Slimfit
  1. PSİXOLOGİYA

Dərslə yüklənmə uşağa necə mənfi təsir edir?

Dərslə yüklənmə uşağa necə mənfi təsir edir?
Sakura

Dərslə yüklənmə uşağa necə mənfi təsir edir?

Orta məktəblərdə tədris proqramının çətinliyi, şagirdlərin həddindən artıq yüklənməsi bütün cəmiyyəti narahat edən məsələdir. Ekspertlərə görə, şagirdlərin bu qədər yüklənməsi mənasızdır və bunun səbəbləri qaranlıqdır.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deputat Şəmsəddin Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir: “Uşaqları, şagirdləri bu qədər yükləmək olmaz. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Həmçinin, müəllimlərin dərs-tədris yükü məsələsində müəyyən çatışmazlıqlar var”.

Təhsil Nazirliyi isə deputatın müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir. Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ sözügedən qanunun predmeti ola bilməz: “Bu məsələnin qanunla hansısa bağlılığı yoxdur və ola da bilməz. Eyni zamanda, müəllimlərin dərs-tədris yükü fərqlidir. Məsələn, bəzi məktəblərdə ədəbiyyat dərsi 200 saat ola bilər, bəzisində isə 60 saat. Yəni məktəblərdəki siniflərin və şagirdlərin sayına görə bu rəqəm dəyişir. Ona görə də bu məsələnin qanunla tənzimlənməsi mümkün deyil”.

“Təhsil Xidmətləri” Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədovun dediyinə görə, təhsil sahəsində islahat proqramlarının əsas məqsədi məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Konstitusiyasında, “Təhsil haqqında” qanunda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir: “Amma etiraf edək ki, bir çox hallarda bu mümkün olmur. Bunun əsas səbəbi təhsil alanların hədsiz dərəcədə yüklənməsidir. Tədris proqramında müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin yaş, qavrama səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin bu, heç də dərslikləri nəzəri məlumatlarla yükləməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də tətbiqi bacarıqların formalaşmasına xidmət edir. Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır. Amma təəssüflər olsun ki, hal-hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır”.

Müsahibimizin sözlərinə görə, dərsliklər o qədər çətindir ki, heç böyüklər onu başa düşmür: “Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər”.

Əsədov qeyd edir ki, dərsliklər və əlavə oxu materialları və iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir: “Ağır çantaları valideynlər belə daşımaqda çətinlik çəkirlər. Vacib bir məqamı qeyd edim ki, beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən bir paraqrafda və bir səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur tamamilə pozulub. İbtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil. Məsələn, bir paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil. Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub. Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardadır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil”.

Bir həftə ərzində I sinif kitablarını analiz edən ekspertin gəldiyi qənaət budur: “Belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. Orta məktəbin funksiyası şəxsiyyət yetişdirməkdir, amma bu kitabların heç biri şəxsiyyət yetişdirmir. Mənasız informasiya yükü şagirdin yaş xüsusiyyətinə uyğun deyil. Ev tapşırıqları həddindən artıq çoxdur. Əlbəttə ki, dərs yükü çox olduqda, uşaqların onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, sadəcə, əzbərçilik edirlər”.

Bakı Avrasiya Universitetinin dosenti, təhsil eksperti Mütəllim Rəhimli bildirir ki, orta məktəblərdə tədris proqramı ilə bağlı ən obyektiv məlumatları orta məktəb müəllimləri və valideynlərdən əldə etmək olar: “Müşahidələrimiz göstərir ki, indiyədək həm müəllimlər, həm də valideynlər bu proqramla bağlı kifayət qədər iradlar bildirib. Heç bir əsas olmadan və ciddi elmi yükü olmayan məsələlər orta məktəbin tədris proqramına və dərsliklərə yüklənməkdədir. Halbuki, bu materiallar öz effektivliyini bir il, maksimum üç il saxlayır. Bütün bunların orta sinif şagirdlərinə öyrədilməsi əsasında nəyin dayandığı bugünkü gün üçün qaranlıqdır. Orta məktəbdə şagirdlərə bilik və bacarıqlar, vərdişlər mənimsətməliyik və bunun üçün də əsrlər boyu öz təsdiqini tapmış, yeni innovativ əsaslara söykənən mexanizmlərlə bağlı qapılar açmalıyıq ki, onlar oxuyub öyrənsinlər, dərk etsinlər. Bəzən biz gələcəyə aparmayan, zamanın keşməkeşləri içində məhv olmuş dəyərləri şagirdlərə mənimsətmək istəyirik. Düşünürəm bu, elə də effekt verməz”.

Rəhimli qeyd edir ki, şagirdlərin orta məktəblərdə yüklənməsini göstərən faktorlardan biri də kitabların və iş dəftərlərinin sayı ilə bağlıdır: “Baxmayaraq ki, əvvəllər kitabların sayı dəfələrlə az idi, şagirdlərin aldığı təhsilin keyfiyyəti indikindən qat-qat yüksək idi. Kitabları artırmaqla təhsilin keyfiyyətini artırmaq mümkün deyil. Əsas dərsliklərə salınan mövzulardır. Düşünürəm, bunun üzərində işləmək lazımdır. Hesab edirəm ki, mövzuların çoxluğu və daha çox tapşırıqların verilməsi dərs materialının mənimsənilməsi üçün əsas ola bilməz! Bu şagirdlərdə yorğunluq və dərslərə nifrət formalaşdıra bilər. Bu baxımdan, orta məktəb dərsliklərinə və tədris proqramına mütəxəssislərin iştirakı ilə baxmaq lazımdır. Gələcəyimizin daha parlaq olmasını istəyiriksə, təhsilə diqqəti artırmalıyıq”.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR