Slimfit
  1. MARAQLI

Dikdabanlar idman ayaqqabılarına qarşı: yüksək moda hündür dabandan imtina edəcəkmi?

Dikdabanlar idman ayaqqabılarına qarşı: yüksək moda hündür dabandan imtina edəcəkmi?
Sakura

Dikdabanlar idman ayaqqabılarına qarşı: yüksək moda hündür dabandan imtina edəcəkmi?

Görkəmsiz, amma çox bahalı idman ayaqqabıları getdikcə həyatın bütün sferalarına daxil olur - alış-veriş məkanlarından tutmuş nüfuzlu festivalların və mükafat tədbirlərinin qırmızı xalılarına qədər. Bu, dikdaban ayaqqabıların taleyini getdikcə daha çox sual altında qoyur: moda dünyası hündür dabandan imtina edəcəkmi?

Kimin üçünsə hündür daban qadınların çəkdiyi zülmün, başqaları üçünsə müxtəlif şeylərin - seksin, qadın hüquqlarının genişlənməsinin, ya da sadəcə möhtəşəm yerişin simvoludur.

2014-cü ilin yanvar ayında Karl Lagerfeldin "Chanel" dəb şousu xəyali "Kambon klub"unda keçirilmişdi.

Aparıcı Kartoy Delevin və modellər nəfəsli orkestrin ifa etdiyi musiqinin sədaları altında enli pilləkənlə səhnəyə enmişdilər, paltarları nazik parçalardan, tvid və orqanzadandı.

Bu şou həqiqətən də yüksək moda hadisəsi kimi görünürdü, amma bir çox əvvəlki tədbirlərdən fərqlənirdi. Modellərin ayağında 3000 avroluq əl işi idman ayaqqabıları vardı. Bir cüt belə ayaqqabının hazırlanmasına 30 saat sərf edilir.

Ola bilsin, o vaxt kimlərsə baş verənlərə şübhəli bir təəccüblə baxmışdı, amma radikal addım artıq atılmışdı.

Zərif və qlamur yüksək moda dünyası bu seçimi şahzadə qızın ayaqqabılarına layiq bir rəğbətlə qarşılamışdı.

"Chanel"in rəsmən təqdir etdiyi bu funksional ayaqqabı növünü artıq nə ofislərin girişində, nə də əyləncə mərasimi öncəsi dəyişməyə tələsirlər.

O şoudan keçən beş il ərzində idman ayaqqabısı dəbi elə bir nöqtəyə gəlib çatıb ki, artıq geri dönüşü mümkün deyil.

"Chanel"in podiumunda görünəndən sonra idman ayaqqabıları görkəmcə daha da eybəcərləşdi və bir çox hallarda daha da bahalaşdı.

Bu gün onlar nə qədər eybəcər və yöndəmsizdirsə, bir o qədər yaxşı hesab olunur. Dəb axtarış platforması "Lyst"-in məlumatlarına görə, 2018-ci ilin 4-cü rübündə ən çox axtarılan malların onundan dördü məhz idman ayaqqabıları olub.

Ondan istifadə üçün açılan geniş üfüqləri ilk olaraq "Nike" və "Adidas" şirkətləri gördülər və tezliklə bundan faydalanmağa başladılar. Bu brendlər arzulanan əşyalar yaratmağın ustasıdırlar.

"İnstaqram" istifadəçiləri arasında çoxlu məşhur və inflüenser (təsir edən) var - məsələn, Gigi və Bella Hadid, Hailey Bieber kimi. Bu şəxslərin hamısı yöndəmsiz idman ayaqqabılarını fəxrlə geyirlər, həm də nəylə olsa - kokteyl paltarlardan tutmuş cins şalvar və idman köynəklərinə qədər.

Onlar cütü 600-1000 funt arası olan "Louis Vuitton Archlights" və "Balenciaga Triple S" markalı ayaqqabıları daha çox sevirlər.

Serena Williams nəinki öz toyuna, hətta şahzadə Harry və Meghan Markle-ın toyundan sonrakı məclisə də idman ayaqqabısı ilə getmişdi (əynində "Valentino"nun donu vardı).

Hələ on il əvvəl idman ayaqqabısını heç kim layiqli formal ayaqqabı hesab etməsə də, o gündən bu günə cəmiyyətin mentaliteti xeyli dəyişib.

Bir çox hallar üçün dress-kod sərbəstləşib, idman ayaqqabısı iş yeri və idman zalı geyiminin sintezinin qəbul edildiyi ofislərə "ayaq açıb".

"X və Y nəslinin nümayəndələri tədricən hündürdaban ayaqqabıdan imtina edirlər və bu, qadınların ofisdə mütləq dikdaban ayaqqabıda olması kimi seksist və diskriminasiya xarakterli ideyanın keçmişdə qalmasına şərait yaradır" - "Lyst"-in nümayəndəsi Morgane Le Caer belə deyir.

Ola bilsin, idman ayaqqabılarının bu səviyyədə məhşurlaşması feminizmin dördüncü dalğası və qeyri-ikili gender sistemi haqda müzakirələrlə eyni vaxta düşməsi heç də təsadüfi deyil.

"Möhtəşəm idman ayaqqabısı - zəmanənin nişanəsi və geyim çərçivəsini genişləndirmək istiqamətində hərəkatdır" - Viktoriya və Albert Muzeyinin kuratoru Lucia Savi belə deyir.

Hündür daban qadını yavaşlatmaq üçün düşünülmüş patriarxal bir alətdirsə, dəbli idman ayaqqabısı buna qarşı cavab zərbəsidir.

Hazırda baş verənlər dikdaban ayaqqabıların sonu deməkdirmi? Çətin ki.

Bu gün bizim ayaqqabıya qarmaqarışıq münasibətimiz feminizmlə bağlı mürəkkəb mübahisələrin mənbəyi olaraq qalır.

Hündür dabanı nəyin simvolu olaraq görməyimiz kontekstdən və şəxsi mülahizələrdən asılıdır.

Summer Brennan özünün mart ayında dərc edilmiş "Hündür daban" kitabında yazır ki, "Dikdaban ayaqqabı bizim həyacanlı olduğumuz yerlər üçündür - jurnalların üz qabığı, ambisiyaların nümayişi, qırmızı xalılar, mükafat mərasimləri, yüksək səviyyəli yığıncaqlar, məhkəmə zalları, müzakirə zallarının tribunaları kimi".

"Paradoksaldır ki (bəlkə də deyil), fetiş sənayesinin 150 illik tarixində yüksək daban seks ayaqqabısı hesab olunub" - Brennan belə deyir.

Dabanlı şap-şapları həm də fars hökmdarları məhşurlaşdırmışdılar.

Hündür dabanla hakimiyyət arasındakı əlaqə tarixi dövrdən və ölkədən asılı olub. Fakt bundan ibarətdir ki, dikdaban ayaqqabıları əvvəlcə güclü cinsin nümayəndələri geyinməyə başlayıblar - öz kişiliklərini qabartmaq üçün.

Hündür daban Avropaya XVI əsrdə Asiyadan gəlib. O vaxt belə ayaqqabıları süvarilər geyiniblər - ayaqları sürüşüb üzəngidən çıxmasın deyə.

Dikdabanlar avropalılarda Persiyanın hərbi gücüylə assosiasiya olunurdu deyə, belə ayaqqabılar kişilər tərəfindən böyük entuziazmla qarşılanmışdı. Qadınlar və uşaqlar onlardan xeyli sonra bu dəbə uymuşdular.

Fransada 1643-1715-ci illərdə hakimiyyətdə olmuş XIV Louis dikdaban ayaqqabı geyinən ilk "inflüenserlərdən" bir olmuşdu.

Onun rəngbərəng ayaqqabıları böyük fiziki yükə adekvat deyildi və bu, onların sahibinin kral statusunu qabartmaq üçün düşünülmüşdü.

Hündür dabanlı ayaqqabı bir çox fəaliyyət sahələrində qadınlar üçün hələ də ofis dress-kodu olaraq qalmaqdadır.

2016-cı ildə "Portiko" şirkətininin nümayəndəsi dikdaban geyinməkdən imtina edən qeydiyyatçı Nicola Thorp-u evə göndərmişdi.

Thorp təslim olmamış, qalmaqal yaranmışdı. 150 min şəxs petisiya imzalayaraq işverənlərin qadınlardan bunu tələb etmələrinin qadağan olunmasını istəmişdi. Bu tələbdə seksizmin olub-olmamasıyla bağlı hətta parlament araşdırması da aparılmışdı. Amma bununla bağlı hələ ki, hər hansı qanun qəbul olunmayıb.

Dikdaban ayaqqabı bütün növ qırmızı xalılar üçün də standart dress-kod hesab olunur.

2015-ci ildə Kann kinofestivalı buna görə tənqid olunmuşdu - təşkilatçılar dikdaban ayaqqabıyla gəlməmiş; hətta qiymətli qaşlarla bəzədilmiş olsa belə, dabansız ayaqqabılar geymiş qadınların qırmızı xalıdan keçməsinə icazə verməmişdilər deyə.

Aralarında Emily Blunt, Benicio Del Toro da olan aktyorlar təşkilatların qadınlara qarşı bu qəddar davranışına etiraz etmiş, 2018-ci ildə isə Kristen Stewart nümayişkaranə şəkildə qırmızı xalıdan ayaqyalın keçmişdi.

Moda trendlərinin dəyişkən təbiəti göstərir ki, hər hansı tendensiya ana axına çevrilən kimi zövq kəfgiri tam əks istiqamətdə hərəkətə başlayır.

Bu baxımdan, idman ayaqqabılarının populyarlaşması ancaq ondan xəbər verir ki, dikdaban ayaqqabıların intibahı çox da uzaqda deyil.

Sonuncu moda həftələrindən də göründüyü kimi, moda dizaynerləri bir trend olaraq idman ayaqqabılarından imtina etməyə başlayıblar.

"Balengia" moda evinin kreativ direktoru, "atamın idman ayaqqabısı" ideyasını ilk tətbiq edənlərdən Demna Gvasalia sonuncu payız-qış kolleksiyasına "idman ayaqqabısı stilində" heç bir şey daxil etməyib.

Amma idman ayaqqabısı dəbinin səngiməsinə və artıq azalmasına baxmayaraq "NGD Group"-un dəbli ayaqqabı və aksessuarlar üzrə eksperti Beth Goldstein bu ayaqqabıların formal kontekstdə qəbul edilməsini qadın modasında ciddi irəliləyiş hesab edir.

"Mən bunun sadəcə cazibə hadisəsi olduğunu düşünmürəm. Təsadüfi şıltaqlığın ömrü bu qədər uzun olmazdı - alıcılar gərgin həyat tərzində komforta üstünlük verməyə başlayıblar. İdman ayaqqabısının populyarlığı təbii şəkildə azalacaq, amma onlar bazarın hərəkətverici qüvvəsi olaraq qalmaqda davam edəcəklər".

"Mintel"in 2018-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, böyük ehtimalla, ABŞ-da 18-34 yaş aralığındakı alıcılar (37%) ayaqqabının rahat olmasını istəyən yaş qrupudur.

"Komfort, funksionallıq və maraqlı detallar - başqaları üçün geyinmək hissinə zidd məqamlardır. İstər böyük və bəzəkli çəkmələr, istərsə də idman tipli sandallar getdikcə daha çox populyarlaşır" - "Matches Fashion"-un moda və alış direktoru Natalie Kingham belə deyir.

Kingham həmçinin qeyd edir ki, hətta dikdaban geyinənlər də onun daha komfortlu hündürlüyünə - 90 mm-dən az olan variantlarına üstünlük verirlər.

Savi hesab edir ki, biz heç vaxt hündür dabandan tam imtina etməyəcəyik, amma ona münasibətimiz nisbətən fərqli müstəviyə keçəcək.

"Yüzillər boyu hündür daban cəmiyyətdə və mədəniyyətdə müəyyən rol oynayıb, ona görə də mən düşünmürəm ki, o, belə asanlıqla aradan çıxacaq. Ola bilsin, nazik daban başqa bir şəkil alacaq, amma hündürlük yenə də vacib olacaq".

Dikdaban ayaqqabıları qadağan etmək əvəzinə, onları daxil edildikləri gender gözləntilərindən azad etmək lazımdır.

Son illərdə dikdaban kişi ayaqqabıları podiumlarda və qırmızı xalılarda daha çox görünməyə başlayıb. Bu, yeni tendensiyadan xəbər verir: cəmiyyətin dikdabanlara münasibəti növbəti dəfə dəyişə bilər.

"Gucci", "Calvin Lein", "Saint Laurent" və "Balenciaga" kimi məşhur brendlər öz kolleksiyalarında rəsmlər və parlaq elementlər əlavə edilmiş hündürdaban ayaqqabılar nümayiş etdirirlər.

2018-ci ildə italiyalı lüks dizayneri Francesco Russo nazik dabanlı, 35-45 ölçülü ayaqqabıların istehsalına start verib və bu ölçülər onların həm qadınlara, həm də kişilərə təklif ediləcəyini göstərir.

"Bu, nə polemika, nə də siyasət üçün atılmış addımdır. Sadəcə cəmiyyət bu cür irəliləyir. Mən hesab edirəm ki, dünyanın istəklərinə cavab verən insanlar olaraq bu bizim borcumuzdur" - o, "Vogue" jurnalına müsahibəsində belə deyib.

Bu kiçik həcmli kolleksiya o qədər populyar olub ki, brendin bütün təkliflərində yer almağa başlayıb.

Hündür dabanla bağlı ənənəvi simvolizmi tərsinə çevirmək istəyən brendlərdən biri də Bruklindəki "Syro" şirkətidir. O, böyük ölçülü möhtəşəm çəkmələrini kişilərə, transseksuallara və özünü qeyri-ikili genderə aid edənlərə satır.

Brend rəsmən bəyan edir ki, onun məqsədi "müxtəlifliyi əyanilik vasitəsilə" təbliğ etmək və "qruplar vasitəsilə hüquqları genişləndirilməkdir".

Ola bilsin, məsələnin mahiyyəti elə bundadır. Dikdabanları qadağan etmək əvəzinə, onları daxil edildikləri gender gözləntilərindən və ictimai normalardan azad etmək lazımdır.

Axı, bu, bir cüt ayaqqabıdan başqa bir şey deyil. Və onları geyinib-geyinməmək hər kəsin şəxsi işidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR