Dünya cüdosunun azərbaycanlı mirvarisi
O, tarixin ən parlaq olimpiya çempionlarından biri kimi xatırlanır
9 avqust 2008-ci il, Pekin Yay Olimpiya Oyunlarının ilk yarış günü. Keçirdiyi beş görüşün hamısında "ippon"la qalib gələn cənubi koreyalı Çoy Min-ho, Pekin Elm və Texnologiya Universitetinin idman salonuna toplaşan və mavi ekran qarşısında əyləşən yüz minlərlə tamaşaçıya əsl cüdo təntənəsi bəxş edir. Dördilliyin ən möhtəşəm yarışında belə çempionluqlara nadir hallarda rast gəlindiyindən, 28 yaşlı Çoyun müstəsna performansının hələ uzun müddət effektini itirməyəcəyi gözlənilir. Bu məqamda kimə desəydin ki, iki gün sonra mübarizəyə qoşulan 20 yaşlı Azərbaycan təmsilçisi ondan da mükəmməl çıxış sərgiləyəcək, inanmazdı...
Çox güman, söhbətin kimdən getdiyini anladınız. Beləliklə, "Portret" rubrikasının ənənəsindən kənara çıxaraq, veteran idmançımızdan - əfsanəvi Maykl Felps və Useyn Boltla birgə "Pekin-2008"-in əsas qəhrəmanlarından biri kimi xatırlanan Elnur Məmmədlidən geniş söhbət açacağıq.
Yaşına xas olmayan ambisiya
29 iyun 1988-ci ildə Bakıda dünyaya gələn olimpiya çempionumuz, 11 illik orta təhsilinin ilk beş ilini paytaxtın Nəsimi rayonunda yerləşən 74 saylı məktəbdə, qalanını isə Respublika Olimpiya İdman Liseyində alıb. Cüdonun sıralarına da elə ROİL-də qoşulub. Lakin bu, hələ üçüncü sinifdə oxuyarkən baş vermişdi. Böyük qardaşı Rövşənə baxıb, cüdoçu olmaq qərarı verən 9 yaşlı Məmmədli, ilk addımlarını Yaşar Allahverdinin yanında atıb. Karyerasının sonuna qədər də məşqçisinə sadiq qalıb.
Sirr deyil ki, peşəsindən asılı olmayaraq, tarixdə böyük iz qoyan insanlar, erkən yaşlarından müxtəlif fərqliliklərə sahib olurlar. Azərbaycan cüdosunun canlı əfsanəsini də yaşıdlarından fərqləndirən cəhət bir deyil, iki deyil. Məmmədlinin uşaqlıq illəri barədə Y. Allahverdi danışır: "Yaşına xas olmayan ambisiyaya, dözümlülüyə sahib idi. Çalışırdı ki, hər şeyə tez nail olsun. Məşqdə özünü elə aparırdı ki, sanki olimpiadada güləşir. Yadımdadır, yanıma gəldiyi heç bir həftə deyildi, yarışa yazdım. İki rəqibini udub, ikisinə uduzdu.
Boyu balaca, çəkisi yaşına görə az idi. Hamı ona "knopka" deyirdi. Amma davranışı ləqəbinə görə deyildi. Çox dəcəlliklər edirdi. Bir dəfə o qədər şikayət gəldi ki, axırda özümü ələ ala bilmədim. Yaxşıca qulaqburması verdim. Küsüb getdi. Dedim, gəlməyəcək. Üç gün sonra gülə-gülə gəldi, qucaqlayıb üzümdən öpdü.
Bir dəfə idmanı atıb, iş dalınca Rusiyaya getmək istəyirdi. Dedim, elə bilmə ki, orada qaz vurub, qazan dolduracaqsan, sən sadəcə, idmanla ucala bilərsən. Əslində isə o, istənilən sahədə özünə yer edərdi. Hətta çox kasıb ola-ola, məşhur milyarderin qızı ilə ailə qura bilərdi (gülür).
Hər şey göründüyü kimi deyil...
Olimpiya, ikiqat Avropa (2006, 2011) çempionluğu, dünya ikinciliyi (2007) və "Dünya ustaları" (2011, 2012) turnirinin ikiqat qalibi. Bunlar Məmmədlinin əsas, çoxlarına məlum olan titullarıdır. İlk baxışdan düşünmək olar ki, hər şey tez, rahatlıqla qazanılıb. Lakin o, bu məqama yüksələnədək yoxuşlu olduğu qədər də, enişli yol qət edib. Belə ki, 2003-cü ildə Bakıda baş tutan yeniyetmələr arasında Avropa birinciliyində çıxış edəcəyi planlaşdırılsa da, son anda qərar dəyişdirilir. Əvəzində, Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcəyi vəd edilir. Bu da baş tutmadıqda bərk sarsılır, idmanı atmaq qərarına gəlir. Anası və məşqçisinin təkidi ilə fikrindən daşınan Elnur, 2004-cü ilin mayında Kiyevdə keçirilən gənclər arasında A kateqoriyalı turnirin qalibi olur, iyulda Rotterdamda baş tutan yeniyetmələrin Avropa birinciliyində rəqiblərinin daşını daş üstə qoymur. Bu arada Polşada təşkil olunan gənclərin A kateqoriyalı yarışında isə ikinci olur. İlin sonunda böyüklərin ölkə çempionatına qatılan vunderkind, ilk cəhdindəcə ən güclü olur. Beləcə, əsas yığmaya cəlb olunaraq, beynəlxalq yarışlara aparılır. İlk olaraq Moskvada keçirilən Super Dünya Kubokunda beşinci nəticə göstərən Elnur, heç bir ay keçməmiş, Budapeştin ev sahibliyi etdiyi Dünya Kubokunda "bürünc"ə yiyələnir. Hər şey plan üzrə getdiyi vaxtda o, idmançının qorxulu kabusu ilə üz-üzə gəlir. Dizindən ağır zədə alan, nəticədə, əməliyyat masasına uzanan Məmmədli, ilin əsas yarışlarından uzaq qalır. 2005-ci ilin sonunda tatamiyə qayıdır, dönüşünü ölkə çempionluğu ilə qeyd edir. 2006-cı ilin əvvəlində Moskvada keçirilən Super Dünya Kubokunda üçüncü olan Elnur, ardınca Avropa çempionatında qalibiyyət sevinci yaşayır. İlin sonlarında Dominikanda keçirilən gənclərin dünya birinciliyində isə hakimlərin qeyri-obyektiv qərarı ilə mükafatın bir addımlığında dayanır. Qısaca qeyd edək ki, o, "Pekin-2008"-dəki çempionluğadək bir dəfə Dünya Kubokunun (Roma, 2007) bir dəfə isə Super Dünya Kubokunun (Hamburq, 2008) qalibi olub. Parisdə keçirilən Super Dünya Kubokunda (2007) ikinci olan Elnur, Moskvada təşkil olunan analoji yarışın (2008) bürünc medalını boynundan asıb.
Tarixin "ən"ləri arasında
Pekin zəfəri haqqında dönə-dönə bəhs olunub. Əksər təfərrüatlar yerli idmansevərlərə məlumdur. Odur ki, təkrara yol vermək istəmirik. Lakin bəzi məqamlar var ki, geniş ictimaiyyət bunlardan xəbərsizdir. Əvvəla, ali zirvəyə 20 yaş 43 günlüyündə ucalan Elnur, tarixin ən gənc olimpiya çempionlarının ilk "üçlüy"ünü qapayır. Kişilərin statistikasında isə o, yalnız əfsanəvi yunan cüdoçu İliadis İliadisdən geri qalır. Bundan başqa, cüdoçumuz olimpiadanın finalına qədər cənubi koreyalı dünya çempionu Vanq Ki-Çunla bir deyil, iki dəfə qarşılaşıb, uduzmuşdu. Belə ki, ilk görüş yuxarıda vurğuladığımız Dominikanda keçirilən dünya birinciliyinə təsadüf edib. Uşaqlıq dostu, yığmamızın hazırkı kapitanı Nicat Şıxəlizadə deyir ki, Elnur onunla olimpiadanın finalında görüşmək arzusu ilə alışıb-yanırdı: "Əlindən çox acıqlı idi. Həmişə deyirdi ki, o, məni iki dünya çempionluğundan məhrum edib, kaş, olimpiadanın finalında qarşıma çıxaydı. Yalnız olimpiya çempionu olacağı halda, təsəlli tapacağını düşünürdü".
"Bəlkə də, infarkt olardım"
Yetirməsinin olimpiya çempionluğunu ekran qarşısından izləyən Yaşar Allahverdi deyir ki, qalibiyyətə doğru gedən yolun dərin stress və həyəcanı səhhətinə təsirsiz ötüşməyib: "Yarışa bir gün qalmış, mənə zəng edib, "qızıl" söz verdi. Hər görüşdən sonra da sevincini mənimlə bölüşürdü. Həyatımın ən həyəcanlı dəqiqələri idi. Televizorun önündən bir an da aralana bilmirdim. Hər qalibiyyətdən sonra necə yüksək səslə qışqırmışdımsa, sonradan qonşularım yoldaşımdan soruşmuşdu ki, kişi evdə kimi döyürdü? O gündən sonra şəkər xəstəliyinə tutuldum. Hələ yaxşı ki, görüşlərini tez başa vururdu. Çox uzansaydı, bəlkə də, infarkt olardım".
Son...
Məmmədli, karyerası boyu həm də öz orqanizmi ilə "güləşib". 2008-ci ilə qədər 15-17 kilo çəki salırdı ki, bu, belə davam edə bilməzdi. Yaş artır, hər keçən gün çəkini saxlamaq daha da çətinləşirdi. İki illik fasilədən sonra tatamiyə dönən Elnur, 81 kq çəki dərəcəsində mübarizə apardığı iki il ərzində dünya reytinqinin "üçlüy"ündə möhkəmlənir. "London-2012" tsiklinin sonunda açıqlanan reytinq siyahısında o, yalnız cənubi koreyalı ikiqat dünya çempionu Kim Cay-bum və braziliyalı Leandro Gilyerodan geri qalırdı. Belədə, ikiqat olimpiya çempionluğuna doğru gedən yolda əsas maneələri elə onlar qəbul olunur, ən azından mükafata layiq yer tutacağı gözlənilirdi Lakin bayraqdarlarımızla bağlı uğursuz tendensiya Londonda da davam edir. İlk görüşdə üz-üzə gəldiyi kanadalı Antuan Valuye-Fortye Elnur üçün keçilməz olur. Belə ki, əsas və əlavə vaxtında hesabı açılmayan görüşün nəticəsini hakimlərin qərarı - "xantey" həll edir. Yeri gəlmişkən, o vaxta qədər elə bir ciddi nailiyyəti olmayan kanadalı "London-2012"ni "bürünc"lə başa vurur, 2014 və 2015-ci illərdə baş tutan mundiallarda, müvafiq olaraq, gümüş və bürünc medal qazanır.
Ağır zədələr 24 yaşında karyerasını başa vurması ilə nəticələnir. Diz qapağından dörd dəfə ağır əməliyyat keçirən Elnura, həkimi tatamiyə çıxmağı qəti şəkildə qadağan edir. Xəbərdən nəinki yerli publika, dünya cüdo ictimaiyyəti də dərindən sarsılmışdı.
Dəyişməyən xarakter
Nicat Şıxəlizadə xatirələrini "vərəqləyir": "Hansı yarışa gedirdiksə, bir yerdə qalırdıq. Uşaqlıqdan aramızda sağlam rəqabət olub. O, beş edirdisə, mən çalışırdım, altı edim. İkimizin də tez parlamasında bu rəqabətin rolu böyükdür. Məndən və ya başqa bir komanda yoldaşından nəsə soruşub-öyrənməyi özünə ar bilməzdi. Çox pozitiv idi. Uşaqlıqda necə deyib-gülən idisə, indi də elədir. Bəzən deyirdik, ay Elnur, nə vaxtsa sənin ciddi duran vaxtın olacaq? Cavab verirdi ki, məndən qəti elə şey gözləməyin (gülür).
Məcbur qalıb, karyerasını erkən bitirməli oldu. Mən həmişə, hər yerdə deyirəm ki, travmalar olmasaydı, o, gec-tez ikiqat olimpiya çempionu olacaqdı. Buna baxmayaraq, o, hələ də yaddaşlarda qalıb. Xarici cüdoçular bizdən tez-tez onu soruşurlar. Demək olar, hər söhbətdə Elnurun adı keçir".
İgid oğul dayıya oxşayar
Bu gün gənc cüdoçular arasında "kumirin kimdir" deyə, sorğu keçirsək, şübhə etmirik ki, əksəriyyət "Elnur Məmmədli" cavabını verər. Ona baxıb, məşq zallarına qədəm qoyan uşaqlar indi dünya və Avropa birinciliklərinin, nüfuzlu beynəlxalq turnirlərin qalibləridir. Onlardan biri də öz bacısı oğludur. Gənclər arasında Avropa və dünya birinciliklərinin, müvafiq olaraq, qızıl və gümüş mükafatçısı olan Kəramət Hüseynov, ilk dəfə iştirak etdiyi dünya çempionatında beşinci nəticə göstərib. Özəlliklə vurğulayaq ki, onun son olimpiya çempionu, rusiyalı Beslan Mudranovu "ippon"a salması Bakı mundialına rəng qatmışdı.
Portret
Elnur Məmmədli, mübaliğəsiz-filansız, olimpiadalarda haqqında ən çox danışılan "qızıl"ımızın müəllifidir. Dünya cüdo ictimaiyyəti onu ən parlaq olimpiya çempionlarından biri kimi xatırlayır, xatırlayacaq.
Portretini çəkəcək rəssamın işi ilk baxışdan asan görünsə də, əslində, çox qəlizdir. Hər halda, qısa vaxtda tarixdə bu qədər iz qoymuş idmançının cizgiləri sadə olmamalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət