Slimfit
  1. MEDİA

"Dünyada başqa bir ölkə üçün sərhədini bağlayan yeganə ölkə Türkiyədir"

"Dünyada başqa bir ölkə üçün sərhədini bağlayan yeganə ölkə Türkiyədir"
Sakura

"Dünyada başqa bir ölkə üçün sərhədini bağlayan yeganə ölkə Türkiyədir"

Azərbaycan Prezidentindən ilk “Dostluq ordeni” alan Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə ümumi koordiantoru Hulusi Kılıçın Moderator.az-a müsahibəsini təqdim edirik:
 
 
- Hulusi bəy, özünüzü Türk dünyasına həsr etmiş diplomatsınız. Azərbaycanda səfir missiyasını yerinə yetirərkən hansısa çətinliklərlə üzləşirdinizmi?
 
- Mənim Azərbaycanda bir millətin səfiri kimi fəaliyyət göstərdiyim hamıya məlumdur. Azərbaycandakı fəaliyyət dövründə qarşılaşdığım çətinlik 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında protokolların imzalandığı zamandır. Onu da qeyd edim ki, bu protokollar imzalanmasına baxmayaraq qüvvəyə minməmişdir.
 
Mən şəxsən həmin protokolların imzalanmasını istəmirdim. Düşünürdüm ki, əgər bu protokollar imzalanıb qüvvəyə minsə iki qardaş, iki əkiz qardaş ölkə arasında münasibətlər tamamilə pozulacaq və uzun müddət düzəlməyəcək. Həmin dövrdə Azərbaycan xalqının keçirdiyi məyusluğu görür və çox pis olurdum. Tez- tez televizyadakı proqramlara gedərək Türkiyə və Azərbaycan xalqlarının böyük ailə olduğunu, bu prosesin imtahan olduğunu, bu imtahandan uğurlu şəkildə keçəcəyimizə dair mesaj verməyə çalışırdım. Nəticə belə oldu. Biz bu imtahandan uğurla keçdik.
 
Əlaqələrin yüksəldiyi bu günki səviyyəyə nəzər salsaq Fridrix Nitsşenin “Məni öldürməyən şey, məni daha güclü edir” kəlamının nə qədər doğru olduğunu görərik. Hazırda Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr hər sahədə mükəmməl olaraq davam edir. Qarşılaşdığım digər çətinlik isə Azərbaycandakı səlahiyyət müddətimin başa çatması səbəbilə oradan ayrılmaq idi.
- Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işləri ümumilikdə necə xarakterizə edərdiniz?
 
- Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 28 ildir ki, davam edir. Can Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü ildə vəfat etdikdən sonra Prezident seçilən cənab İlham Əliyevin başda Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də işğal altındakı torpaqların sülh yolu ilə azad edilməsi üçün sıx diplomatik görüşlər keçirdiyini müşahidə edirik. Bu məsələnin həllində ATƏT-in üzərinə götürdüyü vəzifə müddəti uzanır.
 
Azərbaycanın beynəlxalq arenada tanınması Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da böyük dəstəyi ilə oldu. Bakı şəhəri beynəlxalq əhəmiyyətli toplantıların keçirildiyi mərkəzə çevrildi. Sovet İttifaqı süquta uğradıqdan sonra BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2011-ci ildə seçilən ilk iki ölkədən biri Azərbaycan oldu. Bu heç də asan deyil. Bunun üçün sıx diplomatik əlaqə və təşəbbüsə ehtiyac var. Prezident cənab İlham Əliyev Azərbaycanın neft və təbii qaz ehtiyatlarının ixracatı siyasətini çox axıcı bir şəkildə həyata keçirir.
 
Ulu öndər Heydər Əliyevin Prezident olduğu müddətdə reallaşan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri layihəsindən sonra Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihələri həyata keçirilmişdir. Eləcə də İzmirin Aliağa bölgəsində PETKİM-in satın alınmış, burada “Star Rafineri” neft email zavodu layihəsi həyata keçirilmişdir. Bunlar çox böyük uğurlardır. ARDNŞ-nin Türkiyədə, Gürcüstanda və Yunanıstandakı investisiyaları bizləri qürurlandırır.
 
Cənab Prezidentin Türk cümhuriyyətləri, regiondakı ölkələr, Rusiya Federasiyası, MDB dövlətləri, Avropa İttifaqı və ABŞ ilə apardığı siyasi əlaqələr son dərəcə uğurludur.
 
Müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanın iqtisadiyyatı hər il böyüyür. Ölkədə istehsal olunan məhsulların sayı gündən günə artır. Azərbaycanın turizm sahəsində də böyük canlılığın olduğu, otellərin sayının artdığı, beləliklə turistlər üçün yeni mərkəzə çevirildiyi görülür.
 
Azərbaycanda heç problem yoxdur? Əlbəttə, var. Dünyanın ən inkişaf etmiş ölkəsində belə problemlər var. Azərbaycan müharibə şəraitində olan cavan dövlətdir. Ölkədə mövcud olan problemlərin zaman içərisində həll ediləcəyinə inanıram.
Qısacası cənab Prezidentin həyata keçirdiyi işlər ümumlikdə çox yaxşıdır. Birinci vitse- prezident xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanın dünyəvi bir dövlətə çevrildiyini demək doğru olardı.
 
- Sizcə, ölkələrimiz arasında siyasi-iqtisadi, mədəni əlaqələr qənaətbəxşdirmi?
 
- Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr mükəmməl şəkildə davam edir. Bu əlaqələr “Bir millət, iki dövlət” şüarı ilə gündən günə güclənir.
 
- Ümumiyyətlə dünyada sizin dəstəklədiyiniz və izlədiyiniz siyasətçi varmı?
 
- Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Kanadanın Baş naziri Justin Trudeau, Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern izlədiyim liderlərdəndir. ABŞ-ın Prezidenti Donald Tramp istər istəməz izlədiklərimdəndir.
 
- Hər zaman Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin yanındadır. Sizcə birlik bu hansısa qüvvələri narahat edirmi?
 
- Bu sualın cavabı aydındır. Türkiyə və Azərbaycan regionun əmin-amanlığı və rifahı üçün işləyirlər. Türkiyə də, Azərbaycan da Can Azərbaycanın torpaqlarının işğaldan azad edilməsini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yurdlarına geri dönməyini istəyir. Regionda sülh və əmin-amanlıq olarsa bundan bütün ölkələrin xalqları istifadə edər, rifah səviyyələri yüksələr.
 
- Ölkəmizdə səfir olduğunuz dönəmdə belə halların şahidi olmusunuzmu?
 
- Azərbaycanda səfir olduğum müddətdə Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyin Ermənistanı narahat etdiyini gördüm. Bundan başqa Türkiyə-Ermənistan protokolllarının imzalanmasını istəyən ölkələr Türkiyənin dəstəyindən məmnun deyildilər. Ermənistan ilə sərhədimizin qapalı saxlanılmasından narahat idilər.
 
- Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı indiki durumda sizi qane edirmi?
 
- Türkiyənin Azərbaycanla hərbi sahədəki əməkdaşlığı Azərbaycanın müstəqillik qazanmasından sonra başlamış, hərbi məktəblərin açılmasına da dəstək vermişdir. Türkiyə təhsil sahəsindəki təcrübələrini bölüşməyə davam edir. Müştərək hərbi təlimlər vasitəsilə hərbi əlaqələrin yüksəldiyi səviyyə məmnunluq yaradır.
 
- Sizcə, biz Dağlıq-Qarabağ məsələsində niyə təklənirik?
 
- Dağlıq Qarabağ məsələsində ATƏT-in üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirdiyini düşünmürəm. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, RF və Fransadır. Ən çox erməni də elə məhz bu dövlətlərdə yaşayır və güclü lobbiləri fəaliyyət göstərir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Dağlıq Qarabaş münaqişəsinin hələ də həll olunmamasını başa düşmək mümkün deyil.
Düşünürəm ki, Türkiyə, Almaniya Federativ Respublikası və İtalya kimi ölkələr də ATƏT-in Minsk qrupuna qoşulmalıdır. Yəni ATƏT-in Minsk qrupu böyük zaman itkisinə səbəb oldu. Onlar məsələnin ən qısa zamanda həll olunmasına çalışmalıdırlar.
 
- Siz açıqlamalarınızın birində "Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın" -demisiz. Sizcə hansısa şərtlərdə Ermənistan-Türkiyə sərhədinin açılması gözləniləndirmi?
 
- Dünyada başqa bir ölkə üçün sərhədini bağlayan yeganə ölkə Türkiyədir. Bunu yüksək dəyərləndirirəm. Türkiyənin etdiyi qardaşlıq borcu, vəzifəsi və həmrəylikdir. Ermənistanın Azərbaycanın ərazilərini işğalından sonra 1993-cü ildə Ermənistan ilə olan dövlət sərhədini bağlamışdır. Dağlıq Qarabağ məsələsi həll olunduğu, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkildiyi təqdirdəyə sərhədini açacaq. Nəticədə bu Ermənistana sərf edəcək.
 
- Beş ilə yaxın bir zaman da ölkəmizdə səfir olmusuz. Yəqin ki, burda yaşamaq sizin üçün çətin olmayıb. Mümkünsə biraz xatırlayasız. Yadda qalan xatirələriniz bizim üçün maraqlıdır.
 
- Daha əvvəlki reportajlarımda da qeyd etdiyim kimi Azərbaycanda səfir olmaq mənim xəyalım idi. Bu xəyal həyata keçdi. “Azərbaycanı ikinci vətən olaraq görürəm. Türkiyə üçün işləmək Azərbaycan üçün, Azərbaycan üçün işləmək Türkiyə üçün işləmək deməkdir.” ifadəsi mənə məxsusdur. Bu ifadənin həqiqiliyinə ürəkdən inanıram.
 
Azərbaycanda Türkiyədəki kimi yaşadım. Mən Anadolunun kəndində doğulub boya başa çatmışam. Rəhmətli anam məni indi Azərbaycanda insanların danışdığı türkcə ilə böyütdü.
Azərbaycanla bağlı çox gözəl xatirələrim var, hamısı yadımdadır və mən bu xatirələrimlə bağlı kitab yazacam. Kitab nəşr olunanda siz də oxuyarsınız.
 
- Azərbaycanda hansı bölgəsini daha çox bəyənmisiz?
 
- Qəbələ və Lənkaranı çox bəyəndim. O bölgələr yaşıllıqdır. Yerli sakinləri cana yaxındılar.
 
- Azərbaycan mətbəxindən ən çox hansı yeməklərdən dadırdız?
 
- Azərbaycan yeməklərindən supları, kababları və asetrina balığını bəyənirəm.
 
- Azərbaycandan sonra Moldovada da səfir kimi çalışmısız. Orda Gənclik Mərkəzi, hüzur evi, mədəniyyət mərkəzinin inşa edilməsində böyük rolunuz olub. Bu gördüyünüz işlər təqdirə layiqdir.
 
- Moldovada Qaqauzların yaşadığı Qaqauzyada yeni Gənclər Mərkəzi, Qocalar evi və Mədəniyyət Mərkəzinin tamamilə yenilənməsinə vəsilə oldum. Ankaranın Altındağ rayonu keçmiş Bələdiyyə sədri Veysəl Tiryaki ilə yaxın dostuq. Veysəl bəy mənim sözümü yerə salmayıb bu binaları tikdirdi. Bundan başqa Komratda Baş konsulluq açılması qərarının qəbul edilməsini təmin etdim. Bu çox mühüm addımdır.
 
- Yəqin ki, sizdə mənimlə razılaşarsınız ki, bunları başqa ölkələr etmir. Biliyiniz qədəri ilə Azərbaycanda Heydər Əliyev Fondu bu dəstəyə daim qoşulur.
 
- Heydər Əliyev Fondu Çadır Lunga qəsəbəsində yeni Mədəniyyət Mərkəzi tikdirir. Türkmənistan 2017-ci ildə Vulkaneşti qəsəbəsinə bağlı böyük bir Çeşme kəndində uşaq bağçası tkdirdi. Açılış mərasimində mən də iştirak etmişdim.
 
- Hulusi bəy, işinizi çox sevmisiniz. Ölkənizi başqa bir dövlətdə təmsil etmək sizə qürur verir. Bəs Vətəndən ayrı qalmaq sizə çətin olurdumu?
 
- Fransa, Əlcəzair, Bolqarıstan, Kanada, Gürcüstan, Suriya, Azərbaycan və Moldovada fəaliyyət göstərmişəm. Can Azərbaycandan başqa digərləri xarici ölkələrdir. Təbii ki, vətəndan ayrı qalmaq çətindir. Lakin vətəni yaşadığınız ölkəyə aparsanız bu heç də çətin olmaz. Xarici ölkələrdə Türkiyəni təmsil etmək böyük bir missiya və qürur mənbəyidir. Mən gördüyüm işi sevərək icra etmişəm. Ona görə də yerinə yetirdiyim heç bir işdə çətinlik çəkmədim.
 
- Müsahibəyə görə təşəkkür edirik Hulusi bəy.
 
- Siz sağ olun. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə can Azərbaycan xalqını təbrik edirəm.
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR