Deputatlar icra başçılarını, nazirləri, baş prokuroru “sorğuya” çəkə bilərlər
Azərbaycan Konstitusiyasına görə, ölkədə hakimiyyətin üç qolu var: icra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti.
Son illər ölkə rəhbərliyi icra və məhkəmə hakimiyyətində islahatlar aparmaqla idarəetmə sistemini daha da təkmilləşdirib.
Mövcud durum islahatlar dalğasının qanunverici hakimiyyətdən də yan keçməməsini zəruri edirdi.
Bu baxımdan, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirildi.
Martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin iclasında çıxışı zamanı deputatlar qarşısında duran vəzifələri xatırladıb.
“Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”, - deyə ölkə başçısı bildirib.
Prezident daha sonra qeyd edib:
“Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.
Problemləri üzə çıxarmaq və onun həlli üçün deputatlara qanunla səlahiyyətlər verilib. Bu səlahiyyətlər Konstitusiyanın müvafiq maddələri və “Milli Məclisin deputatının statusu haqqında” qanunla tənzimlənir.
Deputatlar öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarına sorğu verə bilər.
Deputatlar, həmçinin, Azərbaycanın Baş prokuroruna, ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Mərkəzi Bankın İdarə Heyətinə, Auditorlar Palatasına sorğu göndərə bilər.
Qanunvericiliyə görə, həmin soğru fərdi qaydada və ya Milli Məclisin iclaslarında yazılı şəkildə verilir. Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.
Bundan başqa, deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları, sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər.
Həmin orqanlar tələb olunan materialları və sənədləri dövlət sirri haqqında qanunvericiliyin tələblərini gözləməklə 10 gün müddətində deputata təqdim etməlidirlər.
Bundan əlavə, Milli Məclisdə hər il növbəti ilin büdcəsi müzakirə olunarkən nazirlər da iclaslarda iştirak edir.
Nazirlər Kabinetinin hesabatı, Hesablama Palatasının ildə iki dəfə hesabatları, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da Milli Məclisdə dinlənilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət