Dövlət onlara böyük qayğı göstərir - İlham Əliyev
Bu gün çox əlamətdar bir gündür. Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir.
Axar.az xəbər verir ki, bunu Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilmə mərasimində sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib.
"Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.
Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm", - İ.Əliyev qeyd edib.
Dövlət başçısı Pirallahıda uğurlu inkişafın getdiyindən danışıb: "Burada infrastruktur obyektləri inşa edilir, yaradılır, binalar tikilir, təmir olunur. Yəni, Pirallahı adası tam yeni görkəm alıb. Artıq bir neçə ildir ki, burada gedən quruculuq işləri çox yaxşı nəticə verir. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət