Dövlət qulluğuna hazırlaşanların nəzərinə: müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
Fevralın 5-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibələrin martın 18–də və aprelin 23-də keçirilməsi planlaşdırılır.
Beş dövlət orqanında mövcud olan 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Ümumilikdə 70 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr İqtisadiyyat Nazirliyinin daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), nazirliyin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd) və ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 10 namizəd) vəzifələri olub.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət