Sentyabrın 21-də Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı yeni qərarını…
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı yeni qərarını açıqlayıb.
Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilən qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumunun xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə verdiyi qərarı şərh edərkən deputat Fazil Mustafa bildirib ki, Konstitusiya Məhkəməsinin xarici valyutada götürülmüş və “problemli kreditlər” adı ilə tanınan borclara görə, qəbul etdiyi qərar əsaslandırılmamış qərardır: “2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğraması, bunun əvəzində dolların iki dəfə bahalaşması kimi fakt var ortada. Bunun nəticəsində nə qədər iş adamı sıradan çıxıb, nə qədər əhali ağır borc şəraitinə düşüb. Hesab edirəm ki, həmin borcların bir hissəsi dövlət tərəfindən kompensasiya olunmalıdır”.
Bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, yenidən mahiyyətcə eyni olan 2015-ci ilin may ayında keçirilən Konstitusiya Məhkəməsinin məhkəmə iclasında verdiyi qərarı qəbul edib: “Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemi birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı. Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi.
Digər fərq ondan ibarətdir ki, 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdi. Yeni qərarın preambula hissəsindən isə görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı.
2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə “örtülü bazar” idi. İctimaiyyətə açıqlama verilmədi. Hətta Məhkəmənin iclasından sonra belə”.
Hüquqşünas bildirir ki, kəskin devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olması haqda xarici təcrübə var, o cümlədən Azərbaycanın aid olduğu roman-alman hüquq sistemi ölkələrində də: “Axı söhbət adi deyil, məhz kəskin devalvasiyadan gedir. Bunu heç kəs qabaqcadan görə bilməz! Bizim Konstitusiya Məhkəməmiz isə çox bəsit şəkildə dedi ki, devalvasiyanı “tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Ona görə ki “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Bu məntiqlə heç bir halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət