Slimfit
  1. CƏMİYYƏT

Dərmanların topdansatışı üçün lisenziya necə alınır?

Dərmanların topdansatışı üçün lisenziya necə alınır?
Sakura

Dərmanların topdansatışı üçün lisenziya necə alınır?

Femida.az dərman vasitələrinin topdansatışı fəaliyyətinə lisenziya verilməsi ilə bağlı maarifləndirici yazını təqdim edir. Lisenziya almaq üçün hara və hansı sənədlərlə müraciət etmək lazımdır?


Lisenziyanı verən dövlət orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsi sahibkara lisenziyanı təqdim edir. Eyni zamanda prosesdə "ASAN xidmət", Analitik Ekspertiza Mərkəzi və Səhiyyə Nazirliyi də iştirak edir.

Xidmətin həyata keçirilməsi müddəti 10 iş günüdür və bunun üçün 20 min manat rüsum ödənilməlidir. "Dövlət rüsumu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumunun 50 faizi ödənilir. Lisenziya üçün müraciəti "ASAN xidmət" mərkəzlərinə gəlməklə və ya elektron qaydada etmək mümkündür.

Dərman vasitələrinin topdan satışı lisenziyasını almaq üçün tələb olunan sənədlər:

- Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti
- Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir)
- İşçilərin müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surətləri (hər işçi üzrə)
- Əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiqedici sənədi
- Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
- Ərizə
- Beş il müddətində praktik əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surəti (hər işçi üzrə)
- İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi (hər işçi üzrə)



"ASAN Xidmət"ə gələrək müraciət etdikdə:

Lisenziya almaq üçün xidmət istifadəçisi "ASAN xidmət" mərkəzlərinə gələrək müvafiq ərizə formasını doldurur və ərizəyə əlavə olunan sənədləri təqdim edir. Ərizə və ona əlavə edilən sənədlər "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən qəbul edilir və qeydə alınır. İqtisadiyyat Nazirliyi fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq lisenziyanın verilməsi ilə bağlı müvafiq rəy alınması üçün Səhiyyə Nazirliyinə müraciət edir. Həmin müraciətə 7 iş günü müddətində baxılaraq cavab verilir. Səhiyyə Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə və ya rəy əsaslandırılmadıqda müsbət rəy verilmiş hesab olunur. Səhiyyə Nazirliyinin rəy verməsi üçün müəyyən olunan müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla bağlı sualları izah etmək üçün "İnzibati icraat haqqında" Qanunun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya mütəxəssis cəlb edə bilər. Ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edildikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Həmin müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.



İqtisadiyyat Nazirliyi fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı obyektin lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. "Dövlət rüsumu haqqında" Qanuna uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu halda lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi vəzifəsi barədə ərizəçiyə şifahi və ya məktub vasitəsi ilə məlumat verilir. Dövlət rüsumu İqtisadiyyat Nazirliyinin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə təqdim olunur. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd İqtisadiyyat Nazirliyinə təqdim edilmədikdə, lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir.

Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

Lisenziya verilməsindən imtina olunduğu təqdirdə İqtisadiyyat Nazirliyi lisenziya verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir.



“Lisenziyalar və icazələr” portalı vasitəsilə müraciət edildikdə:

İstifadəçi əvvəlcə “www.lisenziya.gov.az” ünvanına daxil olaraq gücləndirilmiş elektron imzası vasitəsilə “Lisenziyalar və icazələr” portalında qeydiyyatdan keçir, elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir.

Açılan ərizə pəncərəsində tələb edilən məlumatlar “Lisenziyalar və icazələr” portalı tərəfindən müvafiq informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, müvafiq sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Sistem məlumatların tamlığını yoxlayır və təsdiq etdikdən sonra məlumatlar istifadəçi tərəfindən göndərilir. Müraciət “Lisenziyalar və icazələr” portalında real vaxt rejimində qeydiyyata alınır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.



İqtisadiyyat Nazirliyi lisenziyanın verilməsi ilə bağlı müvafiq rəyin alınması üçün “Lisenziyalar və icazələr” portalı vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edir. Səhiyyə Nazirliyində həmin müraciətə 7 iş günü müddətində baxılaraq “Lisenziyalar və icazələr” portalı vasitəsilə cavab verilir. Səhiyyə Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər.

Lisenziya verilməsi üçün daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərin həqiqiliyinə və onlardakı məlumatların doğruluğuna əsaslı şübhələr yarandıqda, İqtisadiyyat Nazirliyi bu cür şübhələrin aradan qaldırılması üçün aidiyyəti orqanlara və müəssisələrə “Lisenziyalar və icazələr” portalı vasitəsilə sorğu verir. Bu müddət lisenziyanın verilməsi ilə bağlı müddətə daxildir.

Lisenziyanın verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt 10 (on) iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası təsdiq edilərək “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə göndərilir. Həmçinin bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.

Lisenziyanın verilməsi barədə qərar qəbul edildikdə, müvafiq dövlət rüsumunun ödənilməsi barədə “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.



İstifadəçi tələb olunan dövlət rüsumunu onun elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilmiş bildirişdə göstərilən qaydada ödəyir. Lisenziyanın verilməsi üçün tələb olunan dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr” portalı vasitəsilə təsdiq olunur və istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində məlumat ötürülür.

Dövlət rüsumunun ödənilməsi təsdiq olunduqda, lisenziya İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir. Bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir. Həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar real vaxt rejimində lisenziyaların və icazələrin vahid reyestrinə daxil edilir.

Elektron müraciət etməkdə çətinlik çəkən istifadəçilərə müvafiq “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən zəruri köməklik, habelə məsləhət xidmətləri göstərilir.

İstifadəçilər lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan yuxarı inzibati orqana inzibati qaydada şikayət verə bilər. İstifadəçilər inzibati qaydada verdiyi şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verə bilər. İstifadəçi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.

Hazırladı: Amin Nəzərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR