Donorların sağlamlıqlarının əməliyyatdan sonrakı bərpasının dövlət hesabına həyata keçirilməsi təklif…
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orqan transplantasiyasının həyata keçirilməsi ilə bağlı təkliflərini açıqlayıb.
Trend-in məlumatına görə, Dövlət Agentliyinin Tibbi sığorta siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova orqan transplantasiyası üzrə hazırlanan yeni qanun layihəsinin dinləmələrində layihəyə əlavə edilməsi üçün bəzi təkliflər hazırladığını söyləyib.
Ş.İsmayılova bildirib ki, meyitlərdən orqanların götürülməsi işini tibb fəaliyyətlə məşğul olmayan Koordinasiya Mərkəzi həyata keçirməlidir.
Transplantasiya üçün nəzərdə tutulan orqanların və toxumaların daşınması işinə xüsusi lisenziyası olan müəssisələr cəlb edilməlidir.
Şöbə müdiri qeyd edib ki, əməliyyatı gözləyən şəxsin adı gözləmə siyahısına əlavə edildikdə, şəxs növbədə neçənci olması barədə məlumatlı olmalıdır.
Agentlik rəsmisi qeyd edib ki, qanun layihəsinə donorun orqan və toxumalarını hər hansı ödəniş əsasında verməsinin qadağan edilməsi barədə bənd əlavə olunmalıdır:
“Qanunda orqanların alqı-satqısının qadağan edildiyi qeyd olunur. Amma sırf canlı donorun orqanlarının götürülməsi və qaydalarında qeyd edilməlidir ki, ödənişin aparılması qadağandır. Bundan başqa, belə bir bənd əlavə edilsin ki, donorların sağlamlığının əməliyyatdan sonrakı bərpası və reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin”.
Ş.İsmayılova əlavə edib ki, qanun layihəsində gözün buynuz qişasının və digər dəyişikliyə uğramayan toxumaların icazə və vəsiyyət olmadan götürülməsi məsələsi yer alıb:
“Bu, nə dərəcədə düzgündür? Məncə, bu bəndə yenidən diqqət yetirmək lazımdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət