Slimfit
  1. SİYASƏT

Dövlət başçısı: "Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb"

Dövlət başçısı: "Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb"
Sakura

Dövlət başçısı: "Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb"

"Əlbəttə, bütün səylərimiz çox konkret nəticələr verdikdən sonra geriyə baxdıqda bizim qarşımızda - Azərbaycanın qarşısında müstəqillik illərimizin əvvəlində hansı çağırışların olduğunu hətta təsəvvürümüzə gətirmək belə çətindir və bir gün, 30 ildən daha az müddətdə ölkənin beynəlxalq tərəfdaşları ilə birlikdə belə böyük uğura nail olacağını və dünya ölkələrini maraqlandıran, dünya miqyasında layihələrin təşəbbüskarı olacağını, tərəfdaşları ilə birlikdə onları uğurla icra edəcəyini təsəvvür etmək mümkün deyildi. Bu layihələrin hər biri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, - mən, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, - onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.

Dövlət başçısı bildirib: "Lakin 1991-ci ildə vəziyyət tamamilə fərqli idi. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etmişdi. Lakin əfsuslar olsun ki, ölkə öz xalqı üçün normal həyat şəraitini təmin edə bilməmişdir. Tam yoxsulluq var idi, iqtisadiyyat durğunluq vəziyyətində idi. Bir çox mürəkkəbliklərə və böyük itkilərə gətirib çıxaran xaotik bir vəziyyət var idi. 1992-ci ildə vəziyyət daha da pisləşdi. O zaman hərbi çevriliş nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Deyərdim ki, o zaman fəlakət vaxtı idi. Çünki birillik hakimiyyət Azərbaycanı uçuruma gətirdi. İqtisadiyyat tamamilə məhv edilmişdi, geniş vüsət almış korrupsiya faktiki olaraq bizim yeni əldə etdiyimiz dövlətçiliyimizi pozan amil idi. İnflyasiyanın səviyyəsi 1000 faizdən artıq idi. Ermənistanın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün - hesab edirəm ki, o zaman biz adambaşına düşən qaçqınların sayına görə birinci yerdə idik. Ermənistan qüvvələrinin bizim ərazilərimizin bir hissəsini işğal etdiyi zaman Xalq Cəbhəsi hökuməti vətəndaş müharibəsinə, bu korrupsioner rejim azərbaycanlılar arasında müharibəyə başladı. Əldə edilmiş dövlətçilik yenidən risk altında idi. Azərbaycan xalqı bu antimilli rejimi məhv edəndə və Heydər Əliyevi Bakıya dəvət edəndə müdriklik və cəsarət nümayiş etdirdi. 1993-cü ilin oktyabrından, Heydər Əliyev prezident seçiləndən sonra Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymağa başladı. Beləliklə, həmin vaxtdan bəri ölkəmiz siyasi, iqtisadi və sosial sabitik vəziyyətində yaşayır. Regionumuzda və dünyadakı vəziyyətə nəzər yetirərkən, biz yeni münaqişələr, yeni qarşıdurmalar görürük. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Hesab edirəm ki, sabit və təhlükəsiz mühitdə yaşayış bizim siyasətimizin əsas nailiyyətlərindən biridir.

Əlbəttə ki, dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etməyimiz çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi".

Ona görə də Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb: "Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, bildiyiniz kimi, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu bəlkə də buradan 10 kilometr məsafədə yerləşir. Lakin xalqımız bundan faydalana bilmirdi. Çünki Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilmişdir. Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik. Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu, baş verdi. Bu günün Azərbaycanı bunun aydın nümunəsidir. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı. Həmin vaxt qaz ölkələrin enerji təhlükəsizliyində o qədər də vacib amil deyildi. Ona görə də “Şahdəniz” sazişinin imzalanması 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanması qədər vacib hesab olunmurdu. Lakin bu günün reallıqları onu göstərir ki, onu vaxtında etmək necə də müdrik addım olub. Daha sonra 1997-ci ildə müqavilədə müəyyən edilmiş ərazidən ilk neft çıxarıldı. Bu baxımdan, düşünürəm ki, bu da rekord idi. Çünki adətən xarici investorlarla müqavilənin imzalanması ilə ilk karbohidrogen ehtiyatlarının çıxarılması arasında vaxt 3 ildən çox olur. Bizdə isə bu, 3 il oldu və bu, bizə imkan verdi ki, iqtisadiyyatın digər sektorlarına investisiya yatırmağa başlayaq. 2002-ci ildə əsas neft boru kəmərinin tikintisi ilə bağlı qərar artıq həyata keçirilmişdi. Çünki Bakı-Tbilisi-Ceyhan kəmərinin praktiki tikintisi başlamışdı. Bundan əvvəl bizim neftimizi Rusiya, Gürcüstan və Qara dəniz limanlarına çatdıran iki boru kəməri Bakı-Novorossiysk və Bakı–Supsa artıq istifadəyə verilmişdi. Ona görə də Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə açılışı ölkəmizin inkişafında digər bir mərhələ idi. Çünki ondan sonra biz gəlirlər əldə etməyə, infrastruktura və insan kapitalına investisiya yatırmağa başladıq. 2007-ci ildə isə Azərbaycan ilk dəfə beynəlxalq qaz ixracatçısına çevrildi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti açıldı. Biz hesab edirik ki, planlaşdırdıqlarımızın əksəriyyəti uğurla yerinə yetirildi. Lakin qarşımızda yeni çağırışlar var idi. Biz “Şahdəniz”in, “Şahdəniz-2” layihəsinin tam miqyasda işlənilməsinə başlamalı idik. Əsas qaz boru xətti sistemi olmadan bu, imkansız idi. Ona görə də konsorsium tərəfdaşlarla razılığa gəlmək, yekun investisiya qərarı vermək üçün bizi gözləyirdi və biz buna nail olduq. 2012-ci ildə Azərbaycan və Türkiyə Trans-Anadolu boru kəmərinin - TANAP-ın tikintisi ilə bağlı müqavilə imzaladı. Bundan əvvəl qeyd etdiyim kimi, biz 2011-ci ildə Avropa Komissiyası ilə birgə bəyannamə imzaladıq. Bundan sonra beynəlxalq konsorsium “Şahdəniz-2” ilə bağlı yekun investisiya qərarını verdi və uğurla aparılmış tikintiyə praktiki olaraq start verildi. 2018-ci ildə biz artıq Bakıda - Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik və iyunda TANAP-la qaz Türkiyə bazarına çatdı. Artıq dediyim kimi, ötən ilin noyabrında TANAP Avropa sərhədlərinə çatdı. TAP-ın icrası artıq 92 faiz tamamlanıb. Beləliklə, bu, bizim hamımızın uğur hekayəsidir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR