Deputat: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması bundan sonra da birinci dərəcəli vəzifə kimi…
Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsini nəzərdə tutuan son sərəncamları Azərbaycan xalqına sonsuz məhəbbətdən, diqqət və qayğıdan qaynaqlanır. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, həmin sərəncamlar eyni zamanda Prezident İlham Əliyevin bir ölkə rəhbəri kimi öz vəzifəsini, verdiyi vədləri qiymətləndirməsindən irəli gəlir:
"Əlbəttə, bu sərəncamlar davamlı xarakter daşıyır və dövlət başçısının da qeyd etdiyi kimi, bundan sonra da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması birinci dərəcəli vəzifə kimi diqqət mərkəzində olacaq. Çünki ölkənin iqtisadi durumu, sahibkarlığın inkişafı, genişlənən beynəlxalq iqtisadi əlaqələr, investisiya layihələrinin artımı, büdcəyə əlavə vəsaitin cəlb olunması, yeni iş yerlərinin yaradılması buna imkan verir".
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" sərəncamı bu həssas təbəqədən olan insanlara qayğının daha bir göstəricisidir:
"Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzalanmış bu sərəncamlar sözsüz ki, vətəndaşların ölkə rəhbərinə olan inamını daha da artırır və xalq-iqtidar birliyini gücləndirir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət