Dövlət Komitəsi: Özəl torpaqlarda tikilən məscidlər bələdiyyələrin balansına verilməlidir
"Müstəqilliyin ilk illərində bir sıra məbədlər, məscidlər uyğun olmayan ərazilərdə tikilib. Konkret olaraq təhlükəli zonalarda, bəziləri isə özəl torpaqlarda tikilib".
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Onun sözlərinə görə, özəl torpaqda tikilən məscidlər özəl mülkiyyət ola bilməz: "Bəzi məscidlər belə problem yaratdığına görə ərazisində məscid olan torpaq sahiblərinə tövsiyə edilib ki, həmin torpaqlar məbədlərlə birgə bələdiyyələrin balansına verilməli və özəl mülkiyyətdən çıxarılmalıdır. Bu məsələdə qanunvericiliyin tələblərinə riayət olunacaq. Bəzi məscidlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da bununla bağlıdır".
S. Heydərov bildirib ki, ölkədəki bütün dini məbədlərin fəaliyyətdə olması, onlara hər bir tərəfdən dövlət dəstəyinin göstərilməsi göz önündədir: "Bildiyiniz kimi, bütün dini məbədlər dövlət tərəfindən pulsuz qazla təmin olunub. Bu məbədlərin təmirinə böyük diqqət göstərilir. Ümumilikdə Azərbaycanda milli-mənəvi, dini dəyərlərin qorunması üçün bir çox işlər görülür və bu siyasət bundan sonra da davam edəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət