Dövlət başçısı: "Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"
"Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər".
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb. Deyə bilərəm ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.
Əlbəttə ki, biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq. May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar.
Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır.
Bu xəstəlik bir şeyi də göstərib - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.
Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət