Dövlət Gömrük Komitəsi Ermənistandan kartof idxal edilməsi məsələsinə aydınlıq gətirib
Bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb.
“Report”un məlumatına görə, bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsibildirir ki, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir.
Məlumatda deyilir ki, bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanlarını tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərəhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir.
“Eyni zamanda qida məhsullarının təhlükəsizliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür. Ümumiyyətlə, Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir”, - deyə məlumatda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət