DGK blokçeyn texnologiyasının tətbiqinə başlayıb
Dövlət Gömrük Komitəsi Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulub.
Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə ÜGT-nin Bakıda keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində tərəflər arasında görüş keçirilib.
Görüşdə çıxış edən DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Bu məqsədlə innovativ layihələr hazırlayıb, həyata keçirir.
Bildirilib ki, TradeLens-ə qoşulmaqla Azərbaycanın idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir. DGK hazırda rəqəmsallaşdırma ilə əlaqədar səylərini artırmaq məqsədilə TradeLens-i qəbul etmək və ondan aktiv şəkildə istifadə etmək üçün bütün dünyada çoxsaylı dövlət orqanları ilə əməkdaşlıq etməyə başlayır.
Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. TradeLens böyük bir təchizat zənciri platformasıdır və ticarət sektoru üzrə maraqlı tərəflər üçün etibarlı bir platformaya çevrilməkdədir.
TradeLens-dən istifadə etməklə DGK TradeLens ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edəcək. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir.
“Bütün dünyada gömrük orqanları malların bir nöqtədən digərinə normal qaydada daşınması prosesində mühüm rol oynayır” - deyə Maersk GTD-nin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt bildirib:
“Müasir dövrdə müvafiq qaydada məlumat axınının olmaması daşımaların yoxlanılması prosesi üçün önəmli risklər təşkil edir və bununla bağlı ciddi dəyişikliklər edilməsi olduqca zəruridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da ciddi şəkildə artırır və biz bununla əlaqədar birlikdə çalışmağı önəmli hesab edirik.”
Qeyd edək ki, görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin TradeLens-ə qoşulması məqsədilə tərəflər arasında sənəd imzalanıb. Sənədi İqbal Babayev və Mayk Vayt imzalayıb.
TradeLens platforması Maersk və IBM tərəfindən birgə işlənib hazırlanıb. TradeLens blokçeyn texnologiyası ilə möhkəmləndirilmiş, beynəlxalq daşıma sektoru üzrə böyük şirkətlər tərəfindən dəstəklənən açıq və neytral sənaye platformasıdır. Platforma qlobal təchizat zəncirində daha uğurlu əməkdaşlıqlar qurulması və etibarın artırılması məqsədilə məlumatların səmərəli, şəffaf və təhlükəsiz mübadiləsini təmin edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət