DİN-dən İlkin Süleymanovun polis əmisi oğlu ilə bağlı açıqlama: “Bəlkə, utanıb, xəcalət çəkib”
Daxili İşlər Nazirliyi Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun işdən uzaqlaşdırılması və şərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, cinayətdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin məsələyə heç bir aidiyyəti yoxdur:
“Həmin şəxs düz danışmır. O, bəlkə də, polis işlədiyi üçün əmisi oğlunun bu cür ağır cinayətdə şübhəli bilinərək saxlanmasından utanıb, xəcalətindən bu addımı atır və məsələni başqa tərəfə yönəldir. Guya o inciyir ki, daxili işlər orqanının əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmur.
Amma həmin şəxs unudur ki, ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin, hansı mövqedə olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Qanun hamı üçün eynidir. Burada da heç kimə güzəşt olunmur. Şəxs ağır cinayətdə şübhəli bilinib və saxlanılıbsa, qanunun tələblərinə uyğun istintaq, əməliyyat tədbirləri həyata keçirilir”.
“M.Süleymanovun daxili işlər orqanında istefa ərizəsi olmur, raport yazılır. O da raport yazıb işdən getmək istəyirsə, baxılar və müvafiq qərar qəbul edilər”, - deyə E. Zahidov qeyd edib.
Qeyd edək ki,Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov “Kanal 13”ə müsahibəsində bildirib ki, “polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün” işdən çıxması üçün ərizə yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət