Slimfit
  1. İQTİSADİYYAT

Dollar bahalaşır, əvəzində avtomobil və daşınmaz əmlak ucuzlaşacaq

Dollar bahalaşır, əvəzində avtomobil və daşınmaz əmlak ucuzlaşacaq
Sakura

Dollar bahalaşır, əvəzində avtomobil və daşınmaz əmlak ucuzlaşacaq

Azərbaycanda devalvasiya qorxusu ilə əlaqədar dollar alışının kəskin artması bir sıra bahalı əmlakların, o cümlədən daşınmaz əmlak və avtomobillərin ucuzlaşmasına səbəb olacaq. Bu cür bahalı əmlakların alınması üçün nəzərdə tutulan və ya onların alınmasına imkan verən vəsaitlər dəyər itirməmək üçün dollar alışına yönəldiləcək. Sərmayənin yön dəyişməsi avtomobil və daşınmaz əmlak bazarında tələbin xeyli zəifləməsinə gətirib çıxaracaq ki, bu da ucuzlaşmaya əsas yaradır.

 

Bir qayda olaraq daşınmaz əmlak və avtomobilləri böyük məbləğdə pul vəsaiti olan, orta və yüksək gəlirli şəxslər ala bilirdi. Aşağı gəlirli insanlar isə istəsələr də belə bahalı əmlakları almaqdan məhrum idilər. Devalvasiya qorxusu avtomobil və daşınmaz əmlak almaq istəyənləri bir qədər düşünməyə, öz qərarlarını təxirə salmağa məcbur edəcək.

 

Daşınmaz əmlak avtomobilə nisbətən daha önəmli yatırım vasitəsidir. O, həm də sosial əhəmiyyətli vasitədir və istənilən ailənin arzuladığı, sahib olmaq istədiyi əmlakdır. Bu cür əhəmiyyətli əmlakları əldə etmək məqsədilə insanlar hətta çətin dövrlərdə belə pul xərcləməkdən çəkinməyiblər. Lakin heç kim imkan olduğu təqdirdə daha ucuz mənzil və yaxud başqa daşınmaz əmlak almaq şansını əldən vermək istəməz. Əvvəlki illərin təcrübəsi göstərir ki, neft kəskin ucuzlaşdıqda, dollar bahalaşdıqda daşınmaz əmlakın xarici valyutada olan dəyəri xeyli aşağı düşür. Hətta bəzən daşınmaz əmlakın qiyməti dollarla ifadə etdikdə 2 dəfəyə qədər aşağı düşə bilər. 2008-2009-cu illərdə, həmçinin 2015-2016-cı illərdə bunun şahidi olmuşuq. Əvvəlki dövrdə dollar/manat məzənnəsi dəyişməsə də neftin ucuzlaşması və devalvasiya qorxusu daşınmaz əmlakın xeyli dərəcədə dəyərdən düşməsi ilə nəticələndi. 2015-2016-cı illərdə isə neftin ucuzlaşması ilə bərabər manat da dəyər itirdiyindən dollarla ifadədə daşınmaz əmlaklar kəskin dəyər itirdi. Məsələn, devalvasiyaya qədər dəyəri 60 min dollar olan mənzilin dəyəri 25-35 min dollara qədər düşdü. Həmin dövrdə mənzil almaq istəyənlər ən yaxşı halda "Xruşovka” layihəli binalardan 2 otaqlı, orta təmirli mənzil ala bilərdi.Mənzil üçün yığdığı pulunu dollara çevirib bir qədər gözləyənlər isə həmin pulla 3-4 otaqlı Leninqrad layihəli, yaxşı vəziyyətdə olan mənzil almaq imkanı qazandı. Çox da uzaq olmayan bu təcrübə mənzilə ehtiyacı olan insanların müəyyən müddət daşınmaz əmlak bazarından uzaqlaşmasını stimullaşdırır.

 

Daşınmaz əmlak bazarında hamı şəxsi istifadə və ya yaşamaq üçün əmlak almır. Onların arasında kifayət qədər biznes məqsədilə daşınmaz əmlak alan şəxslər də var. Həmin şəxslərin məqsədi daşınmaz əmlakı alıb, təmir etdirib, yaxud tikinti aparıb daha yüksək qiymətə satmaqdır. Bu cür insanlar qiymət, bazarın perspektiv inkişaf imkanlarını daha böyük dəqiqliklə izləyirlər. Neftin ucuzlaşdığı, devalvasiya riskinin artdığı indiki şəraitdə onlar daşınmaz əmlaka sərmayə qoymur və daha çox gözləmə mövqeyini seçirlər.

 

Həm fərdi məqsədlərlə, həm də biznes məqsədilə daşınmaz əmlak alışının təxirə salınması bazarda tələbi, yəni alıcılıq qabiliyyətini zəiflədir. Bu vəziyyətdə daşınmaz əmlakı satmaq məcburiyyətində olan şəxslər qiymətləri endirməyə məcburdurlar. Bazarın mövcud qaydalarını nəzərə alaraq deyə bilərik ki, dollar alışının yenidən gücləndiyi indiki dövrdə daşınmaz əmlak qiymətlərində eniş qaçınılmaz olacaq.

 

Daşınmaz əmlak bazarı kimi avtomobil bazarında da tələbin zəifləməsi gözlənilir. Avtomobil almaq və ya avtomobilini başqası ilə dəyişmək daşınmaz əmlak qədər zəruri deyil. Buna görə də böyük məbləğdə sərbəst vəsaiti olan şəxslər tərəddüd etmədən həmin vəsaitləri dollar alışına yönəldəcək. Bununla da avtomobil bazarında alıcıların xeyli azalması müşahidə ediləcək və bazarda durğunluq yaranacaq. Alıcıların önəmli hissəsinin bazardan çəkilməsi isə qiymətlərin enməsini qaçınılmaz edəcək.

 

Avtomobil bazarında alıcıların azalmasının Azərbaycanın idxalına azaldıcı təsiri də olacaq. Bu halda ölkəmizə avtomobil idxalının azalması baş verəcək ki, bununla da xaricə valyuta axını müəyyən qədər azalacaq. 2019-cu ilin statistikasına əsasən, Azərbaycana 950 milyon dollar dəyərində avtomobil və onun ehtiyat hissələri idxal olunub. Tələb zəiflədiyi halda avtomobil idxalı azalacaq. Biz bunu 2014-cü ildən sonra gördük. 2013-cü ildə 904 milyon dollarlıq avtomobil idxal edildiyi halda 2014-cü ildə 713 milyon dollarlıq, 2015-ci ildə 585 milyon dollarlıq, 2016-cı ildə 252 milyon dollarlıq avtomobil və onun ehtiyat hissələri idxal edilib.

 

2017-ci ildən neftin qiymətinin Azərbaycan üçün əlverişli olması, manatın ucuzlaşma ehtimalının zəifləməsi yenidən avtomobil alışlarını artırdı. Əhali dollara çevirdiyi pulu tədricən manata dəyişərək və ya birbaşa dollarla ödəniş etməklə avtomobil alışına daha çox vəsait ayırdı. Bununla əlaqədar olaraq avtomobil və onun ehtiyat hissələrinin idxalına 2017-ci ildə 422 milyon dollar, 2018-ci ildə 642 milyon dollar, 2019-cu ildə 950 milyon dollar vəait xərcləndi.

 

Beləliklə, əgər 2020-ci ildə neftin aşağı qiymət səviyyəsi qalarsa, dollarla yığımlar artacaq və ölkəmizdə avtomobil və daşınmaz əmlak alışı zəifləyəcək. Bu hal öz növbəsində avtomobil və daşınmaz əmlakın ucuzlaşmasını şərtləndirəcək.

Mənbə: Sfera.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR