Slimfit
  1. CƏMİYYƏT

Deputatlar “Qaloş piri” tipli yerləri təşkil edənlərin cəzalandırılmasını istəyirlər

Deputatlar “Qaloş piri” tipli yerləri təşkil edənlərin cəzalandırılmasını istəyirlər
Sakura

Deputatlar “Qaloş piri” tipli yerləri təşkil edənlərin cəzalandırılmasını istəyirlər

Milli Məclisin deputat Tahir Kərimli və Tahir Rzayev Goranboy rayonu, Qurbanzadə kəndindəki “Qaloş piri” tipli yerləri təşkil edənlərin cəzalandırılmasını istəyirlər.

T.Kərimli “Report”a açıqlamasında deyib ki, bu cür hallar xurafatın göstəricisidir və İslam dininə ziddir: “1980-ci illərin ortalarında Ağsuda dələduzluqla bağlı məhkəmə işi vardı. Təqsirləndirilən şəxs - qadın fala baxır, guya “qurd yağı”nı aşkar edir, cadunu tapır. Məlum oldu ki, o, açarı və digər əşyaları torpağa özü atırmış, hətta müsəlman deyil, Belarusdan gəlibmiş. Azərbaycana gəlib, görüb insanlar avamdır, cadugərliklə məşğul olub. Onun barəsində həbs cəzası çıxarıldı. Məhkəmədə qadının əməlləri sübut olundu, özü də etiraf etdi. O, Kürdəmirdən olan qardaşları düşmən etmişdi, guya biri, o birinə quyu qazır, yaxşılığını istəmir... Təsəvvür edin, Ağsudan bir qadın ona qızıl-zinət əşyaları vermişdi, məhkəmə əşyaları geri qaytardı. Qadın isə öz qızıllarını qorxusundan götürmürdü. Bu cəhalət müsəlmanlar arasında hədsiz yayılıb. İslam dinində, elmdə belə şeylər yoxdur. Doğrudur, insanlar elə yerə getdikdən sonra inama görə şəfa tapa bilərlər, daxili inamla bağlıdır. Amma bu, bütpərəslikdən başqa bir şey deyil. Belə yollarla insanın şəfa tapması mümkünsüzdür”.

Deputat qeyd edib ki, bu cür hallar savadsızlıqdan irəli gəlir: “Böyük mütəfəkkirlərimizin – Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin ürəyi yara oldu... Sanki, eyni dövrdür. İnsanlar elmin arxasınca getmir, təbiət hadisələrini anlamırlar, öyrənmirlər. Qanunvericilikdə belə məsələlərlə bağlı cəzalar nəzərdə tutulub. Hesab edirəm ki, elə yerləri təşkil edənlər məsuliyyətə cəlb olunmalıdırlar. İfşa etmək lazımdır ki, millət görsün, inanıb-tapındıqları müqəddəs deyil...”.

Parlamentin üzvü Tahir Rzayev isə "Report"a açıqlamasında deyib ki, bu cür hallar savadsızlığın, geri qalmışlığın nəticəsidir: “Bu, tarixən olub. Bir çox ölkələrdə də var, ağaca, daşa və bu kimi şeylərə sitayiş edirlər. Sevindirici haldır ki, belə hallar Azərbaycanda azdır. Məsələn, Ağcabədi rayonunda bir neçə yerdə belə “pir” vardı. Deyirdilər ki, kimsə buradan keçəndə, ağaca əlini vurub. İnsanlar da həmin ağacı ziyarət edirdilər, ərzaq asırdılar. Elə yer vardı ki, uşaqları aparıb yatırdırdılar, guya şəfa tapacaq. Son zamanlar insanların dünyagörüşü genişləndiyinə görə belə yerlərə getmirlər. İnsanların şəfa tapmaq niyyəti ilə “pir”lərə üz tutmasına müsbət yanaşmıram. Belə şeydən uzaq olmalıdırlar, hansısa “pir”də yatmaqla, daşı öpməklə şəfa tapmaq olmaz”.

T.Rzayev elə yerləri təşkil edənlərin cəzalandırılmasını təklif edir: “Bəziləri bunu gəlir mənbəyi kimi istifadə edib, insanları aldadıb, pul yığırlar. Bunun qarşısı alınmalıdır ki, insanlar elə yerlərə üz tutmasınlar. Çünki, bu, sağlamlığa böyük ziyan vurur. İnsanlar ümid edirlər ki, “pir”ə getməklə sağalacaqlar, ona görə də xəstəliklərə vaxtında həkim müdaxiləsi edilmir. Elə yerlərə inamla gedirlər, ona görə də bir müddət səhhətlərində yüngüllük olur. Amma sonradan vəziyyəti ağırlaşır. Yaxın qohumum vardı, donmuşdu, dəli kimi olmuşdu. Onu yaxınlıqdakı mollaya aparıblar, deyiblər ki, əlindən öpsə, sağalacaq. Mollanın yanına getdikdən sonra vəziyyəti daha da ağırlaşdı. Atam elə şeylərə inanmazdı, dedi, bunu Gəncədə ruhi dispanserə aparmaq lazımdır. Xəstəxanada müalicə olundu, sağaldı. Onu 2 ay molla söhbətinə görə pis vəziyyətə saldılar. Belə şeylər yolverilməzdir. İnsanlarla iş aparmaq, maarifləndirmək lazımdır. İzah etmək lazımdır ki, belə şeylərə inanmasınlar, yalandır. Həmin yerləri təşkil edənlərə qarşı inzibati cəza tədbirləri görmək lazımdır”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində "Qaloş piri" adı ilə videogörüntü yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR