Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dişi keyiməyən insanlar

Dişi keyiməyən insanlar
Sakura

Bəzi insanlar stomatoloji və tibbi proseduraların ağrısına dözmək məcburiyyətində qalır.

Bəzi insanların bədəni yerli anesteziyadan keyimir. Onlar stomatoloji və tibbi proseduraların ağrısına dözmək məcburiyyətində qalırlar. Və bunun səbəbi hələ indi yavaş-yavaş aydın olur.

Lori Lemon həkimləri mat-məəttəl qoymuşdu. O, Florida ştatında Jacksonville-de yerləşən Mayo Klinikasına dirsəyindəki lipomasını (dəri altında şişən piy toxuması) əməliyyat etmək üçün gəlmişdi. Bunun üçün şişin ətrafı keyidilməli idi, amma alınmırdı.

"Xəstəxanadakı mümkün bütün üsullar və müxtəlif dərmanların heç biri kömək etmədi," o deyir.

Klinikanın anestezioloqu Steven Clendenen də bunu təsdiq edir.

"Sinirlərə nə qədər yerli anesteziya qarışığı doldursaq da faydası olmadı," o xatırlayır.

Həkimlər təəccüblənsələr də, bu Lemon üçün adi hal idi. Ağlı kəsəni yerli keyimə müqavimətindən əziyyət çəkib. İlk dəfə təxminən yeddi yaşında ikən diş həkimində problemin fərqinə varıb.

"Onlar işini görməyə başladı və mən də onlara ağrı hiss etdiyimi söylədim," o deyir.

Həkimlər növbəti inyeksiyanı ediblər.

"Axırda dözməyib qışqırdım və müalicə bitənə qədər ağladım."

Clendenen pasientinin vəziyyətini aşkarladıqdan sonra, onu dərindən araşdırmaq qərarına gəlir. O, yerli keyitmənin təsir etmədiyi bir çox insan haqqında hadisələrlə rastlaşır. Sən demə heç kim bunun səbəbini anlamırdı - nə müqavimətə səbəb olan mexanizm, nə də əlacı bəlli deyildi.

Amma Lemon və ailəsi üzərində yeni bir genetik tədqiqat, cavaba gedən cığırın başlanğıcı kimi görünür.

Lokal anesteziyaya müqavimət göstərən insanlar ümumi keyitməni seçə bilərlər.

 

Cığıra işıq salan ilk alimlər Londonun College Hospital Universitetindən Alan Hakim və həmkarlarıdır. Hakim Ehlers-Danlors Sindromlu insanlar üçün xəstəxananın rəhbəridir. Bu sindrom birləşdirmə toxumaları qüsuru deməkdir və oynaqların kəskin şəkildə yerindən çıxması, tez göyərən və əzilən dəri ilə müşayiət olunur.

Hakim müəyyənləşdirib ki, bu xəstələrdən də bəziləri yerli keyimə müqavimətlidirlər. Keyimə əvəzinə onlar ağrını hiss edirlər.

"O zaman qərara aldıq ki, xəstəxanadakı bütün pasientlərdən bunu soruşaq," Hakim xatırlayır.

Problem haqqında ilk dəfə 11 il əvvəl - 2005-ci ildə qısa məruzə hazırlayan Hakim deyir ki, hələ də məsələnin rəsmi tədqiqatı baş tutmayıb. Amma bir neçə nəzəriyyə mövcuddur.

Bir fərziyyəyə əsasən, onların toxumaları EDS-si olmayan xəstələrdən azca fərqli olduğuna görə anesteziyanın hopmasına təsir göstərir.

Yerli keyitmə natrium kanallarını pozaraq işləyir. Bu kanallar sinir hüceyrələrinə gedən natrium ionlarını müsbət yükləyərək ağrı hissi yaradırlar. Bu mexanizm, bəzi xəstələrə müəyyən dərmanların - tutaq ki, lidokain əvəzinə artikain - daha yaxşı təsir etdiyini izah edə bilər.

Başqa bir nəzəriyyə təklif edir ki, məsələn, artikainin təsirli olmasının səbəbi onun piydə də daha yaxşı ərimək qabiliyyətidir və buna görə də hər bir sinir membranında daha yaxşı yayılır.

Bəzi xəstələrin sinirləri normalda rast gəlinən yerlərdən azca fərqli ola bilir. Bəzən keyimə üçün inyeksiya yerini dəyişmək də işə yarayır.

Bəzən yerli anesteziya dərinin altında yerləşən və infiltrasiya adlanan toxumaya və ya sinirə, yaxud sinirə yaxın yeridilir və bu da sinir tutulmasına səbəb olur.

Əgər dişdə daha geniş deşik açılmalıdırsa, stomatoloq sinirlər zədələnməsin deyə sinir tutulmasına əl atmalı olur. Bu zaman da anesteziya hər yerə yayıla bilmir.

Həkimlər periferik sinir sisteminin bu qəribə simptomlara səbəb olub-olmadığını hələ dəqiqləşdirə bilməyiblər.

 

Ən çətini isə kifayət qədər məlumatın olmamasıdır. EDS xəstələrində yerli keyimə müqavimətinin səbəbləri müəyyənləşdirilməyib.

"İnfiltrasiya üsulu və sinir tutulması üsulundan hansının işləmədiyini ayırd etmək mümkün olmayıb," Ohia Dövlət Universitetindən stomatoloq-anestezioloq Joel Veaver deyir. Digərləri kimi Veaver də məsələ ilə bağlı tədqiqatların sayını artırmağın faydalı olacağını düşünür.

Hakim deyir ki, həmkarları ilə birgə apardığı iş, həkimlər və stomatoloqlar arasında yerli keyimə müqaviməti probleminin yayılmasına səbəb olub. Amma hələ də bu haqda bilməyən və ilk dəfə eşitdikdə skeptik yanaşan həkimlərin sayı çoxdur.

EDS tibb bacısı və bu problemdən əziyyət çəkən Jenny Morrison isə məsələyə dərindən vaqifdir.

"Bir neçə dəqiqə keyiməni hiss edirəm, vəssalam," o deyir.

"Bəzi insanlar isə heç hiss etmirlər, amma məndə keyimə təxminən 10 dəqiqə çəkir."

Onun bəzi xəstələri deyiblər ki, "yerli anesteziya mənim üçün yararsızdır" deyəndə həkim və ya stomatoloqları inanmır. Ehlers-Danlos Böyük Britaniya (BB) xeyriyyə təşkilatı xəstələrin həkimlərə göstərib vəziyyətlərini izah edə biləcəkləri məlumat dərc edib.

Morrison bunun işə yaradığını desə də, vəziyyətin dərinliyini izah etmək üçün rəsmi tədqiqata ehtiyac var.

"Düşünürəm ki, bunu sübut etməyə gücümüz çatmadıqda həkimlərin vəziyyəti qəbul etməsi çətin olur," o söyləyir.

'Yanlış hiss mutasiyası'

Lemon-un problemini daha da təəccüblü edən başqa bir məqam var: ona heç vaxt EDS diaqnozu qoyulmayıb. Ondakı vəziyyətə səbəb nədir o zaman?

Elə Steven Clendenen-i maraqlandıran da bu olur.

Clevenden-in oğlu Nathan, Yale Universitetinin Tibb Məktəbində təhsil alır və o təklif edib ki, bəlkə də buna səbəb genetikadır.

Onlar Lemon-un ailə üzvlərindən eyni problemi yaşayıb-yaşamadıqlarını soruşublar. Müəyyənləşib ki, onun anası və anabir bacısı da eyni problemdən əziyyət çəkirlər, atası isə yox. Növbəti addım ailə üzvlərinin genomlarını yoxlamaq olur.

Clendenen və həmkarları yoxlanışdan sonra, bədəndə 1.5 natrium kimi bilinən natrium kanalında genetik qüsur aşkarlayırlar.

Bu mutasiya "yanlış hiss" mutasiyası adlanır. Bu genetik qəribəliyə malik insanların proteinindəki amin turşusu fərqlidir.

"Biz genetikaya nəzər saldıq və təəccübləndik, çünki onun anasında da eyni qüsur var idi," Clendenen izah edir.

Lemon-un anabir bacısında da eyni hal müşahidə olunub, amma atasında isə yox.

Natrium 1.5 kanalları yalnız ürək toxuması üçün tədqiq olunub. Yerli anesteziyanın tətbiq olunduğu periferik sinirlər üçün bu kanallar yoxlanılmayıb.

Lakin kimyəvi bir təcrübə, 1.5 natrium kanallarının periferik sinirlərdə mövcudluğunu üzə çıxarıb. Bu mutasiyanın hansı fərq yaratdığı bəlli olmasa da, o, çox güman ki, natrium kanalları açıq saxlayaraq ağrını beyinə çatdırır.

Anesteziya adətən natrium axınının qarşısını alır və beləliklə, ağrı siqnallarının beyindən sinirlərə ötürülməsini dayandırır. Amma Clendenen etiraf edir ki, bu mexanizmin detalları hələ ki, sirr olaraq qalır.

Stomatoloqlar müxtəlif dərmanlardan istifadə edir və ya inyeksiyanı toxumanın başqa yerinə vururlar, amma bu üsullar heç də həmişə işə yaramır.

 

Clendenen, bu yaxınlarda keçirilmiş bir konfransda məruzəsini təqdim etdikdən sonra, ona yerli keyitmənin təsir etmədiyi xəstələri olan bir neçə həkim yaxınlaşıb. O deyir ki, eyni xəstə üçün bir həkim hətta beş sinir tutulması icra edib, lakin heç bir faydası olmayıb.

Alan Hakim söyləyir ki, bu yazı "mükəmməldir". O, sinir sistemindəki ion kanallarına təsir göstərən genetik fərqləri müəyyənləşdirməklə, keyimə müqavimətindən əziyyət çəkən xəstələr üçün müalicə üsullarının aşkarlana biləcəyini vurğulayır.

"Tətbiq olunacaq dərman və onun effektivliyini aşkarlamaq üçün bu çox güclü əsas vəd edir," o deyir.

Lakin o istisna etmir ki, tədqiqat hələ ki, bir ailə ilə məhduddur və buna görə də qəti mühakimə yürütmək olmaz.

Clendenen-ə görə, növbəti addım kimi yerli keyimə müqavimətindən əziyyət çəkən başqa bir neçə insanı də sınamaq lazımdır ki, genetik xüsusiyyətləri dəqiqləşdirmək mümkün olsun.

O eləcə də, genetik qüsura malik hüceyrələrin yerli anesteziyaya qarşı reaksiyasını yoxlamaq istəyir.

Lemon isə Clendenen və Mayo klinikasının işini təqdirəlayiq bilir. Vəziyyəti həkimləri öncədən xəbərdar etmək anlamında bir az "narahatedici" olsa da, Lemon yumor hissini itirmir və zarafatyana deyir: "Mutant genimə görə özümü X-Men-dən biri kimi hiss edirəm."

Müayinə və müalicələri ağrısız başa vurulsun deyə yüksək dozalı dərmanlar qəbul etməyə və ya adi diş yoxlamasını acısız davam etdirə bilsin deyə ümumi anesteziyaya məcbur qalan insanlar üçün artıq bir ümid var.

"Səbəbi və əlacı müəyyənləşdirmək çox vacibdir," Clendenen deyir.

"Bəzən bu xəstələr buna inanmır və belə olduqda iş daha da qəlizləşir. Hətta, bu haqda söz açdığım bəzi həmkarlarımdan da 'Buna inanmıram' reaksiyası görmüşəm."

 

Mənbə: BBC Azərbaycan

 

[haber=900]

[haber=738]

[haber=216]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR