DSX hava limanında yeni elektron qapılar quraşdırıb - Kimlər istifadə edə biləcək?
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sərhədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.
Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qabaqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.
Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.
Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşağıdakı ardıcıllıqla keçə biləcəklər:
- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qapının skan yerinə daxil edir.
- vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkarlandıqda sistem siqnal verir.
206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qapılar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin daha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət