Deputatlar universitetlərə etiraz etdilər - “Təhsil haqları yarıyadək endirilsin!”
Yüksək intellektə, biliyə və bacarığa malik olan şəxslərə ödənişsiz təhsil üçün daha çox imkanlar yaradılmalıdır
Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar ki, hər tədris ilində qarşılaşırıq. Bu dəfə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı məsələni yenidən gündəmə gətirib. Dekan özünün sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb:
“İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!”.
Dekanın bu paylaşımından sonra ictimaiyyət, media nümayəndələri təhsil haqlarının əsaslı dərəcədə azaldılması haqqında təkliflər səsləndirdilər. Əksəriyyət isə təhsil kreditlərinin verilməsini, yaxud heç olmasa dövlət tamamilə ödənişsiz təhsilə keçilməsinin tərəfdarıdır.
Milli Məclisin üzvləri də məsələyə biganə qalmadılar. Deputat Fazil Mustafa özünün sosial şəbəkə hesabında gündəmdə olan məsələ ilə əlaqədar bunları qeyd edib:
““Təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırılır. Tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva modern.az-a açıqlamasında diqqətə çatdırıb ki, bu il də həmişə olduğu kimi, təhsil haqqını ödəyə bilmədiyindən təhsildən imtina edən abituriyentlər, tələbələr oldu:
“Amma tələbələr ixtisas seçimi, kodlaşdırma zamanı ödənişli ixtisası da qeyd edirlərsə, bilirlər ki, ödənişliyə düşmə ehtimalları var. Əgər tələbənin, ailələrin maddi imkanı aşağıdırsa, gərək ödənişli ixtisasları seçimdə qeyd etməsinlər. Təbii ki, hər bir abituriyentin arzusudur, ali məktəbə daxil olsun, təhsilini bitirsin, magistratura oxusun. Amma ailə büdcəsi imkan verməyən tələbələri də düşünmək lazımdır. Ona görə, təhsil kreditləri haqqında qanun layihəsinin işlənməsi üçün dəfələrlə təkliflər səsləndirilib. Hələ ki qanun layihəsi ortada yoxdur”.
Kamilə Əliyeva hesab edir ki, dövlət universitetlərində təhsilin tamamilə ödənişsiz olması mövcud reallığa uyğun deyil:
“Buna baxmayaraq, yaxşı olar ki, ödənişin məbləği azaldılsın. Çünki həqiqətən, ali məktəblərdəki ixtisasların ödənişləri yüksəkdir. Xüsusilə, bir ailədə bir neçə uşaq böyüyürsə, onların təhsil xərclərinin qarşılanması çətin olur. Ailələr ödənişliyə düşən övladının təhsil xərcini qarşılamaq üçün kreditlər götürür. Bəzi hallarda krediti ödəyə bilmirlər, gənclər təhsildən imtina etməli olur və s. Mənə elə gəlir ki, ən real yol, bu məsələyə yenidən baxılması, təhsil haqqının miqdarının yarıya qədər endirilməsidir. Təhsil kreditləri haqqında qanunun qəbulu isə tələbələrin çətinliyini aradan aldırmaq üçün ən ideal variantdir”.
Deputat Asim Mollazadə isə düşünür ki, təhsil haqları problem bir neçə istiqamətdə addımlar atmaqla həll olunmalıdır:
A.Mollazadə hesab edir ki, bu sahədə addımların genişləndirilməsi üçün beynəlxalq təcrübə də istifadə oluna bilər:
“Ali təhsil almaq istəyən, maddi imkanları zəif olan tələbələr üçün faizsiz, uzun müddətli bank kreditləri verilməlidir ki, onlar bunun hesabına təhsilini davam etdirsinlər. Bu təhsil kreditinin ödənilməsi isə məzunun peşə əldə etməsi, işlə təmin olunmasından sonra başlaya bilər. Belə təcrübə bir çox ölkələrdə istifadə olunub, təsdiqini tapıb. Azərbaycan da təhsil haqqını ödəyə bilməyən ailələr üçün bu addımları ata bilər”.
Elm və Təhsil Komitəsinin digər üzvü Sona Əliyeva isə ölkə başçısının sərəncamına əsasən, ali təhsil müəssisələrində gələn tədris ilindən dövlət sifarişli yerlərin 50 faizə qədər artırılacağını xatırladıb:
“Dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olanlar və hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir. Hazırda Azərbaycanda mərhələli şəkildə ali və orta ixtisas təhsili almaq istəyən gənclərə şərait yaradılır ki, onlar dövlət sifarişi ilə oxusunlar. Təhsil haqqının tamamilə ləğv olunması yaxın gələcəkdə gündəmdə deyil”.
S.Əliyeva hesab edir ki, təhsil kreditlərinin verilməsi ilə bağlı yaxşı bir sistem qurulsa, “Maarifçi” Tələbə Kredit Fondunun işi yüksək səviyyədə təşkil edilsə, maddi imkanı aşağı olan istedadlı tələbələrə daha çox şərait yaradıla bilər:
“Azərbaycanda təhsil müdafiədən sonra büdcədən ən çox vəsait ayrılan sahədir. Bu baxımdan Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Aparılan işlər də göstərir ki, həqiqətən, dövlət təhsilin əlçatanlığı, keyfiyyətliliyini təmin etməyə çalışır. Amma dünya universitetləri ilə, özəl təhsil müəssisələri ilə müqayisə etdikdə görürük ki, ölkəmizdəki özəl ali təhsil müəssisələri hələ də o səviyyəyə gəlib çatmayıblar. Ona görə, ali məktəblərimizdə təhsil haqqarının azaldılması ilə razıyam. Təhsil haqlarının orta aylıq əməkhaqqı ilə düz mütənasiblik təşkil etməsi daha məqsədəuyğun olardı. Bəzi universitetlərin təhsil haqqı orta əmək haqqından 9-10 dəfə yüksəkdir. Bu isə təhsilin əlçatanlığını təmin etmir. Amma istedadlı, savadlı tələbələr onsuz da dövlət sifarişli təhsil alırlar. Hər kəsin diplom alıb, ali təhsilli adlandırılmasının da tərəfdarı deyiləm. Diplom şərt deyil, həmin şəxsin bilik və bacarıqlara malik olması vacibdir. Ona görə, istedadlı tələbələr üçün dövlət proqramı təsdiq ediləcək. Hesab edirəm ki, təhsil haqları həm də bir baryerdir ki, istedadlı gənclər ödənişsiz təhsil ala bilsin”.
Deputat təklif edib ki, bir hədd qoyulsun, hansı balı toplayan tələbə təhsil haqqını ödəyə bilmir, buna görə oxumaqdan imtina edirsə, müəyyən kriteriyalar nəzərə alınmaqla onun təhsil haqqını dövlət ödəsin:
“Aşağı balla ali məktəbə daxil olub, təhsil haqqını ödəyə bilməyən hər kəs üçün universitetlərin qapılarının açılmasının tərəfdarı deyiləm. Yüksək intellektə, biliyə və bacarığa malik olan şəxslərə ödənişsiz təhsil üçün daha çox imkanlar yaradılmalıdır.
Nə qədər ki, özəl sektor ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyəcək, düşünürəm ki, bu məsələ də həllini tapmayacaq. Özəl şirkətlər müəyyən müqavilə bağlayaraq, istedadlı tələbələrin təhsil haqlarını ödəməklə həm onları əmək bazarına qazandıra bilər, həm də özləri üçün yaxşı kadr yetişdirə bilərlər. Bundan həm vətəndaş, həm universitet, həm də şirkətlər qazana bilər. Yaxud təhsil müəssisələri və şirkətlər qarşılıqlı əməkdaşlıq şəklində çalışıb, istehsalat sahələrini təcrübə üçün aça bilsələr, yaxşı nəticələr əldə etmək mümkün olar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət