Slimfit
  1. PSİXOLOGİYA

Çox sual verən, yoxsa verməyən uşağa görə narahat olmalıyıq?

Çox sual verən, yoxsa verməyən uşağa görə narahat olmalıyıq?
Sakura

Çox sual verən, yoxsa verməyən uşağa görə narahat olmalıyıq?

– Bəsdir də, bezmədin sual verməkdən? Bir tərəfdən isti, digər tərəfdən sənin sualların lap əsəblərimi korladı. Uşaq da bu qədər danışar?

– Ay ana, axı mən nə etdim? Niyə hamının içində üstümə qışqırırsan?..

 

İctimai nəqliyyatda qulaq müsafiri olduğum bu dialoq həqiqətən məni çox sarsıtmışdı. Bir ananın hər kəsin yanında övladını bu cür aşağılaması şəxsən mənim düşüncəmə görə qəti düzgün hərəkət deyil. İlk olaraq özümüzü həmin uşağın yerinə qoyaq. Fərq etməz, istər ictimai nəqliyyatda, istərsə də insanların çox olduğu başqa məkanda kimsə bizə qarşı belə hərəkət etsə, bunu birmənalı qarşılamayıb, dərhal sərt şəkildə reaksiya verərik.

Uşaqdır deyə onlarla istədiyimiz kimi davrana bilmərik. Unutmamalıyıq ki, indinin uşaqları gələcəyimizdir. Bu gün uşaqlarla necə davranarsaq, necə böyütsək, sabah da onlar bizə və cəmiyyətə qarşı elə olar. Hazırkı dövrü nəzərə alarsaq, sözün həqiqi mənasında gələcək üçün həm psixoloji, həm də sosial baxımdan sağlam uşaq yetişdirmək olduqca çətindir. Bu gün hər valideyn bu işi layiqincə yerinə yetirə bilmir. Bəzi valideynlər düşünür ki, uşağı maddi cəhətdən təmin etməklə iş bitir. Ancaq anlamırlar ki, mənəvi baxımdan övlada qayğı göstərmək daha üstündür. O qədər maddi baxımdan heç bir əskiklik yaşamayıb, amma valideyn sevgisinə həsrət qalan uşaq var ki, həmin uşaqlar bir ömür daxilən çatışmazlıq yaşayır. Bu çatışmazlığı hansısa bir sözlə və ya cümlə ilə ifadə etmək çətindir. Müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, var-dövlət içində böyüyən, amma sevgi görməyən uşaqlar, kasıb ailədə olan, lakin sevgi ilə böyüyən uşaqlardan fərqli olaraq daim özgüvənsizlik hissi yaşayır. Uşağın gələcəkdə özünə inamlı olması, həyatın hər sınağından rahatca çıxa bilməsi üçün bu günündə valideynlə qurulan əlaqəsi çox böyük rol oynayır.

Əgər hər fürsətdə uşağı hamının içində pərt etsək, üstünə qışqırsaq, onu nədəsə günahlandırsaq, çox və mənasız danışdığını, ondan bezdiyimizi desək, bu zaman mənəvi baxımdan tam güclü bir insan yetişdirə bilmərik. Buna görə müəyyən yaş dövrlərində uşaqlarla qurulan münasibətə, hərəkətlərimizə, sözlərimizə xüsusi fikir verməliyik. Amma çox təəssüflər olsun ki, bəzi valideynlər bu kimi nüanslara önəm vermədən övladları ilə düzgün davranış şəkli sərgiləmir. Bunun gələcəkdə nə ilə nəticələnəcəyini düşünmür. Ona görə valideynlərin bu kimi hərəkətlərinin gələcəkdə nə ilə nəticələnəcəyi barədə mütəxəssislərin də fikirlərini öyrənək.

Psixoloq Nərgiz Süleymanlı müəyyən yaş aralığındakı uşaqların çox danışmağının, sual verməyinin normal hal olduğunu, əksi baş verdiyi təqdirdə, uşağa görə narahat olmaq gərəkdiyini deyir: “Uşaqlar ətraf aləmi yeni kəşf etməyə başladığı dövrdə hər şeylə maraqlanır, sual verib öyrənməyə çalışırlar. Bu da çox normal haldır. Bir uşaq düşünürsə və nələrisə beynində analiz edib onun haqqında sual verirsə, bu həmin uşağın zəkasının inkişaf dərəcəsini göstərir. Çox sual verən uşaq öyrənməyə maraqlı olan uşaqdır. Yəni bu onun göstəricisidir ki, getdikcə uşağın maraq dairəsi genişlənir. O, özlüyündə dünyanı kəşf edir. Bizim üçün adi olanlar onun üçün çox maraqlıdır. Axı, onlar hələ yeni-yeni öyrənir. Sual verəcəyi tək şəxs də onun ən yaxını – valideynləri və ya himayədarlarıdır. Bu hallarda əgər valideyn uşağı yola verirsə, onun suallarından bezdiyini deyirsə, tərs cavablar verirsə, bu zaman uşaqda öyrənməyə, sual verməyə qarşı bir mənfi fikir yaranır. Xüsusilə də hər kəsin yanında uşağa tərs, kobud cavab vermək onun psixologiyasına mənfi təsir edir. Həmin an o, özünü alçalmış, pərt olmuş sayır. Bəzən valideynlər deyir ki, “əşi, uşaq nə bilir pərt olmaq nədir?”. Amma bu fikrin özü yanlışdır. Onlar uşaq da olsalar, emosional hisləri böyüklərinkindən daha çox inkişaf edir və onlarda həssaslıq çox olur”.

Psixoloq deyir ki, valideynlərin bu davranışı uşaqların özgüvənini zədələyir: “Sual verən zaman valideynlərindən tərs cavab alan uşaqlar məktəb vaxtı da müəllimə sual verməyə çəkinir. Bir növ kompleks, özünə qapalılıq yaranır. Həmçinin gələcəkdə özgüvən yetərsizliyi problemi çıxır ortaya, öyrənməyə meyilli olmur. Əslində biz çox sual verməyən, danışmayan uşaqlara görə narahat olmalıyıq. Biz onları danışdırmalı, müəyyən suallar verib fikrini öyrənməliyik. Uşaqla fərd kimi davranmaq lazımdı. O, fikirlərinin, suallarının önəmli olduğunu görməlidir. Uşağı qazanmaq üçün onunla danışmaq, münasibət qurmaq vacibdir, əks təqdirdə biz onu mənən itirə bilərik”.

Sosioloq Cavid İmamoğlu deyir ki, uşaqlar istənilən situasiyada özlərini güvəndə hiss etməlidirlər və çəkinmədən valideynlərindən istədiklərini soruşmalıdırlar: “Uşağın psixoloji, sosioloji baxımdan formalaşdığı bir dövr var ki, həmin dövrdə valideyn övladının ən böyük dəstəkçisi olmalıdır. Bu yaşlarda olan uşaqları mənən sındırmaq olmaz. Uşağın mənəvi keyfiyyətlərinin formalaşdığı yaşlarda uşaqlarla böyük şəxsiyyət kimi davranmaq lazımdı. Ola bilər ki, uşaqlar həddən artıq sual verərlər, çox danışarlar. Bu halda valideynlər təmkinli olmalı, adekvat münasibət bildirməlidirlər. Çalışmalıdırlar ki, övladlarına emosional zədə vurmasınlar. Əksinə, valideynlər uşaqların intellektual keyfiyyətlərinin formalaşmağına kömək etməlidirlər. Uşaqlar nəyisə soruşmasa belə, onlara məlumat verməli, ətraf aləm haqqında bilgiləndirməlidirlər. Heç kim valideynlərə elə bir ixtiyar verməyib ki, uşaqları kiminsə yanında aşağılayıb, təhqir etsinlər. Bu qəti yolverilməzdir”.

 Günel Azadə

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR