Slimfit
  1. AZƏRBAYCAN

Dəbdəbəli toylar qadağan edilsə...

Dəbdəbəli toylar qadağan edilsə...
Sakura

Dəbdəbəli toylar qadağan edilsə...

İqtisadçı ekspert və iş adamı vəziyyətdən çıxış yolu haqda danışdılar

Ötən həftə Naxçıvanda dəbdəbəli toylara qadağa qoyulacağı barədə təsdiqlənməmiş məlumat yayıldı. Məlumata görə, sentyabrın 1-dən etibarən Naxçıvandakı toylarda qonaqlara ancaq çay və şirniyyat təklif olunacaq.

Məlumatın nə qədər doğru olub-olmaması tam araşdırılmasa da, artıq bu mövzu müzakirəyə çevrilib. Əksəriyyət Naxçıvanda yas mərasimlərindəki israfçılıqla bağlı qadağadan sonra bunun toylara da tətbiq ediləcəyi xəbərini dəstəkləyib.

Məlum məsələdir ki, toylarda israfçılığa son qoyularsa, həm toy sahibləri, həm də toya dəvət almış qonaqlar ağır toy xərcindən xilas olmuş olacaq. Maraqlıdır, bəs bu cür qadağa hansı sektorlara təsir edə və ya onları sıradan çıxarda bilər? Ümumiyyətlə, orta hesabla bir toy bazarlığı üçün nə qədər qida məhsulu lazım gəlir?

İqtisadçı ekspert Natiq Cəfərli mövzunu bu cür şərh etdi: “Elə toy var ki, adambaşına 10-15 manata, eləsi də var ki, 150-200 manata başa gəlir. Yəni bu, toydan, toy sahibinin imkanlarından asılıdır. Bahalı toylarda həm ərzaq məhsullarında, həm də digər sahələrdə israfçılığa yol verilir. Ümumiyyətlə, bu sektorda bir düzən etmək çox vacibdir. Lakin elə düşünürəm ki, qadağalardan daha çox, örnəklərlə bu məsələni həll etmək daha yaxşı olardı. Məsələn, tanınmışlar, cəmiyyətin öndə gedən simaları, fikir liderləri bununla bağlı nümunə göstərməlidir. Bildiyiniz kimi, bir müddət bundan əvvəl Türkiyədə də bu cür problem yaşanırdı. Sonradan cəmiyyətin öndə gedən insanları, varlı insanlar örnək göstərməyə başladılar və cəmiyyətdə bir adət yarandı. Azərbaycanda da bu cür ənənənin yaranmasına böyük ehtiyac var. Qadağalar olarsa, bir müddət sonra bu məsələ səngiyəcək, təmtəraqlı toylar yenə dəbə minəcək. Amma bu, bir oturuşmuş qaydaya, dəbə çevrilsə, mədəniyyət formasına çevrilsə, düşünürəm ki, daha qalıcı olar və cəmiyyəti də çoxdan narahat edən məsələ həllini tapacaq.

O ki qaldı məsələnin hansı sektorlara təsir etməsi, bildiyiniz kimi, Azərbaycanda, əsasən də Bakı şəhərində şadlıq evlərinin böyük şəbəkəsi var və bu şəbəkə toy məclislərindən böyük həcimdə gəlir əldə edir. Həmin şadlıq evlərində çoxsaylı insanlar da çalışır və bunu da nəzərə almaq lazımdır. Hesablamalara görə, bu sektorda təxminən 15-20 min insan işləyir, birbaşa və dolayı pul qazanır. Müğənnilər var ki, onlar vergi ödəmir, onların şadlıq evlərindəki işləri rəsmi deyil, müqavilə bağlanılmır, amma minlərlə manat qazanırlar. Bu da nəzərə alınmalı və bu məsələ qanunlaşdırılmalıdır".

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi, kənd təsərrüfatı üzrə mütəxəssis Mürvət Həsənli də mövzu ilə bağlı danışdı: “Öncə onu qeyd edim ki, Naxçıvanda dəbdəbəli toy və nişan məclislərində qadağanın qoyulacağı xəbəri yanlışdır. Çünki mən oradan bir neçə şadlıq evinin sahibləri ilə danışdım, onlar bu məlumatı təsdiqləmədilər. Bildiyiniz kimi, Məhərrəmlik və bunun kimi digər aylarda ölkədə iqtisadi fəallıq tamamilə azalır. Bu, onunla bağlıdır ki, təxminən hələ 300 nəfərlik toyun bazarlıq payı 7-8 min manat olur. Bəy özünə toyluq kostyum, gəlin gəlinlik alır, həmçinin gözəllik salonlarına müraciət olunur, toy maşınları danışılır. Beləliklə, həqiqətən də toy biznesi ölkəmizdə rəngarənlik yaradır. İnanmıram ki, nəinki Naxçıvanda, eləcə də digər bölgələrimizdə toylarla bağlı hansısa qadağa olsun. Bununla belə, mən də toylarda israfçılığa yol verilməsinin əleyhinəyəm. Əgər həqiqətən dəbdəbəli toylara qadağa tətbiq olunarsa, daha çox kənd təsərrüfatı məhsullarının bazarlığına təsir edəcək. Şou-biznes sektoruna isə azacıq təsir edə bilər”.

Bir maraqlı məlumatı da əlavə edək ki, artıq iki ildir ki, Dağıstanda dəbdəbəli toylara qadağa qoyulması ilə bağlı maraqlı təcrübə var. Belə ki, orada toy mərasimləri xüsusi qaydalarla keçirilir. Bu qanunu pozanları isə məscidlərin xeyrinə cərimələyirlər. Məsələn, bəyin cehizi gəlinlə nişanlanandan etibarən 4800 dolları keçə bilməz. Eləcə də gəlinin cehizi mütləq şəkildə bu dəyərdən çox olmamalıdır. Hədiyyələrin dəyərinə isə xüsusi komissiya nəzarət edir. Yalnız qiymətlər bu həddi aşmadıqda nikaha razılıq verilir. Bununla bərabər, toy məclisindəki yeməklərin çeşidi 7-ni keçdikdə, digər qaydalara əməl etmədikdə toy sahibləri ərazidəki məscidə 480 dollar cərimə ödəyirlər.

Xalidə GƏRAY
Mənbə: Müsavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR