Slimfit
  1. AZƏRBAYCAN

Deputat həlak olan hərbçilərin ailələrinə 2 ay gözləməyi məsləhət görüb

Deputat həlak olan hərbçilərin ailələrinə 2 ay gözləməyi məsləhət görüb
Sakura

Deputat həlak olan hərbçilərin ailələrinə 2 ay gözləməyi məsləhət görüb

Noyabrın 15-də döyüşlərdə həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri yenidən Milli Məclisin önündə toplaşıblar.

Azadlıq radiosunun məlumatına görə, onlar yenə bir sıra şüarlar səsləndirərək həlak olan yaxınlarına görə birdəfəlik müavinəti ala bilmədiklərindən şikayətləniblər.

"Zəng edib, xəbər veririk, gəlmirlər, çəkmirlər, qorxurlar. Amma bu məsələ həllini tapsın, gecə-gündüz tərif deyəcəklər. Bax, həmin günü gözləyirəm" deyə ana öz narazılığını ifadə edib.

Bir müddət sonra onların qarşısına deputat Aqil Abbas çıxıb. A.Abbas vurğulayıb ki, bu məsələ ona bəllidir və o da bunun yoluna qoyulmasını istəyir.

Şikayətçilərin biri deputata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmurlarından narazılıq edib.

"Biri deyir ki, dünyada heç bir dövlət belə müavinət vermir, bunu ancaq Azərbaycan verir. Belə davranışları ilə minnət qoyaraq, adamlarda qıcıq yaradırlar. Bu belə deyil, bütün dünya dövlətləri bunu edir. Hətta mən bildiyim qədər, ABŞ-da bu vəsaitin məbləği 250 min dollardır" - deyə, şikayətçilərdən biri söyləyib.

Deputat A.Abbas isə şikayətçilərə deyib ki, prezidentin bu məsələni həll edəcəyinə inanır:

O, şikayətçilərə daha 2 ay gözləməyi məsləhət bilib:

"21 il dözmüsünüz, bir 2 ayda dözün. Hökumət də çalışır ki, bunu həll etsin, amma əvvəlcə hərbçilər bu müavinətləri alacaqlar. Bundan sonra isə döyüşlərdə həlak olmuş könüllülər və polis işçilərinə də bu müavinətlər veriləcək...".

Bu insanlar bundan öncə də bir neçə dəfə həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

Sonuncu dəfə isə onları noyabrın 13-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəbul edib. Ancaq bu qəbuldan şikayətçilər razı qalmayıb.

Nazir də sonra jurnalistlərə deyib ki, müavinətdən ötrü müraciət edənlərin sənədləri düzgün olmalıdır.

"Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır... Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil" - deyə, o vurğulayıb.

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb. Həmin ailə təmsilçiləri deyiblər ki, müraciət edəndə onların bu müavinəti artıq aldıqları bildirilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: "1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə "Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında" Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...".

Bu günlərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin açıqlamasından bəlli olub ki, hələlik, yalnız 100-dən çox ailənin sənədləri qaydasındadır.

"Onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub", nazir bildirib.

Fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək.

 

Mənbə: Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR