutmuruq. Hər zaman, getdiyimiz hər yerdə Azərbaycanı təmsil etmişik və edirik.

- 2017-ci ildə prezident İlham Əliyevin sərəncamıyla “Əməkdar artist” adını almısız. Gənc yaşda bu adı almaq necə duyğudur?

- 2017-ci ildə yeni ildən öncə bu adı aldım. Prezidentin məni bu ada layiq görməsi olduqca sevindirici oldu. Gənc yaşda Əməkdar artist olmaq böyük məsuliyyətdir. Daha çox çalışmaq lazımdır. Ancaq bundan önəmli şey uğurlu olmaqdır. Sən inamlı, uğurlusansa, tamaşaçı sevgisi də, adlar da olacaq.

- Gənc, gözəl, istedadlı bir xanımın şəxsi həyatı da oxucularımız üçün maraqlı olar...

- Hələ ki evlilik mövzusu gündəmdə yoxdur. Daha çox işimə, konsertlərimə yönəlmişəm. Ancaq insanın həyatında hər şey paralel olmalıdır. Düşünürəm ki, ailə həyatı, uşaq da dəyərlidir, həyatın gerçəkləridir. Qismət nə zamansa, olacaq. Hazırda bir qıpırtı yoxdur. (gülür)

- Yaxın zamanlarda Azərbaycana səfəriniz var. Hansı tədbirlər nəzərdə tutulub?

- Martın 1-də “Dirijorlarla görüş” layihəsi çərçivəsində Niyazinin mənzil – muzeyində növbəti tədbir keçiriləcək. Layihənin bu dəfəki qonağı mənəm. Görüş konsert proqramıyla davam edəcək. Martın 2-də Filarmoniyada 8 Mart Qadınlar gününə həsr olunmuş Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti mənim dirijorluğumla baş tutacaq. Hər kəsi bu tədbirlərdə görməkdən şad olaram.

- Nə vaxtsa Azərbaycana qayıdıb, burada fəaliyyət göstərmək istərdinizmi?

- Əlbəttə, hər hansı bir iş təklifi olsa, dəyərləndirə bilərəm. Kənarda yaşamağım vətəndə işləməyəcəyim anlamına gəlmir. İrəliləyən yaşlarımda Azərbaycanda yaşayıb, işləməyi çox istərdim. Öyrəndiklərimi, təcrübələrimi Azərbaycan gəncləriylə bölüşmək, onları yetişdirmək istərdim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR