Dondurulmuşlar: ölümdən qaçmağın yolu?
Dünyada bir gün diriləcəyini gözləyən 250-dən çox dondurulmuş insan var. Bəlkə əksəriyyətiniz inanmayacaq, amma bu həqiqətdir. Bəs insanlar niyə dondurulmalarını istəyirlər? Onlar, əsasən, xəstə insanlardır. Hazırda müalicəsi olmayan xəstəliyə yaxalanan bir çoxu hesab edir ki, dondurulub saxlanılsın, həmin xəstəliyin müalicəsi tapılanda onları oyadarlar. Bununla da ölümdən qaçırlar.
İlk dondurulan insan böyrək xərçəngindən əziyyət çəkən, Kaliforniya Universitetinin psixologiya üzrə professoru, 73 yaşlı James Bedforddu. O, artıq 51 ildir, dondurulmuş vəziyyətdə saxlanılır. Professor 1967-ci il yanvarın 12-də dondurulub. J. Bedford xərçəngin artıq ağciyərlərinə metastaz verdiyini bildikdən sonra dondurulması barədə qərar verib. Alim xüsusi hazırlanan "krio" adlı dəmir silindrdə saxlanılır.
Qeyd edək ki, dondurulan insanlardan heç biri indiyədək oyadılmayıb. Çünki həmin xəstəliklərin hələ də birmənalı müalicəsi yoxdur.
Maraqlıdır ki, dondurulmaq istəyən insanların sayı getdikcə artır.
Lakin bir qrup mütəxəssis bildirir ki, bu mexanizm heç bir işə yaraya bilməz, həmin insanları diriltmək mümkün olmayacaq. Bunu iddia edənlərin fikrincə, insanları aldadıb ümidlə ticarət edirlər. Hazırda bir insanı dondurub saxlamaq 150 min ABŞ dollarına başa gəlir. Lakin insanları donduran şirkətlər bu iddiaları inkar edirlər.
Onu da qeyd edək ki, indiyə kimi yalnız bir köpək dondurulduqdan sonra dirildilib. 1992-ci ildə professor Paul Segal beagle cinsi olan sevimli iti Milesi dondurub. Kaliforniya Universitetində Milesin əvvəlcə qanı çəkilir və sonra dondurularaq öldürülür. İt 70 dəqiqə klinik ölüm halında olur. Bundan sonra qanı təkrar damarlara vurular. 3 yaş yarımında olan it həqiqətən dirilir və heç nə olmamış kimi həyatına qaldığı yerdən davam edir. Bununla da, alim isbat edir ki, dondurulan insanlar da ayıldıqdan sonra həyatlarına davam edəcəklər.
İnsanları gələcəyə saxlamaq niyyəti ilə dondurmaq fikri ilk dəfə 1960-cı ildə meydana gəlib. O vaxtdan bu günə kimi dondurulma ilə bağlı mexanizmlər inkişaf etməyə başlayıb. Belə ki, artıq insanı diri-diri yox, ölən kimi dondurmağın və gələcəkdə diriltməyin mümkünlüyünü qeyd edirlər. Buna görə də dünyada 1500-dən çox insan öldükdən sonra dondurulmağa razılıqla bağlı bəzi şirkətlərlə müqavilə imzalayıb.
Bəzi mənbələr bildirir ki, indiyə kimi dondurulan insanlardan 9-u çürüyüb, onları saxlamaq mümkün olmayıb. Bunu isə soyutma sisteminin xətası ilə izah ediblər. Lakin ilk dondurulan insanın bədəni hələ də heç bir zərər görmədən saxlanılır. Bedfordun bədəni mənfi 196 dərəcədə olan maye azotda saxlanılır. İndiyə kimi bir neçə fərqli yerə aparılıb. Hazırda isə Arizonadakı “Alcor Life Extension Foundation” adlı təşkilatın binasında mühafizə edilir.
Bəs insan necə dondurulur?
Ən birinci onun damarlarındakı qan boşaldılır. Daha sonra bu insanların bədəninə antifriz və orqanları qoruyan kimyəvi qarışıq doldurulur. Donmaq üçün hazırlanan bədəni içərisində mənfi 196 dərəcədə maye azot olan silindrlərə yerləşdirirlər.
İngilis alim Barry Fuller deyir ki, dondurulmuş insanları təkrar canlandırmaq çox uzaq xəyaldan başqa bir şey deyil: "Bu üsulla yalnız transplantasiya üçün orqanları qoruyub saxlamaq olar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət