DMX ölkədə olma müddəti bitən əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında 1-15 iyun tarixlərində olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, müraciətdə dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 15 iyun 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin DMX tərəfindən mütəmadi olaraq təhlil edildiyi və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırırıq ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1 – 15 iyun tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycan Respublikasında olma müddətləri 30 - 60 gün müddətinə (ödənilmiş dövlət rüsumunun məbləğindən asılı olaraq) uzadılacaq.
Bildirilib ki, həmçinin bu qaydada karantin dövründə əcnəbilərin ölkədə olma müddəti mərhələli şəkildə uzadılıb.
DMX bir daha xatırladıb ki, bunun üçün həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.
"Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.
Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur", - deyə məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət