Slimfit
  1. CƏMİYYƏT

Çoxuşaqlı ailələr niyə sürətlə azalır?

Çoxuşaqlı ailələr niyə sürətlə azalır?
Sakura

Çoxuşaqlı ailələr niyə sürətlə azalır?

Bir dəfə rəhmətlik nənəmlə harasa gedirdik. Elə evdən çıxan məqamda birdən “boy, medalım qaldı” deyib, evə qayıtdı. Köhnə sandığından bir medal çıxardıb sinəsinə taxdı. Nənəmdən həmin medalın nə olduğu soruşanda gülərək “bu medalı mənə sənin xalalarının və dayılarının çox olmasına görə veriblər, bu, “qəhrəman ana” medalıdır” dedi. Təbii ki, o vaxt uşaq olduğum üçün bu sözün nə mənaya gəldiyini və nənəmin gülərək etdiyi zarafatı anlamamışdım. Bəli, bu yazını oxuyanlar arasında gənclərin də olacağını nəzərə alaraq ilk olaraq “qəhrəman ana” ifadəsi ilə bağlı məlumat verək.

Qəhrəman analar

“Qəhrəman ana” — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad idi. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar “Qəhrəman ana”, “Şöhrət”, “Analıq şöhrəti”, “Analıq şərəfi” ordenləri, “Arxa cəbhədə fədakar əməyə görə”, “Rəşadətli əməyə görə” kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən “Qəhrəman ana” ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var.

Statistika nə deyir?

Statistikaya əsasən, son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb. Trend-in məlumatına görə, 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub. 2010-cu ildə belə uşaqların sayı 702, 2011-ci ildə 643 olub. Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da aşağıdır. 2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub.

Statistikadan göründüyü kimi son dövrlər çoxuşaqlı ailələrin sayı azalıb. Təbii ki, bu azalmaya səbəb olan müəyyən faktorlar var. Əvvəlki zamanlarda 5 və daha çox uşağın olması normal qarşılanırdı. Valideynlər gələcəkdə bir-birinə arxa, dayaq olar deyə, uşaqların sayının çox olmağına üstünlük verirdilər. Hətta, buna görə həmin ailələrə müəyyən güzəştlər edilirdi, təltiflər verilirdi.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib. Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.

Maraqlıdır, indiki dövrdə dəyişən nədir? Nəyə görə ailələr 2, maksimum 3 uşaqla kifayətlənir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovaisə Trend-ə bildirib ki, Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da, ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir: “Bu məsələ ilə əlaqədar olaraq qeyd etmək lazımdır ki, bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələrə uşaqlara onların ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur. Uşaqlar məktəbəqədər yaşdadırsa, onları qida məhsulları, geyim və oyuncaqlarla təmin edirlər. Məktəb yaşlı uşaqlar üçün isə məktəb ləvazimatları, paltarlar verilir. Onların təhsil haqqı ödənilir, məktəbdə pulsuz yeməklə təmin edirlər. Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür. İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Finlandiyada isə çoxuşaqlı ailələrə, tək valideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir”.

Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazların yaşa görə fərqli olduğunu deyən A.Veysəlova əlavə edib ki, Rusiyada çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir: “Göstərilən bu nümunələrdən də aydın olur ki, çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilsə də, ümumi məqsəd eynidir. Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri-monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi – bütün bunlar bütövlükdə Azərbaycanın inkişafı deməkdir”.

Uşaqların sayı büdcəyə uyğunlaşdırılır

Psixoloq Orxan Oruc deyir ki, çoxuşaqlı ailələrin sayının azalmasının bir neçə səbəbi var: “İlk növbədə yaxın keçmişə baxsaq görərik ki, çoxuşaqlı ailələr şəhər əhalisinə nisbətən, bölgələrdə daha çox olub. Müasir dövrdə sürətlə şəhərləşmənin inkişafı çoxuşaqlı ailələrin azalmasının əsas səbəblərindən biri ola bilər. Çünki müasir dövrdə şəhər mühitində uşaq böyütmək valideynlər üçün yalnız qida və geyim qayğılarından ibarət olmur. Kənar xərclərin, əyləncənin təşkili üçün uşağa xərclənən məbləğ ailədəki uşaqların sayının büdcə potensialına uyğunlaşmasını tələb edir”.

O.Oruc bildirir ki, keçmişdə bölgələrdə yaşayan ailələr daha çox kənd təsərrüfatı ilə məşğul olduqları üçün ilk növbədə doğulan hər bir uşağa köməkçi işçi qüvvəsi kimi yanaşılırdı: “Eyni zamanda, bölgələrdə uşaqların geyim, əyləncə, təhsil xərcləri xüsusi qayğı tələb etmirdi. Bir geyimi bəzən 4-5 uşaq bir-birinə ötürərək istifadə edirdi. Onların müasir şəhər uşaqlarından fərqli olaraq yeməklə bağlı xüsusi tələbləri, cürbəcür rəngli və müxtəlif funksiyalı oyuncaqlara ehtiyac olmurdu. Hər şey təbii və qaneedici idi. Uşaqlar kollektiv oyunlarla öz əyləncələrini təşkil edirdilər. Əmək prosesinin içərisində oynaya-oynaya böyüyürdülər. Bəzən valideynlər heç uşaqların tərbiyəsi üçün də xüsusi vaxt ayırmırdılar. Ailələr və uşaqlar daha sosial mühitdə, birgə əmək şəraitində olduqları üçün mühit özü hər kəsi tərbiyələndirirdi. Ancaq müasir dövrdə hətta regionlarda belə şəhərləşmənin və şəhər dəyərlərinin artması ailələrin öz uşaqları ilə bağlı qayğılarını da çoxaltmış olur. Bu isə sözsüz ki, ilk növbədə ailələrin uşaq planlamasında onların sayının azalmasına gətirib çıxarır”.

Xanımların karyera qurmaq, təhsilini davam etdirmək istəyi

Psixoloq Nərgiz Süleymanlı qeyd edir ki, indiki valideynlər yalnız bu günü deyil, gələcəyi də düşünürlər: “Təbii ki, burada ən əsas səbəb ailələrin iqtisadi vəziyyətidir. İlk uşaqda müəyyən  maddi çətinliklər yaşayan valideynlər növbəti uşaq da bir az tərəddüd edirlər. Digər bir səbəb isə, valideynlərin 2-ci uşağa psixoloji hazır olmamaqlarıdır. Həmçinin, son dövrlər xanımların karyera qurmaq, təhsilini davam etdirmək istəyi də buna mane olur. Çünki əksər xanımlarımız evlənmək, övlad sahibi olmaq istəmirlər. Övladı olanlar da ilk uşaqdan sonra yenidən iş həyatına qayıtmağı düşündükləri üçün bir uşaqla kifayətlənirlər. Hətta, 2-ci uşaqla razılaşsalar belə, 3-cünü qətiyyən düşünmürlər. Başqa bir psixoloji məqam isə qadınların doğum sancısına, ümumiyyətlə, hamiləlik dövrünə olan qorxuları ilə bağlıdır”.

Psixoloq məsələnin mənfi və müsbət cəhətlərində də söz açdı: “Çox uşaqlı ailələrdə mehribanlıq və bağlılıq daha çox olur. Valideynlər dünyasını dəyişdikdən sonra bacı-qardaşlar bir-birinə dayaq olur. Problemlərin həllində kömək edilər. Amma təkuşaqlı ailələrdə bu imkan olmur. Həm də tək uşaqlar ərköyün və eqoist böyüyürlər. Eqoist fərdin də cəmiyyətə uyğunlaşması çətin olur. Təbii ki, hər iki halda ailənin tərbiyə üsulundan da çox şey asılıdır”.

Çox uşağı olan heç vaxt uduzmaz

Sosioloq, “Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı çoxuşaqlı ailələrin tərəfdarı olduğunu, amma dövrün şərtlərinin buna icazə vermədiyini deyir: “Bəzi valideynləri iş həyatı o qədər yorur ki, onlar çox uşağa ayıracaq vaxt tapmırlar. Düşünün, biri var işdən qalan zamanı 2 uşaq arasında bölüb, onunla vaxt keçirəsən, biri də var 5 uşaqla. Əlbəttə, indiki dövrdə bu, çətin məsələdir. Belə deyək də, “uşağımızı bir növ işimizə satırıq”. Mən çoxuşaqlı ailə olmağı ölkəmizin demoqrafik səviyyəsi baxımından yüksək qiymətləndirirəm. Çox uşağı olan heç vaxt uduzmaz. Amma təəssüf ki, dövrün bizə yaratdığı şərait buna imkan vermir. Əksər hallarda valideynlər iqtisadi vəziyyəti bəhanə edirlər. Çünki statistikaya nəzər salsaq görərik ki, elə aztəminatlı ailələrin 4-5 uşağı var. Onların iqtisadi vəziyyəti yaxşı olmasa da, çoxuşaqlılığın tərəfdarıdırlar. Deməli, burada psixoloji və sosial məqamlar da böyük rol oynayır. Belə ki, valideynlər psixoloji baxımdan özlərini hazır hiss etmirlər. Düşünürlər ki, 2-ci və ya 3-cü uşaq olarsa, onlara vaxt ayıra bilməyəcəklər. Üstəlik, hər ikisi də iş adamı olan valideynlər üçün bu, çox çətin gəlir. Ona görə çox zaman tək övladla kifayətlənirlər. Digər tərəfdən, cavan valideynlər qorxurlar, qadınlar karyeralarını qurmaq, işlərində yüksəlmək istəyirlər, onlar uşaq böyütməyin çətinliklərinə qatlanmaq, körpəyə baxmaq üçün evdə oturmaq istəmirlər. Bəzən də doğuşa hazır olmurlar, ilk doğuş ağır keçir, ana qorxub stress keçirir və bir daha dünyaya uşaq gətirmək istəmir”.

 

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR