Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə…
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində direktorların işə qəbulu ilə bağlı sualları cavablayıb.
O, namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə direktor seçilməsi, yaxın ərazilərdəki vakansiyaları belə seçə bilməməsi barədə məlumat verib.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov gec-tez belə dəyişikliyin ediləcəyinə əmin olduğunu bildirib:
"Namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdə biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil edilməsinin mühüm faktorlarıdan biri olmaqla yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə də öz müsbət təsirini göstərə bilər.
Bir vaxtlar “Təhsil haqqında” Qanunun qəbul edilməsinin yubadılması ilə əlaqədar uzun müddət bu sahədə müəyyən boşluqlar yaranmışdı ki, bu da təhsilimizin ümumi durumuna təsirsiz ötüşmədi. Bununla belə, qaydalarda lazım oldu-olmadı dəyişikliklər aparılması təhsilin dayaqlarını sarsıdır. Təsəvvür edin, son 20 ildə nomenklatur dəyişikliyi ilə əlaqədar onlarla rəsmi sənəd qəbul edilib.
2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi. Lakin, elə həmin ilin aprel ayında, “Təhsil Nazirliyi sisteminə daxil olan təlim-tərbiyə müəssisələrində, idarə və təşkilatlarında, rəhbər kadrların seçilib yerləşdirilməsi işini təkmilləşdirmək, onlarla əmək münasibətlərinin yaradılması və prosesi tənzimləmək məqsədi” əsas götürülərək, sabiq nazirin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 279 №-li əmri ilə, Nazirliyin 18 mart, 1994-cü il tarixli Kollegiya qərarı güvvədən düşmüş hesab edildi və orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi".
Nadir İsrafilov qeyd edib ki, məsələnin ciddiliyi problemə yenidən baxılmasını zəruriləşdirib:
"Təhsil Nazirliyinin 03 sentyabr, 2002-ci il tarixli, 857 №-li əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi. Bir müddət keçdikdən sonra Təhsil Nazirliyinin17 oktyabr, 2006-cı il tarixli, 752 №-li əmri ilə nomenklaturada “qismən” dəyişiklik aparılması nəticəsində, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişıkliyə görə, yerlərdən verilən təqdimata əsasən, Təhsil nazirliyinin müvafiq razılıq məktubu alındıqdan sonra, orta ümumtəhsil məktəbi direktorunun vəzifəyə təyin və vəzifədən azad olunmasının yerlərdə rəsmiləşdirilməsi nəzərdə tutulurdu.
Bundan sonra, artıq sadalamağa ehtiyac duyulmayan daha neçə-neçə məlum və naməlum əmrlər, təlimatlar, göstərişlər verilib. Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib.
Son əmrin verilməsi üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılmasının əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulmasının hədəf kimi qarşıya qoyulması vəzifəsi əsas götürülüb. Həmçinin o da bildirilir ki, məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur. Qaydalar təsdiq edildikdən sonra bu bazanın yaradılması istiqamətində işlərə başlanacaq.
Bu da təbiidir. Məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri və ya esse yazmaq bacarığı kifayət etmir. Onun gərək lazımi səriştəsi və təcrübəsi olsun, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olsun, , valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Burada bir məsələ də var ki, imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə, təyin edilməsidir. Məsələn, Xəzər rayonunda yaşayan bir şəxs Qaradağ rayonunda yerləşən məktəbə direktor təyin olunacaqsa, burda hansı səmərəli idarəetmədən söhbət gedə bilər. Əslində direktor məktəbə müəllimlərdən heç olmasa ən gec halda 15-20 dəqiqə tez gəlməli və o qədər də gec də getməlidir. Ancaq tıxacları da nəzərə alsaq, şəhərin bir başından digər başına 100 km-lərlə məsafəni qət edən direktorun vəziyyətini gəlin bir anlığa təsəvvür etməyə çalışaq...
Sovet dönəmində bu kimi halları nəzərə alıb, məktəbin bir qanadında uzaq məsafədən gələn direktor üçün, digər qanadında isə direktor müavini üçün ayrıca otaq nəzərdə tutulan xüsusi tipli məktəblər tikilərdi. İndi buna ehtiyac olmasa belə, hər halda məsafə baxımından ərazi faktoru da nəzərə alınmalıdır ki, belə bir dəyişiklik baş verdiyi halda məktəb direktorunun təyin olunması sahəsində ən ciddi problemlərdən biri həllini tapmış olar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət