Deputatlar imtahan prosesini izlədilər
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində ictimaiyyət nümayəndələrinin - millət vəkillərinin, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidə etmək üçün ənənəvi mediatur keçirilib.
"Qafqazinfo" xəbər verir ki, imtahan otaqlarına baxışdan əvvəl nümayəndə heyətini universitetin rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib, qonaqlara geniş məlumat verib. Rektor bildirib ki, özünün sədr olduğu Münaqişə komissiyası da fəaliyyət göstərir, imtahan nəticələrindən narazı qalan tələbələr komissiyaya müraciət edib şikayətlərini həll edə bilirlər.
“Mən özüm şəxsən imtahanları birbaşa izləmək imkanına malikəm, imtahan zallarında baş verənləri görürəm. Yazılı imtahanların nəticələrinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, bütövlükdə yoxlama prosesinə nəzarət etmək üçün həmin otaqlarda müşahidə kameraları quraşdırılıb”.
Sonra imtahan zallarına baxış keçirilib, universitet rəhbərliyi, qonaqlar KİV nümayəndələrinin iştirakı ilə imtahan prosesini müşahidə ediblər, tələbələrin
imtahanların gedişinə münasibəti ilə maraqlanıblar.
Nümayəndə heyəti AzMİU-nun Memarlıq fakültəsinin yeni binası ilə də tanış olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət