Dövlət qulluğunun müasir konsepsiyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb
Ağsuda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətinin inzibati binasında təşkil olunan tədbiri icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov açaraq ötən əsrin 90-cı illərindən etibarən müstəqillik qazanan Azərbaycanda dövlət qulluğunun formalaşdırılması və inkişafı istiqamətlərində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb, bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə dövlət qulluğu sahəsində vahid siyasətin formalaşdırılmasının əsası qoyulub.
Məruzə və çıxışlarda vurğulanıb ki, müasir, müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin uzaqgörən uğurlu siyasəti və qətiyyətli iradəsi ilə onilliklər üçün ölkəmizin inkişaf strategiyası müəyyən edilib. Bu inkişaf strategiyasının mühüm, əhəmiyyətli hissəsini məhz hüquqi dövlət quruculuğu təşkil edir. Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında dövlət və hakimiyyət münasibətlərinin hüquq bazası demokratik, dünyəvi dövlətçilik və hakimiyyətin bölünməsi prinsipləri əsasında milli dövlətçilik ənənələrinə və beynəlxalq təcrübəyə uyğun yaradılıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev dövlət quruculuğu prosesinin ilk illərindən dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin etik davranış qaydalarına ciddi əməl edilməklə, bürokratik əngəllərə yol vermədən, şəffaflıq təmin edilməklə həyata keçirilməsini qarşısında əsas vəzifə kimi qoyub, dövlət qulluğunun müasir konsepsiyasını formalaşdırıb.
Bildirilib ki, bu gün ölkəmizdə, o cümlədən Ağsu rayonunda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir. Hazırda rayonda 183 nəfər dövlət qulluqçusu çalışır ki, onların xeyli hissəsi gənclər və qadınlardır.
Sonda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət