Slimfit
  1. AZƏRBAYCAN

Dağlara sığınan Bayan kəndi

Dağlara sığınan Bayan kəndi
Sakura

Dağlara sığınan Bayan kəndi

Daşkəsənin Bayan kəndi dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə, buludlardan nəm çəkən uca dağların qoynunda yerləşən ucqar kəndlərimizdəndir. Kəndin əkinəyararlı geniş torpaqları demək olar ki, yoxdur. Hazırda 2232 nəfərin yaşadığı kəndin sakinləri həyətyanı torpaqlarında əsasən maldarlıqla və arıçılıqla məşğul olurlar. Kəndin ətrafındakı meşələrin füsunkar mənzərələri hər kəsi heyran edir. Xüsusən də payızda. Bu fəsildə dağları əhatə edən meşələrdə təbiət sanki öz gözəlliyini sərgiləyir.

AZƏRTAC-ın bölgə müxbiri ölkəmizin ən səfalı yaşayış məskənlərindən olan Bayan kəndinə gedib, yerli sakinlərlə görüşüb.

Kəndlə bağlı məlumatları Daşkəsən Rayon Mədəniyyət İdarəsinin əməkdaşı, kənddəki abidələrin mühafizəçisi Elşad Cabbarovdan öyrənirəm. Elşad Cabbarov deyir ki, Bayan qədim yurd yerlərimizdəndir. Hazırda kəndin ərazisində Tunc dövrünə aid daş qutu nekropol, Almabağı qalaçası, Son tunc – İlk Dəmir dövrünə aid nekropol, VII əsrə aid Həvari kilsəsi, VII-IX əsrlərə aid Çiçirəvəng alban məbədi, XV əsrə aid məbəd, körpü, XIX əsrdə salınmış körpü, 1823-cü ildə tikilmiş monastr və 1863-cü ildə inşa edilmiş kilsə var.

Yaşayış məntəqəsinin yuxarı hissəsində təpəlik üzərində salınmış qəbiristanlıq və oradakı qəbirlər tarixin daş yadigarları kimi bu gün də qorunub saxlanılır. Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri hələ İslamdan çox-çox əvvəl ulu babalarımızın dünyagörüşü və dini inancları barədə zəngin məlumat verir.

Bu qəbiristanlıqda olarkən abidə mühafizəçisi qarşıdakı dağları göstərib onların arxasında, meşəlikdə qədim bir məbədin olduğunu deyir. Abidəni görmək istəyi bizi çətin və təhlükəli yoldan çəkindirmir. Kəndin yeni qəbiristanlığının yanından başlayan bu yol uzun, bəzən də mümkünsüz görünür. Ekzotik macəra həvəskarları üçün cəlbedici görünən yol gah sıx meşənin içərisindən, gah kol-kos basmış dolanbac cığırlardan, gah da dibigörünməz təhlükəli qayalıqların üstündən keçdiyindən adamda vahimə yaradır.

Nəhayət, bir neçə saat çətin yolçuluqdan sonra qarşımızda heyrətamiz bir mənzərə açılır. Biz sal qaya üzərində dayanıb qarşıdakı dağın yamacında salınmış və bu yurd yerinin qədim tarixindən xəbər verən bir məbədin ümumi mənzərəsini seyr edirik. Məbədə yaxınlaşırıq. Böyük bir ibadət kompleksi olan məbədin baş ibadət otağı, zəng qülləsi, yaşayış və istirahət üçün çoxlu otaqları, geniş həyəti, bir neçə hovuzu, ətrafda isə dərin quyuları, gizli yeraltı yolları var.

Ümumiyyətlə, kəndin yollarında gəzərkən tikililərin ərazinin landşaftına uyğun yarusvarı inşası, dağların ətəyində - sal qayaların üzərində salınması diqqəti çəkir. Qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən kəndin ərazisindəki bütün abidələr öz görkəmini saxlamaqla günümüzə qədər gəlib çatıb.

Həmsöhbətim deyir ki, Daşkəsən rayonu ərazisində qeydə alınmış tarix-memarlıq və mədəniyyət qoruğu yoxdur. Lakin Bayan kəndi tarix-memarlıq və mədəniyyət qoruğu elan edilə bilər. Çünki kənddə yerləşən bütün abidələr böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həmçinin turizm baxımından da cəlbedicidir.

Elşad Cabbarovun bu fikri ilə razılaşmamaq olmur. Ölkəmizin hər bir bölgəsi kimi, Bayan da öz qədim tarixi və füsunkar təbiəti ilə turistlərin marağını çəkə bilər. Məsələn, tarixi abidələrlə yanaşı, Gəncə-Daşkəsən avtomobil yolunun sıldırımlı ərazilərdən keçməsi, zirvələrdən üfüqlərə və dərələrə açılan ürəkaçan mənzərələr, dibi görünməz dərələrdən axan çaylar, bumbuz bulaqlar, şəlalələr “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus asma kanat yolu rayona gələnlərə xoş təəssüratlar bağışlaya bilər.

Onu da deyim ki, dağların üzərində salınmış kəndin ümumi mənzərəsi və bu kənddəki evlərin maraqlı quruluşu vaxtilə kinematoqrafçıların da diqqətini çəkib.

Belə ki, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan və “Mən ki, gözəl deyildim” povesti əsasında ekranlaşdırılan eyniadlı filmin demək olar ki, əksər kadrları 1968-ci ildə məhz bu kənddə çəkilib.

Böyük Vətən müharibəsinin ağrılı-acılı illərində Azərbaycanın ucqar dağ kəndlərindən birində yaşayan sadə, zəhmətkeş və fədakar insanların taleyindən bəhs edən ekran əsərinin mərkəzində uşaq ikən anasını itirən, atasını cəbhəyə yola salan gənc qız Səidənin taleyi dayanır.

Film ağ-qara lentə çəkilsə də, tamaşaçılar həm də ilk dəfə bu kinoda hansısa ucqar dağ kəndinin gözəl mənzərələrini, onun kirəmit damlı, taxta eyvanlı evlərini, dik qaldırımlı, köndələn, dolanbac küçələrini və yaxınlıqdakı filiz mədəninin fəaliyyətini görürlər.

Kənddə Ramazan Hüseynovun evində qonaq oldum. Hansı ki, bu ev 50 il bundan əvvəl çəkilən “Mən ki, gözəl deyildim” filmində əsas qəhrəman Səidəgilin evi olub. Yerli sakinlərin əksəriyyəti filmin çəkilişlərini xatırlamırlar, hətta belə filmin onların kəndlərində çəkilməsindən xəbərsiz olduqlarını deyirlər.

Filmin həm də faciəvi tarixçəsi var. Belə ki, 1967-ci ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası yeni filmin çəkilişlərinə başlayır. Filmin bir hissəsi - dəniz desantlarının təhlükəli reydi Lənkəranda çəkilməli idi. İlk çəkiliş ərəfəsində yaradıcı heyət pirotexniklərlə döyüşün təfsilatını, qamışlıqdan keçib gedəcək desant qayıqların arasında baş verəcək altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy edirlər. Həmin il iyulun 21-də ovaxtkı Port-İliç körfəzində çəkiliş qrupu xüsusi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexniklərə işarə verilir. Çəkiliş başlayır. Ssenariyə uyğun olaraq ardı-arda beş partlayış baş verir. Sonuncu, altıncı partlayışda faciə yaşanır. İnsanların ayaqları altında baş verən partlayışın ardınca ətrafa sükut çökür. Bir neçə dəqiqədən sonra sükutu bağırtı və inilti səsləri pozur. Partlayışın tüstüsü çəkilir və dəhşətli mənzərə görünür. Texniki səhv ucbatından baş vermiş güclü partlayış nəticəsində dörd nəfər – fotoqraf, iki assistent və rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi.

Bütün yaradıcı heyət faciə və üzüntü içində olsa da, o vaxtın qanun-qaydalarına görə çəkiliş planını təxirə salmaq olmazdı. Ona görə də çəkiliş qrupu üçün nə qədər ağır olsa da, iki aylıq fasilədən sonra iş yenidən başlayır.

“Mən ki, gözəl deyildim” filminin ilk çəkilişləri böyük faciə ilə başlasa da, onun sonrakı sənət taleyi uğurlu olur.

Quruluşçu rejissorları Tofiq Tağızadə və Ağarza Quliyev, baş operatoru Aleksey Polkanov olan filmdə Xuraman Qasımova, İsmayıl Osmanlı, Şahmar Ələkbərov, Eldar Əliyev, Sadıq Hüseynov, Ələddin Abbasov, Rza Əfqanlı və digərləri rol alır. Ekran əsəri tamaşaçılara təqdim edildiyi ilk gündən kinosevərlərin rəğbətini qazanır.

Lakin ev yiyəsi bütün bunlar barədə xəbərsiz idi. O, bu evi filmin çəkilişlərindən illər sonra aldığını deyir. Ancaq bu məlumatlar onun böyük marağına səbəb olur.

Ramazan Hüseynovla bir xeyli söhbət etdikdən sonra yola düşmək məqamı gəlib çatır. Artıq hava da qaralır. Maşına əyləşərək kəndin mənzərələrini seyr edə-edə yola düşürəm. Geridə isə Bayan kəndinin mənə bağışladığı zəngin təəssüratlar qalır.

Şəhərin səs-küyündən uzaq olan Bayanın sakinləri payızın öz yerini qış fəslinə verdiyi bu günlərdə kənd qayğılarını yaşayırlar. Nənələr yaydan əyirib boyadığı iplərdən nəvələri üçün minbir naxışlı, allı-güllü köynək, papaq, əlcək və corab toxuyurlar. Bəlkə də hansısa evdə bir nəvə nənəsinin ən maraqlı nağıllarından birini dinləyib, göydən üç almanın düşəcəyini gözləmədən beşiyində şirin yuxuya gedir.

Axşam düşür, səhər açılır. Sonra yenə... Beləcə min illərdir Bayan özünün nağıl kimi ömrünü yaşayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR