Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
Daxili İşlər Nazirliyində (DİN) geniş Kollegiya iclası keçirilib.
"Report"un xəbərinə görə, 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov geniş məruzə ilə çıxış edib.
Daha sonra məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov və digərləri görülmüş işlər, əldə olunan nəticələr, mövcud nöqsanlar və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
İclasa yekun vuran nazir Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən Daxili İşlər naziri ölkə başçısının ali etimadının şəxsi heyətin üzərinə böyük məsuliyyət qoyduğunu, bu etmadı doğrultmaq üçün ilk növbədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsini, hər bir struktur qurumda vətəndaş məmnunluğuna, insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, şəxsi heyətin peşəkarlığını artırmasını, yüksək mənəvi keyfiyyətlərə malik olmasını, bu istiqamətlərdə fəaliyyətin məqsədyönlü surətdə davam etdirilməsini tələb edib.
Ümumən, daxili işlər orqanlarının şəxsi heyətinin digər dövlət strukturları ilə sıx qarşılıqlı əlaqədə ölkədə həyata keçirilən asayişi mühafizə siyasətinin reallaşdırılmasına həmişə layiqli töhfələr verdiyini xatırladan Daxili İşlər naziri V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi bütün şəxsi heyət adından əmin edib ki, bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək, aidiyyəti qanunvericilik aktlarından irəli gələn vəzifələr, qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Əməkdaşlar və hərbi qulluqçular sabitliyin, əmin-amanlığın, dövlətin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaqlar.
Sonra Azərbaycan Polisinin 101 illik yubileyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət