Slimfit
  1. MARAQLI

Diplom, yoxsa intellekt?

Diplom, yoxsa intellekt?
Sakura

Diplom, yoxsa intellekt?

İşəgötürmə prosesində namizədin şəxsiyyəti, emosional intellekti, empatiyası daha vacib elementlərə çevrilir

“Ali məktəblərdə gənclərə öyrədilən bilik və bacarıqlarla işə qəbul zamanı onlardan gözlənilən keyfiyyətlər arasında yerlə göy qədər fərq var”. Sizcə, kimlər belə şikayət edir? Bəli, şirkət və idarə rəhbərləri, biznes-liderlər. Özü də getdikcə daha tez-tez. Söhbət tək Azərbaycandan getmir, bütün dünyada belədir. Bu tendensiya zamanla daha da artır və artıq həyəcan təbilini çalmaq vaxtıdır: statistikaya görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə 25-34 yaşlı şəxslərin 40, ABŞ-da isə düz 50%-i ali məktəb məzunlarıdır. Yəni, işlək əhalinin tən yarısı ali savadlıdır, ancaq işəgötürənlər onlardan narazıdır.

Diplomu inkar edənlər

Bu barədə çox yazmışıq, hazırkı təhsil sistemi dünyada baş verən dəyişikliklərin tələblərinə cavab vermir. Biz informasiya əsrinə qədəm qoymuşuq, övladlarımız sənaye inqilabının təhsilini alırlar. Nəticə isə göz qabağındadır: işəgötürən ali məktəbin illərlə yetişdirdiyi kadrdan narazıdır. Təbii ki, bu vəziyyət daimi deyil. Dünyanın inkişaf etmiş hissəsində bəzi ali məktəblər mövcud duruma cəld reaksiya verir, strukturlarında, müəllim-tələbə münasibətlərində köklü dəyişikliklərə gedirlər. Bir sıra pilot layihələr sınaqdan çıxarılır, məsələn, elə ali məktəb var ki, binası yoxdur, tələbələri isə hər il bir şəhərdə “oxuyur”lar. Daha doğrusu, işləyə-işləyə öyrənirlər. Məsafəli, onlayn təhsil də mövcud vəziyyətə göstərilən reaksiya nümunəsidir. Ancaq belə görünür ki, hələlik rəqəmsal inqilabın övladlarını tam qane edəcək oturuşmuş sistemdən söhbət getmir.

Təhsilin böhranı istər-istəməz belə bir suala səbəb olur: ali məktəblərin məzunlarına verdikləri diplom o qədərmi vacibdir? Yaxud, sualı başqa formada qoyaq: diplom önəmlidir, yoxsa intellekt? Savad vacibdir, ya bacarıq?

Qərbin aparıcı korporasiyalarında diplom məsələsi sanki lətifə mövzusuna çevrilib və belə bir qərara gəlinib ki, hazırkı reallıqda bacarıq ən mühüm dəyərdir. Bu tendensiya onu göstərir ki, böyük, beynəlxalq, transmilli şirkətlərdə diplomun əhəmiyyəti getdikcə azalır. Bir sıra hallarda şəxsi anketlərdə diploma dair bənd, ümumiyyətlə, yoxdur.

İşəgötürmə xidmətləri üzrə ixtisaslaşmış “Glassdoor” saytı işçinin qarşısına diplom tələbi qoymayan 15 şirkətin adını dərc edib. Bu şirkətlər üçün potensial işçinin nəinki hansı ali məktəbi necə bitirməsi, ümumiyyətlə, ali savadının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur.

ABŞ-da fəaliyyətdə olan və eyni xidmətləri göstərən “Quartz” saytının yaydığı siyahıya dünyanın texniki nəhənglərinin adları daxildir. Məsələn, “Google”, “Apple”, IBM kimi nəhənglərə işçinin diplomu lazım deyil. Gəlsin, görək nəyi bacarır. Ancaq burada belə bir sual meydana çıxır: diplom tələb etməyən şirkətlər yalnız texnoloji sahədə ixtisaslaşanlardımı? Yəni tutaq ki, gəncin informasiya texnologiyalarına hədsiz marağı var və o, heç bir ali təhsil görmədən təcrübə hesabına yaxşı mütəxəssisə çevrilib. IBM bu şəxsi işə götürdü. Bəs, fərqli spesifikalı şirkətlərdə necə? “Quartz”ın məlumatına görə, transmilli şirkət  “Starbucks” və audit sahəsində dünya liderlərindən biri olan “Ernst&Young” da işçilərdən diplom tələb etmir. Əlbəttə, ali təhsilin mövcudluğu, xüsusilə də əgər söhbət nüfuzlu universitetin məzunundan gedirsə, həmişə böyük üstünlükdür. Ancaq həlledici faktor deyil. “Akademik təhsil hər zaman nəzərə alınır, ancaq başlıca amil deyil” - deyə “Ernst&Young”dan bildirirlər.

Kütləvi reallığa çevrilən tendensiya

 Bu ənənənin pioneri birmənalı olaraq “Google”dur. ABŞ-ın bu texnoloji nəhəngində hamıdan tez anlamağa başlayıblar ki, işdə insanın əqli bacarıqları ilə universitet diplomu arasındakı bağlantı cüzidir. Elə bu səbəbdən də nüfuzlu ali məktəblərin məzunlarının ardınca qaçmağın heç bir mənası yoxdur - bu, istehsal fəaliyyətinə təsir göstərən ən önəmli amillərdən deyil. “Quartz”ın məlumatına görə, IBM-dəki əməkdaşların 15%-nin, ümumiyyətlə, ali savadı yoxdur. Təsəvvür edirsiniz? Müəllif bu sətirləri IBM kompüterində yazır. Oxucuların da bir qismi şübhəsiz ki, qəzetimizin internet versiyasını həmin o IBM-in istehsalı olan kompüterlərdən izləyir. Və bu şirkətin əməkdaşlarının 15%-nin bizdən fərqli olaraq ali savadı yoxdur! IBM-in baş direktoru Virciniya Rometti hesab edir ki, texnoloji nəhənglər üçün professional məqsədlər və iş əsnasında qazanılmış bacarıqlar diplomdan çox-çox önəmlidir.

“Pole Emploi” dövlət agentliyinin Fransada həyata keçirdiyi araşdırmanın nəticələrindən məlum olub ki, oxşar təzahürlər bu ölkədə də müşahidə olunur. 2018-ci ilin göstəricilərinə əsasən, Fransada fəaliyyət göstərən işəgötürənlərin 59%-i işçinin işə alınması prosesində təhsil səviyyəsinin o qədər də önəmli olmadığı qənaətindədir. Ön plana “soft skills”, başqa sözlə, “davranış bacarıqları” çıxır. İşəgötürənlərin 60%-i üçün həmin bu “davranış bacarıqları” texniki bilik və savaddan daha önəmlidir. Söhbət bilirsiniz hansı bacarıqlardan gedir? Şirkət və ya təşkilata tez uyğunlaşmaq və müstəqillikdən, qərar qəbul edə bilmə bacarığından. “Morgan Philips” kadr agentliyinin təsisçisi və sahibi Şarl-Henri Dyümon “Le  Figaro” qəzetinə müsahibəsində deyir: “İşəgötürmə prosesində namizədin şəxsiyyəti, onun emosional intellekti, empatiyası daha vacib elementlərə çevrilirlər”. Özü də bu yanaşmanı, misal üçün, mühəndislərə də aid etmək olar. Halbuki onlar həmkarları ilə o qədər də ünsiyyətdə olmurlar. Dyümon diplom barədə bunları deyir: “Empatiyası olan proqramçı qızıl işçidir. Ancaq onu da deməliyəm ki, savadlı və yüksək ixtisaslı əməkdaş da eynilə qiymətləndirilməlidir”.

Təhsil sosial bərabərsizlik göstəricisi kimi

İri korporasiyalar və işəgötürənlər potensial işçidən diplom tələb etməməkdə olsunlar, dünyada baş verənlər isə əksini göstərir. Fikir verin: “The Economist” qəzetinin yazdığına görə, gənclərin ali təhsilə yatırımlarının rentabelliyi olduqca yüksəkdir. Ali təhsilin mövcudluğu işçinin gəlirlərinin digərlərinə nisbətən ciddi şəkildə artımı deməkdir. Afrika ölkələrində ali savadlı işçi diplomu olmayan işçidən təqribən 20% çox qazanır. Skandinaviya ölkələrində bu göstərici 9%-dir. Nəzərə almaq lazımdır ki, burada əhalinin 40%-i ali təhsillidir. Yəni, bir sıra işəgötürənlər və işədüzəldənlər üçün diplomun olub-olmamasının qeyri-vacibliyi kimi, onların əks qütbdəki həmkarlarının diametral dərəcədə fərqli qənaətdə olduqlarını da qeyd etməliyik. Rekruterlər və işəgötürənlərin bir hissəsi hesab edirlər ki, diplomun işlə təminat prosesində çox böyük çəkisi var. Hətta o səviyyədə ki, potensial işçinin hansı ixtisas üzrə hansı ali məktəbi bitirməsinin əhəmiyyəti o qədər də nəzərə alınmır. Əsas odur ki, diplomu var!

 “Diplom vacib deyil” deyənlər belə bir arqument gətirirlər ki, namizəddən ali təhsil tələb etməklə rekruterlər həm özlərinə, həm də potensial işçiyə zərər vururlar. Özlərinin müştəri bazası məhdudlaşır, insanların isə işləmək hüququ. İnnovasiyalar və əmək bazarının təkamülü şəraitində ənənəvi olaraq universitetlərlə assosiasiya olunan diplomun hazırkı reallıqların tələblərinə cavab verib-verməməsi mübahisəli məsələdir.

 Bir sıra metaanalitik araşdırmaların nəticələri göstərir ki, intellektin yoxlanılması testləri insanın iş potensialını daha aydın formada nümayiş etdirir. Yəni, əgər biz ali təhsilli və yüksək intellektli iki namizədi götürürüksə, gözləməliyik ki, işdə ikinci daha yaxşı nəticələr verəcək. Düzdür, birinci ali məktəbdə çox yaxşı oxuyub, əziyyət çəkib, yüksək qiymətlər alıb. Ancaq intellekt testləri yeni informasiyanı əxz etmək, düşünmək və məntiqi qərar qəbul etmək sahəsindəki mənzərəni daha aydın göstərir.

Daha bir mühüm məqama diqqət yetirək. Bir sıra ekspertlər bu qənaətdədirlər ki, ali təhsil müəyyən mənada sinfi əhəmiyyət kəsb edir. Yəni, kimin pulu çoxdursa, övladı daha səviyyəli ali məktəbdə oxuyur. Nəticədə o, ali təhsilini bitirərək ata-babalarının mövqeyini tutur, onların işini davam etdirir. Onların fikrincə, bu, sosial mobilliyi azaldır və bərabərsizliyi gücləndirir. Məsələn, ABŞ-da yüksək gəlirli ailələr uşaqlarını heç vaxt adi məktəblərdə oxutmurlar. Bu da onların həyat yoluna təsirsiz ötüşmür və nəticədə imkansızları qeyri-bərabər vəziyyətə salır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR