Son illər ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur
Son illər ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur. İmplant qoyduranların sayı artsa da, hələ də bu üsulun zərərli olması haqqında məlumatlar yayılır. Bəzi xəstələr çıxan protezlərin daha etibarlı və təhlükəsiz olduğunu, damağa daha az ziyan vurduğunu hesab edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Tofiq Mahmudov məlumat verib.
Həkim bildirib ki, bu fikirlər tibbi cəhətdən əsassızdır. Onun sözlərinə görə, çıxan protezlər damaq yatağına ciddi problem yarada bilər: “Bəzən körpü formalı protezlər yerindən tərpənir, onun altına qida qırıntılar girir, çürümə verir və s. Amma əksinə, diş implantlarının damağa və sümüyə böyük xeyri olduğunu demək olar. İmplant sümüyün atrofiyasının qarşısını alır, çeynəmə zamanı sümüyə düşən yükün öhdəsindən rahatlıqla gəlir”.
T.Mahmudov implantların yerləşdirilməsi üçün yaş məhdudiyyətlərinin olmadığını vurğulayıb. O, 81 yaşlı pasiyentin aşağı çənəsinə 4 implant yerləşdirdiyini deyib . Mütəxəssis pasiyentin maddi durumundan və çənə strukturundan asılı olaraq çıxan, yoxsa çıxmayan protezlər qoyulmasına dair qərar verildiyini diqqətə çatdırıb.
“İmplantların qoyulması və tamamilə çənədə oturuşması bir neçə ay çəkir. İlk olaraq cərrahiyyə mərhələsində implant çənəyə yerləşdirilir. Bir neçə ay keçəndən sonra üstündə protezləmə aparılır. Bu müddət aşağı çənədə 2-3, yuxarı çənədə isə 4-6 aya bərabərdir. Bəzən implantlarda müəyyən stabillik müşahidə olunduqda cərrahiyyə mərhələsi ilə birlikdə ortopedik müalicə də aparılır. İmplantların yerləşdirilməsindən sonrakı mərhələdə implantüstü protezlərin qoyulması üçün ölçü götürülür. Texniki mərhələ təxminən 7-10 gün ərzində aparılır. Protezlər bir neçə dəfə yoxlanılır. Əgər dişlər həm funksional, həm də estetik cəhətdən tələblərə cavab verirsə, onda implantüstü protez pasiyentlərə birdəfəlik təhkim edilir. Adi dişlər kimi implantlara da vaxtaşırı qulluq göstərilməli və daim stomatoloqun nəzarəti altında olmalıdır”, - deyə mütəxəssis qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət