David Luis “Çelsi”dən imtina edib “Arsenal”a keçir
Braziliya millisinin futbolçusu David Luis “Çelsi”ni tərk edərək “Arsenal”a keçib.
Britaniyanın “Mirror” nəşrinin iddiasına görə, Unai Emerinin PSJ-də işləyərkən futbolçusu olmuş mərkəz müdafiəçisi “Çelsi”nin əsas komandası ilə məşqlərdə çalışmaqdan imtina edib.
Üç ay əvvəl indiki klubu ilə yeni müqavilə bağlamış 32 yaşlı futbolçunun artıq “Çelsi”nin əzəli rəqibi “Arsenal”la razılıq əldə etdiyi qeyd olunub. Bu transfer üçün “Arsenal” qarşı tərəfə səkkiz milyon funt ödəyəcək.
“Bordo”ya keçmiş Loran Kosyelninin yerinə alınan D.Luis bu gün Londonda tibbi müayinədən keçdikdən sonra “Arsenal”lı olacaq. Onunla 2021-ci ilədək müqavilə bağlanacaq.
Qeyd edək ki, “Arsenal”ın müdafiənin soluna “Seltik”dən Kiran Tirnini də aldığı bildirilir. Bunun üçün Şotlandiya çempionuna 25 milyon funt ödəniləcək. 22 yaşlı futbolçu ilə beş illik müqavilə bağlanılacağı gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət