Deputat olmaq istəyən ən yaşlı və ən gənc namizəd
Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikası açıqlanıb.
Modern.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında “Resurs” Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev bu barədə məlumat verib. O bildirib ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir:
“Deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürüb. Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.
Mərkəz sədrinin sözlərinə görə, yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik abı-havasının mövcudluğunu göstərir:
“İslahatların nəticəsini parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında da görürük”.
Qeyd edək ki, 1938-ci il təvəllüdlü deputatlığa namizədlərdən biri Milli Məclisin deputatı Fəttah Heydərovdur. Deputatlığa ən gənc namizədlərdən biri isə 10 dekabr 2001-ci il təvəllüdlü Həbibli Elməddin Fəxrəddin oğludur. 18 yaşı yenicə tamam olan Elməddin Həbiblinin natamam ali təhsilə və politoloq ixtisasına sahib olduğu bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət